2017-01-12 00:52:59   |   519 dəfə oxunub

Ən müasir silahlar ölkəmizə gətirilib

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında hərbi sahə ilə bağlı çox önəmli mesajlar verdi



"Aprel döyüşləri şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirib”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Prezident qeyd edib ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olub:

"Çünki qarşı tərəf, Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildiriblər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət ediblər. Baxmayaraq ki, KTMT-nin bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Quruma bu vaxta qədər rəhbərlik etmiş şəxslər böyük siyasi səhv buraxaraq, ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə ediblər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik”.

"Biz bütün təxribatlara layiqli cavab verəcəyik”

Prezident İlham Əliyev bildirib iki, aprel döyüşləri bir daha Azərbaycan dövlətinin gücünü göstərdi və sübut etdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq: "Bütün təxribatlara layiqli cavab verəcəyik. İllər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik. Həmişə olduğu kimi konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. İstəyimiz isə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır.

Budur məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım oldu”.

"Ən müasir silahlar ölkəmizə gətirilib”

Dövlət başçısı bəyan edib ki, Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək: "Büdcədən hərbiyə kifayət qədər vəsait ayrılıb. Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Bu, belə də olmalıdır. Ölkə müharibə şəraitindədir. Bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz ordumuzu ən müasir silah-sursat, texnika ilə təmin edirik. Keçən il çox önəmli addımlar atılıb. Ən müasir silahlar ölkəmizə gətirilib və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından dünya miqyasında güclü ordular sırasındadır. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək”.

"Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları içərisində yer tutur”

Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Elman Məmmədov deyib ki, ölkə başçısı hər zaman Azərbaycanın müdafiə qüdrətinin və təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması üçün ən vacib tədbirləri görür və lazımi tapşırıqlarını verir: "Azərbaycan Prezidenti bildirdi ki, 2017-ci ildə hərbi potensialımızın gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək. Bu, çox mühüm amildir. Çünki dövlətimizin mövcudluğu və müstəqilliyimizin qorunub saxlanması üçün bizim hərbi qüdrətimiz lazımi səviyyədə olmalıdır. Müharibə şəraitində dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi, eyni zamanda torpaqlarımızın işğaldan azad olunması üçün ordumuzu ən yüksək səviyyədə saxlamalıyıq. Hərbi qüdrətimiz daha da inkişaf etməlidir. Azərbaycan ordusu daha da güclənməli, dünyada mövcud olan ən müasir silahlarla silahlanmalıdır. Əsgərlərimiz özünün fiziki, siyasi, hərbi hazırlığına görə ən yüksək səviyyədə durmalıdır. Çox vacib məsələdir. Bu baxımdan Azərbaycan rəhbəri hər zaman olduğu kimi bunu diqqətdə saxlayır və ordumuzun güclənməsi üçün tapşırıqlarını verir”. Millət vəkili bildirib ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları içərisində yer tutur: "Hər bir azərbaycanlı bununla fəxr etməlidir. Bunu sadəcə biz demirik, beynəlxalq hesabatlarda öz əksini tapır. Ordumuz üzərinə düşən ağır vəzifəni şərəflə yerinə yetirmək üçün güclənir. Bu işlər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilir”.

"Azərbaycan ordusunun imkanları düşməndən qat-qat üstündür”

Hərbi ekspert Üzeyir Cəfərov da bəyan edib ki, düşmən Azərbaycanın onlardan dəfələrlə güclü hərbi potensiala malik olduğunu yaxşı bilir: "Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında hərbi sahə ilə bağlı çox önəmli məsələlərdən danışdı. Cənab Prezidentin 2017-ci ildə hərbi potensialımızın gücləndirilməsi üçün əlavə tədbirlər görüləcəyini deməsi düşmənlərimizi daha da qorxuya salıb. Azərbaycanın haqlı mövqeyi və aldığı güclü silah-sursat işğalçını nəhayət ki, səhvlərini anlamağa məcbur edəcək. Ali Baş Komandanın çıxışında ən diqqət çəkən məqamlardan biri ordumuzun yüksək dəqiqliyə, dağıdıcı gücə malik ən müasir silahlarla təchiz olunması və lazım olan vaxtda istifadə ediləcəyi ilə bağlı idi. Düşmən artıq başa düşür ki, Azərbaycan ordusunun imkanları hər mənada onlardan qat-qat üstündür və bu üstünlük yüksələn xətlə davam edir. Biz sadəcə beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətinin nəticəsini gözləyirik. İnanıram ki, 2017-ci ildə bu məsələdə köklü dəyişikliklər olacaq”.

İsmayıl






SON XƏBƏRLƏR

2017-10-19