2017-01-12 01:02:52   |   241 dəfə oxunub

Əsgərimizin meyiti qaytarılmalıdır, başqa yol yoxdur


Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyitini dərhal vətəninə qaytarmağa çağırıb.

Qeyd edək ki, dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə düşməni təqib edərkən şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin geri alınması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər davam etdirilir.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın bu qeyri-humanist fəaliyyətini dayandırması, Cenevrə Konvensiyalarının tələblərinə əməl olunması və həlak olmuş Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün bir daha zəruri tədbirlər görməyə çağırıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi də öz növbəsində Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün tərəflərlə danışıqların davam etdirildiyinə dair açıqlama verib. Amma Ermənistan mənasız inadkarlıqla şəhidimizin nəşini verməməkdə israr edir.

Politoloq Zərdüşt Əlizadə isə Sherg.az-a açıqlamasında deyib ki, bütün dünya siyasəti ikili standartlar üzərində qurulduğundan Minsk Qrupundan da konkret mövqe gözləməməliyik.

Minsk Qrupunun bəyanat verməkdən başqa heç bir imkanı olmadığını vurğulayan politoloq bu problemlə bağlı Ermənistan tərəfinə müəyyən sanksiyaların tətbiq edilməsinin də Minsk Qrupunun səlahiyyətlərinə aid olmadığını qeyd edib: "Həmsədrlərin yalnız münaqişə tərəflərinə çağırış və vasitəçilik səlahiyyəti var. Münaqişənin dərinləşdirilməməsi və kəskin münasibətlərə keçilməməsi istiqamətində tədbirlər görməlidir. İkili standartlara gəldikdə isə, münaqişə tərəflərinə bu mexanizm həyata keçirilir. Nəzərə almaq lazımdır ki, istənilən dünya dövləti ikili standartlarla siyasət yeridir. Hətta insanlar da şəxsi həyatlarında ikili standartlarla yaşayırlar”.

Ermənistan tərəfinin beynəlxalq vasitəçilərin təşəbbüsünü rədd edərək Azərbaycan hərbi qulluqçusunun meyitini geri qaytarmaqdan imtina etdiyini vurğulayan hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib ki, Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə qarşı tərəflə əlaqə saxlanılması üçün müraciət edilib.

Həmin qurumlar da Ermənistan üzrə səlahiyyətli nümayəndələrini və yaxud da nümayəndəliklərini məlumatlandırıblar: "Prosedur bu şəkildə davam etdirilməli və bizim əsgərin meyiti qaytarılmalıdır. Bunun başqa yolu yoxdur. Yəni sivil müharibə qaydalarına uyğun olaraq tərəflər biri-birlərinin meyitini, yaxud da əsir və girovlarını bu şəkildə qaytarırlar. Ancaq Ermənistan beynəlxalq humanitar hüquq normalarını riyakarcasına pozaraq növbəti dəfə nüfuzlu beynəlxalq təşkilatları da aldadır, onlara qarşı saymazyanalıq nümayiş etdirir, döyüş meydanında həlak olmuş hərbi qulluqçunun nəşinə belə hörmətsizliklə yanaşaraq qeyri-insani münasibət göstərir. Təəssüf ki, ermənilər həmişə olduğu kimi meyitləri də çirkin niyyətlərinin alətinə çevirirlər”.

Şəymən








SON XƏBƏRLƏR

2017-02-19
2017-02-18