2017-01-12 01:10:38   |   567 dəfə oxunub

Tramp ABŞ-ın Qafqaz siyasətindən geri çəkiləcək

Ancaq ekspertlər hesab edir ki, bu Rusiyanın regionda nüfuzunun artması anlamına gəlməyəcək



ABŞ-ın yeni Prezidenti Donald Trampın "Trump Organization” şirkəti Gürcüstandakı 250 milyon dollarlıq inşa layihəsindən imtina edib. Bu barədə Trampın keçmiş biznes tərəfdaşı məlumat verib. Onun sözlərinə görə, bu addım siyasi maraqların toqquşmasına yol verməmək məqsədi ilə atılıb.

Tramp 2012-ci ildə Qara dəniz sahilində yerləşən Batumi şəhərində 47 mərtəbəli göydələnin inşasına söz vermişdi. Ancaq keçən həftə bütün müqavilələr ləğv edilib. Xatırladaq ki, Tramp Gürcüstanla yanaşı, Azərbaycandakı biznes ortaqlığına da son verib. Bəzi ekspertlərə görə, Rusiya ilə münasibətləri normallaşdırmaq niyyətində olan Amerikanın yeni rəhbəri Cənubi Qafqaz siyasətini bir qədər "yumşaldacaq”. Amma bunun əksini düşünən siyasi təhlilçilər də var.

 Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu Trampın Vaşinqtonun xarici siyasət kursuna ciddi dəyişiklik edəcəyinə inanmadığını deyib: 

"Sadəcə olaraq, ABŞ üçün Ukrayna və Yaxın Şərqdəki proseslər daha prioritet təşkil edir. Zənnimcə, Trampın prezidentliyi zamanı İranla münasibətlər də aktuallaşacaq. Odur ki, Azərbaycan, xüsusən Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Cənubi Qafqazdakı digər hadisələr elə də böyük önəm kəsb etməyəcək. Bir daha vurğulayıram ki, Tramp ABŞ maraqlarına zidd addım ata, Rusiya qarşısında geri çəkilə bilməz. Bunu edərsə, prezidentlikdən daha tez gedə bilər. Həmçinin, ABŞ tarixində prezidentə etimadsızlıq göstərilməsi və yaxud sui-qəsd təcrübəsi də var. Bu baxımdan, Tramp ona çəkilən dairədən kənara çıxa bilməz. Lakin artıq qloballaşmanı anti-qloballaşma əvəz edir və hər kəs öz evinə çəkilir. Ona görə, Tramp üçün Qafqazdakı proseslərin önəmi azala bilər”. Ekspert bildirib ki, ABŞ-ın bölgəyə maraq dairəsinin azalması Gürcüstanın Rusiyanın təsir dairəsinə düşməsinə səbəb olmayacaq: "Ermənistan isə Rusiyanın vassallığından xilas ola bilmir. Ehtimal edirəm ki, Azərbaycan tərəfi də balanslı siyasətini davam etdirəcək. Bir sözlə, Rusiya regionda təsir gücünü artıra bilməz”.

İsmayıl






SON XƏBƏRLƏR

2017-12-12
2017-12-11