2017-01-12 01:13:30   |   316 dəfə oxunub

Rusiya Gürcüstana təzyiqlərini artırmağa başlayıb

Kreml regiondakı bütün müharibə ocaqlarının yaranmasında birbaşa rol oynayıb



"Rusiya əsgərləri Abxaziyada vandalizm törədir”. Bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib. Dövlət başçısı bildirib ki, Abxaziyanın Tsabal kəndində XIX əsrə aid kilsə və polyak qəbiristanlığı dağıdılıb:

"Kilsənin dağıdılması Rusiya tərəfinin təşəbbüsüdür. Rusiya və Abxaziya onun yerində poliqon yaratmaq niyyətindədir. Bu, qəsdən həyata keçirilən vandalizm aktıdır və 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Beynəlxalq ictimaiyyət, UNESCO və digər beynəlxalq təşkilatlar Gürcüstan ərazisində Rusiyanın işğalçı qüvvələrinin qanunsuz hərəkətlərinə lazımi qiymət və müvafiq reaksiya verməlidir”. Xatırladaq ki, Gürcüstanın separatçı Abxaziya regionu Rusiya tərəfindən müstəqil dövlət kimi tanınıb. 

Gürcüstanın Cənubi Osetiya bölgəsində yaşayan Dato Vanişvili də maraqlı olayla üzləşib. Evindən üç-dörd günlük uzaqlaşan gürcü vətəndaş qayıdanda gözləmədiyi vəziyyətlə qarşılaşıb. O, evinin başqa bir ölkənin "sərhədləri” daxilində qaldığını görüb. Evinə qayıdanda tikanlı məftillər və rus əsgərləri ilə qarşılaşan Vanişviliyə əsgərlər Rusiyada yaşamaq istəmirsə, evi tərk etməli olduğunu deyiblər. Bölgə əhalisi Rusiya-Gürcüstan müharibəsindən sonra yaradılan "sərhəd işğal xətti”nin hər həftə Rusiya lehinə irəlilədiyini söyləyirlər.

Ekspertlərin fikrincə, 2008-ci ildə Rusiyanın Gürcüstana yönəlik işğalçılıq hərəkətinin fəsadları bu gün də müxtəlif formalarda özünü göstərməkdədir. 

Politoloq Arzu Nağıyev də "Şərq”ə açıqlamasında deyib ki, Rusiya Qafqazda apardığı məkirli siyasətini müəyyən yollarla davam etdirir: 

"Gürcüstan və Ukraynanın Avropa İttifaqına vizasız gediş-gəliş məsələsi ortaya qoyulandan sonra Rusiya tərəfi Gürcüstana təzyiqləri daha da artırmağa başlayıb. Məlumdur ki, sovet imperiyasının varisi kimi çıxış edən Kreml regiondakı bütün müharibə ocaqlarının yaranmasında birbaşa rol oynayıb. Məhz indi də həmin münaqişə ocaqları üzərindən Moskva öz təzyiq siyasətini həyata keçirir. Rusiya Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə məhəl qoymadan qanunsuz əməllərini reallaşdırır”. A.Nağıyevə görə, Tramp fərd olaraq ABŞ-ın dövlət siyasətini formalaşdırmır: "Vaşinqtonun müəyyənləşdirdiyi və yürütdüyü xarici siyasət var. Yeni prezident dövlətin strategiyasına uyğun addımlar atmalıdır. Bu baxımdan hesab etmirəm ki, Tramp regional məsələlərdə Rusiyaya qarşı hansısa hərəkət etsin. Amma Gürcüstanla bağlı ikitərəfli danışıqların olacağını da istisna etmirəm”.

İsmayıl






SON XƏBƏRLƏR

2017-01-20