2017-01-12 01:25:26   |   297 dəfə oxunub

Hər qrip olan antibiotiklərə qaçır

Ancaq bu müalicə üsulu astma, xərçəng, köklük, diabet, depressiya, infeksiya xəstəliklərə yol açır

Antibiotik qəbulu zərərli mikroblarla yanaşı lazımlı, zəruri mikrobları da öldürdüyü üçün bağırsaq florasını pozur və bir çox xəstəliklərə səbəb olur


Əhali arasında qrip virusu geniş yayılıb. Yalan olmasın, hər iki nəfərdən biri xəstəlikdən, qripdən şikayətçidir. Zatən, xəstəliyin əlamətlərini görmək çətin də deyil. Öskürək, burun, göz sulanması, boğaz ağrısı, yüksək hərarət, ürəkbulanması, başgicəllənməsi, iştahsızlıq və halsızlıq adamları əldən salıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın əhali arasında yayılan virusun A tipli H3N2 qripi olduğunu söyləməsi isə sanki camaatı "rahatladıb”. O mənada ki, biz azərbaycanlıların belə bir xüsusiyyəti var; özümüzə "təyin etdiyimiz” diaqnozun rəsmi təsdiqini eşitməkdə hər zaman maraqlıyıq - "gördünüz, camaat deyəndə ki, bu virusdu "gəzir”, deyirdilər, yox, yalandı. Amma indi özləri təsdiq edir!..Olsun. Nəhayət, bu "gəzəgənin” qrip virusu olduğu təsdiqləndi. İndi məsələ ondan necə qorunmaqdır. Daimi məsləhətlər yenə qüvvəsindədir. Virusa yoluxmamaq üçün immunsistemi gücləndirmək, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər uzaq olmaq, tibbi maskalar taxmaq və bir də, ən əsası - ay camaat, asqıranda ağzını dəsmalla, salfetlə qapayın, lütfən!.. Evə gələndə əllərinizi sabunla yaxşı-yaxşı yuyun, şəxsi gigiyenaya diqqət edin. Məsələnin digər heç də az əhəmiyyətli olmayan tərəfi isə bizim camaatın xəstəliyə qarşı "antibiotik qalxanı” həssaslığıdır. Kimi dindirirsən, "neçə gündü, xəstə idim, antibiotik vurdurdum, bir az özümə gəlmişəm...” eşidirsən. Halbuki, mütəxəssislər antibiotiklərin insan sağlamlığı üçün zərərli olduğunu illərdir deyir.

Avropada belə qərara gəlinib ki, 2020-ci ildən etibarən antibiotik dərmanlar istehsalı dayandırılsın. Amma bizdə hələ ki, sağalmağın "yeganə və əvəzsiz” vasitəsi antibiotiklər hesab edilir. Yəni, həkimlərin xəstələrə yazdığı reseptlərdə antibiotik dərmanlar çoxluq təşkil edir. El arasında da (küçədə, qonşuluqda - red.) bildi, bilmədi, hamı biri-birinə antibiotik qəbul etməyi, ya da iynəsini vurdurmağı məsləhət görür. Hamımız İbn Sinanın tələbəsiyik sanki... Fəqət, antibiotiklərin insan həyatını necə qaraltdığından xəbərsizik.

Astma, xərçəng, diabet...

Finlandiyanın Helsinki Universitetində aparılan araşdırmalarda antibiotiklərin bağırsaq florasını dəyişdirdiyini, bu dəyişikliyin isə sonradan astma, xərçəng, köklük, diabet, depressiya, infeksion xəstəliklərə qədər bir çox problemin yaranmasına gətirib çıxardığı müəyyənləşib. Xüsusən də 2 yaşına qədər uşaqlar böyük risk altındadır.

Türkiyə alimləri də antibiotiklərin insan sağlamlığı üçün zərərli tərəflərini izah edirlər. Məsələdən agah olduqca, adi soyuqdəyməyə dözümsüzlüq göstərib antibiotik qəbul etməklə sağlamlığımızı necə bir təhlükəyə atdığımızı anlamalıyıq. Türkiyəli dosent-doktor Akgül Akpınarlı Entoni antibiotiklərin sağlamlıq üçün zərərlərindən danışarkən problemi belə izah edib:

"Son dönəmlərdə aparılan araşdırmalar vücudumuzda milyonlarca mikrob olduğunu göstərir. Mikrofloranı formalaşdıran bu mikroblar vücudumuzun hər yerində - içində və çölündə vardır. Hər bir orqanın daşıdığı mikrob sayı və kombinasiyası biri-birindən fərqli olduğu kimi, sağlam insanda tarazlaşmış vəziyyətdədir. Lakin mikroblar arasındakı bu tarazlığın pozulması bir çox xəstəliklərə səbəb olur və sonucda xəstəliklər zamanı mikrofloranın dəyişməsi ilə nəticələnir. Antibiotik qəbulu da zərərli mikroblarla yanaşı lazımlı, zəruri mikrobları da öldürdüyü üçün bağırsaq florasını pozur və bir çox xəstəliklərə səbəb olur. Ana və atalar xüsusilə 2 yaşa qədər uşaqların antibiotik qəbuluna ciddi fikir verməlidir. Erkən yaşda antibiotik qəbulu uşaqlarda köklük və astma xəstəliyi yaranma riskini artırır. Yalnız test nəticələri bilindikdən sonra həkimin məsləhəti ilə uşaqlar antibiotik qəbul etməlidir. Əks halda, antibiotiklər xeyirdən çox zərər verəcək. A.Akpınar son dönəmlərdə xüsusilə Amerika və Avropada bununla bağlı bir çox çalışmalar aparıldığını, heyranedici, eyni zamanda həyəcanverici bilgilər əldə edildiyini söyləyib.

ABŞ Xəstəliklərə Nəzarət və Önləmə Dairəsi, xəstələri, ana və ataları və həkimləri antibiotiklərdən yanlış istifadənin qarşısını almaq məqsədilə maarifləndirmə kampaniyası başlatmışdı. Həmin kampaniya bu gün də davam etdirilir. Həkim bildirir ki, antibiotiklərdən geniş istifadə sonucda insanda bu dərmanlara qarşı zərərli immunitet formalaşdırır. Yəni, antibiotiklərdən geniş istifadə nəticəsində orqanizm də bu dərmanlara alışır, müalicəyə artıq cavab verməz hala gəlir, bununla da xəstəliklərin qarşısının alınması çətinləşir. Antibiotiklər dərman vasitələrinə qarşı dayanıqlı bakteriyaların yaranmasına yol açır. Getdikcə, orqanizm müalicəyə reaksiya verə bilmir.

Antibiotikə qarşı probiotiklər

Türkiyəli doktor Metehan Özen də qeyd edir ki, antibiotiklər orqanizmə yararlı, faydalı bakteriyaları məhv edir. Bu səbəbdən orqanizmin müqavimət gücü azalır və nəhayətdə itir. Bağırsaqların təbii florası pozulduğu üçün immunsistem də çökür. İmmunsistem 4-6 həftə arasında açıq qalır. Faydalı

bakteriyalar ölüncə, xaricdən orqanizmə daxil olan ziyanlı bakteriyalar bağırsaqlara yapışır və rahatlıqla qana qarışıb xəstəlik yaradır. Mütəxəssislər əhalini antibiotiklərin aşırı istifadəsində xəbərdarlıq edir və antibiotiklərin təsirini azaltmaq üçün probiotik istifadəsini məsləhət görür. Probiotik, sadə dillə izah etsək, xeyirli, faydalı - vücudumuza dost bakteriyalar yığnağıdır. Möcüzə burasındadır ki, körpə bu faydalı bakteriyaları ananın bətnindən çıxarkən qəbul edir. Lakin son illərdə körpələrin daha çox qeysəriyyə əməliyyatı ilə dünyaya gətirildiyindən onlar bu faydalı bakteriyalardan yoxsul qalırlar. Yalnız normal - təbii doğuşlar zamanı körpə həmin faydalı bakteriyaları ana bətnindən çıxarkən udur. Görünür, həm də buna görə körpələr indi daha tez-tez xəstələnir, körpə yaşlarından müxtəlif fəsadlarla qarşılaşırlar. Amma insanlarımız da hələ yanlış düşüncələrinin əsiridirlər. Məsələn, birisi həkimə gedir, həkim reseptində antibiotik dərmanların adını görmədikdə, təəccüb, hətta şikayət də edir ki, niyə antibiotik yazılmayıb? Buna görə həkimi savadsızlıqda suçlayanlar da tapılır. Amma insanlarımız bilməlidir ki, əksinə, antibiotiklər orqanizm üçün ziyanlıdır. Onlardan bacardıqca uzaq durmaq gərəkir. Mütəxəssislərin fikrincə, antibiotiklərin zərərli təsirindən qurtulmaq üçün probiotik tərkibli müalicə vasitələri istehsal edilməlidir.

Məlahət Rzayeva






SON XƏBƏRLƏR

2017-01-20