2017-01-12 01:29:52   |   697 dəfə oxunub

“Biz at əti yeməyə öyrəşməmişik”

Əgər satışda belə ətlər varsa, demək hansısa xəstəlikdən ağır vəziyyətdə olan, istifadəyə yaramayan heyvanların ətləridi


Son zamanlar ölkəmizdə ətin qiymətindəki artımla əlaqədar olaraq vətəndaşların əksəriyyəti nisbətən ucuz qiymətli ətlərə üstünlük verirlər. Nəticədə ucuz olan ətlərin keyfiyyətli və həqiqətən də mal əti olması şübhələr doğurur.

Azərbaycan məişətinə bəlli olmayan və istifadə edilməyən ətlərin satışına rast gəlirik. Belə satışlardan biri də Abşeron rayonunda aşkarlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən verilən xəbərə görə, DBNX yanvarın 9-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini, icarədar olan Sərdar Şıxəliyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində reyd keçirib. Reyd Daxili İşlər Nazirliyinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun iştirakı ilə aparılıb.

Reyd nəticəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skeletləri aşkar olunub.

Mənşəyi məlum olmayan həmin heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla ölkəmizdə istehlakına icazə verilən ətlərin ilk növbədə əhalinin qidalanmaya öyrəşdiyi ətlər olmasını bildirib: 

"Azərbaycanlıların özlərinə məxsus qidalanma rejimi var. Bizdə adətən mal və qoyun əti istifadə olunur. At əti isə bir qayda olaraq istifadə edilmir. Amma at əti yeməli sayılır. Yəni bu ətin orqaniktiv xüsusiyyətləri, orqanizmə protein və kalori baxımından xeyri az deyil. Sadəcə olaraq biz at əti yeməyə öyrəşməmişik. Bu bir az psixoloji məsələdir. Qiymətindən asılı olmayaraq istənilən bir ətin infeksiya daşıyıcısı olmasına, hansı keyfiyyət parametrləri ilə xarakterizə olunmasına baytarlıq xidməti məsuliyyət daşıyır. Çünki o, möhür vurur və bu ətləri satışa buraxır. Təəssüf ki, bu cür möhürlər çox vaxt formal xarakter daşıyır, insanlar xəstəlik və infeksiyalara yoluxurlar. Ölkəmizdə bu qədər at əti tapmaq da çətindir.

Bunun üçün xüsusi atlar yetişdirilməlidir. Əgər belə bir məsələ varsa, bu o deməkdir ki, bunlar hansısa xəstəlikdən ağır vəziyyətdə olan, istifadəyə yaramayan heyvanlardan olan ətlərdi. Çünki bizdə maldarlıqda ətlik heyvanlar yetişdirilir, lakin yem məqsədilə at əti yetişdirilmir. Bunun üçün də keyfiyyətli ətin olması şübhə doğurur”.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2017-02-19
2017-02-18