2017-01-12 01:35:24   |   639 dəfə oxunub

İnternet media həyatını dəyişib

İndi məşhur reportyorların sayı barmaqla göstəriləcək qədərdi

Halbuki bütün dövrlərdə reportaj janrı KİV-in bel sütunu sayılır


(əvvəli ötən sayda)

Medianın ən maraqlı və oxunaqlı sahələrindən biri reportaj janrıdır. Reportaj - ingilis dilindən tərcümədə "to report”, yəni "məlumat vermək” deməkdir. Ümumiyyətlə, reportaj termini tarixən bir neçə məna kəsb edib. İlk olaraq XIX əsrdə İngiltərə mətbuatında işlənilib. Həmin dövrdə parlament debatları və məhkəmə zallarından məlumat gətirən jurnalistləri "reportyor” adlandırırdılar. Elə indi də oxucuya, dinləyiciyə və tamaşaçıya hər hansı məlumatı çatdıran materiallara "reportaj” deyilir. Müasir dövrdə jurnalistikada reportaj xüsusi janr kimi seçilir, medianın digər sahələri arasında aparıcı yer tutur.

Çünki bu janrın əsas vəzifəsi baş verən ictimai əhəmiyyətli, əlamətdar, bir çox hallarda qeyri-adi hadisəni obrazlı şəkildə canlandırmaq və oxucuya təqdim etməkdir. Reportajlarda sanki oxucuların özləri də baş verənləri yaxından seyr edir və hadisənin canlı iştirakçısına çevrilir. Ona görə də əsl reportajlar cəmiyyətdə böyük rezonans doğuran, ictimai maraq kəsb edən məqamlarla zəngin hadisələrə həsr edilir. Müxbirlər öz reportajlarında hadisə yerindən qaynar xəbərlər çatdırdıqlarına görə, reportaj jurnalistika janrı kimi müəllifdən şəxsi münasibət tələb edir. Reportaj şahidin vacib və aktual hadisə barədə öz hekayəsinə çevrilir. Çünki reportaj sadəcə faktların sadalanması deyil, həmçinin, şəxsi analiz deməkdir. O baxımdan jurnalist araşdırmasını həyata keçirən reportyorda bacarıq, təcrübə, səriştə kimi vacib keyfiyyətlər olmalıdır. Araşdırmaçı-reportyor tədqiqatçılıq işini sona çatdırmaqda inadkar olmalı, müxtəlif maneələr qarşısında məyus duruma düşməməlidir. Önəmli sənədləri axtarıb tapa bilmə və onları qoruyub saxlamaq bacarığı araşdırma aparan jurnalistin diqqət yetirməli olduğu əsas məqamlardır. Nəzərə almaq lazımdır ki, sırf elmi araşdırma dar oxucu kütləsinə, jurnalistin apardığı araşdırma isə geniş oxucu auditoriyasına ünvanlanır və bu səbəbdən sonuncunun təsir dairəsi daha geniş olur. Media ekspertləri reportyorluğun önəmini vurğulasalar da, ölkəmizdə reportaj janrının inkişafdan geri qaldığını düşünürlər. Onların fikrincə, dünya ölkələri ilə müqayisədə Azərbaycan mətbuatında peşəkar reportyorların sayı çox azdır.

Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadənin fikrincə, reportaj yazmaq jurnalistdən xüsusi hazırlıq tələb edir: 

"Reportaj o qədər peşəkar hazırlanmalıdır ki, oxucu özünü hadisənin iştirakçısı hesab edə bilsin. Əsl reportaj odur ki, onu oxuyan rəssam yazıda təsvir olunan hadisələri tabloya çevirməyi bacarsın. Reportaj yazan jurnalistin qələmi rəssamın fırçası qədər dəqiq işləməlidir. Yaxın beş-altı ilə kimi Azərbaycan mətbuatında maraqlı reportajlara tez-tez rast gəlmək olurdu. Amma internet mətbuatı çap mətbuatını üstələməyə başlayandan sonra reportajlara maraq bir qədər azaldı. İnternet mətbuatının, sosial medianın həyatımızın vazkeçilməz parçasına çevrilməsindən sonra sanki mətbuatın təyinatı da dəyişdi. Onlayn mediada operativlik önə çıxdığı üçün peşəkarlıq arxa plana keçdi. Operativlik önə çıxdığı üçün təkcə reportajlara deyil, jurnalistikanın əsasını təşkil edən digər janrlara da maraq azaldı”.


 Ekspertə görə, burada başqa vacib bir məqam da var: 

"Mən 1990-cı illərin sonunda jurnalistikaya gələndə, meydanda sovet dövründə formalaşmış tələbkar oxucu kütləsi vardı. Bizim nəslin jurnalist kimi formalaşmasında həmin auditoriyanın müstəsna xidmətləri oldu. Təəssüf ki, indi meydanda həmin auditoriyadan çox az adam qalıb. Son 10-15 ildə formalaşmış oxucu auditoriyası tələbkar deyil. İnanmıram ki, indiki oxucular nöqtə, vergül davası aparsınlar. Bu isə bəzi həmkarlarımızda məsuliyyət hissini arxa plana keçirir. Mövcud problemlərdən dolayı Azərbaycan oxucusu böyük ölçüdə mütaliə zövqündən mərhum oldu. Reportajların azlığı çağdaş mətbuatımızın əsas problemlərindən biridir. Hesab edirəm ki, KİV rəhbərləri bu məsələyə xüsusi diqqət göstərməlidirlər. Yaxşı reportaj qəzetə də, sayta da hörmət gətirir”.

"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov da bildirib ki, medianın ən maraqlı və oxunaqlı janrlarından biri də reportajdır: 

"Mediada reportaj çox önəmlidir. Təbii ki, mediada olan problemlərin təzahürü bu sahədə də özünü göstərib. Əgər əvvəlki dönəmə nəzər salsaq, görərik ki, qəzet və jurnal redaksiyalarında reportajlar daha dolğun idi. Toxunulan mövzular boşluqların doldurulması ilə seçilirdi. Lakin indiki dönəmdə internet saytlarında vaxt və yer məhdudiyyəti səbəbindən reportajlar müəyyən çərçivədə aparılır. Reportaj hazırlayan müxbirin də peşəkarlığından asılı olmayaraq, ortaya istənilən nəticəni qoymaq mümkün olmur. Təbii ki, reportaj hazırlayan jurnalistin peşəkarlığı bu sahədə mövcud problemi müəyyən qədər ört-basdır edə bilir”.

Baş redaktorun fikrincə, reportajların maraqlı olması üçün jurnalistin peşəkarlığı və təcrübəsi vacib amildir: Lakin ümumilikdə indiki dönəmdə reportajlar oxucu, eyni zamanda televiziyalarda hazırlanan reportajlar tamaşaçı üçün bir o qədər də maraqlı deyil: 

"Çox təəssüflər ki, indinin özündə də tamaşaçılar və oxucular yazının həcmindən, danışığın çoxluğundan yorulurlar. Məhz bu səbəbdən də, reportajları hazırlayarkən mümkün dərəcədə görüntüyə, foto və video süjetə üstünlük vermək daha yaxşı olar”. M.Gülməmmədov deyib ki, bir çox hallarda medianın üzləşdiyi maliyyə problemləri bu sahəyə olan marağı üstələyir: "Etiraf etmək lazımdır ki, jurnalistin reportaj hazırlamaq üçün çəkdiyi əziyyət və maddi xərc, materialı təhvil verərkən əldə olunan qonorardan çox olur. Bu səbəbdən jurnalistlər reportaja üstünlük vermirlər. Ona görə də ölkəmizdə reportyorların sayı qənaətbəxş deyil. Lakin yaxşı hazırlanan reportajların olmadığını da demək haqsızlıq olar. Keyfiyyətli və maraqlı reportajlara rast gəlirik”.

"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca da deyib ki, reportyorluq jurnalistikanın təməlidir:

"Lakin bu gün hadisələr o qədər sürətlə inkişaf edir ki, oxucu artıq böyük reportajları oxumaqdansa, qısa informasiyalara maraq göstərir. Ona görə də media reportajlara maraq göstərmir. Əvvəllər məhkəmələrdən, bölgələrdən, parlamentdən maraqlı reportajlar olardı. Son illərdə reportajların sayı kəskin şəkildə azalıb. Buna baxmayaraq, az da olsa peşəkar reportyorlar var və onların maraqlı yazılarına rast gəlmək mümkündür. Hesab edirəm ki, reportyorluğa marağı artırmaq üçün müsabiqələr təşkil olunarsa, bu janrın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərər”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də reportajı medianın canı adlandırıb: 

"Ən çox oxunan, maraq doğuran və jurnalistə məşhurluq gətirən janrdır. Həmçinin, reportyorluğun müəyyən çətinlikləri də var. Məsələn, jurnalist hədəfinə nail olmaq üçün hadisə yerinə getməli, görməli, bəzən günlərlə yollarda olmalıdır. Hətta reportaj hazırlamaq üçün dünyanın ucqar nöqtələrinə gedib gəlmək üçün bəzən 2 həftə vaxt sərf edən jurnalistlər də var. Onlar təhlükələrlə də üzləşirlər, amma nəticədə ortaya günlərlə, aylarla müzakirə olunan bir material qoyurlar. 1990-cı illərdə və 2000-ci illərin ortalarınadək mediada çalışanlar arasında xeyli məşhur reportyorlar vardı. Amma sonra internet sürətlə media həyatını dəyişdi. İndi məşhur reportyorların sayı barmaqla göstəriləcək qədərdir. Reportyor olmaq istəyən yoxdur. Məsələn, redaksiyaya yeni jurnalist gəlir, 2-3 ay çalışır, sonra köşə yazarı olmaq istəyir. Hansı ki, onun karyera uğuru köşə yazarlığında deyil, reportyorluqdadır. Sanki yeni nəsil jurnalistlər özlərinə əziyyət vermək istəmir və jurnalist fəaliyyətinə başlayandan uzağı 1-2 il sonra redaktor olmağa can atırlar. Əlbəttə, "general olmaq istəməyən əsgər əsgər deyil”. Amma bir qanunauyğunluq var. Əsgər bir ilə general ola bilməz, bunun üçün mərhələlər keçilməlidir. Mən özüm, azı 10 il reportyor, müxbir işləməkdə maraqlı olmuşam və beləcə yetişmişəm. Nəzərə almaq lazımdır ki, oxucu üçün gənc bir jurnalistin özünün hansı düşüncədə olması deyil, onun hazırladığı reportajlar maraqlıdır. Bu baxımdan bu sahə media üçün çox mühümdür və reportajsız media orqanını təsəvvür etmək mümkün deyil”.

"Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev də vurğulayıb ki, medianın maraqlı janrlarından biri reportajdır. Amma bir o qədər də çətin janrdır: 

"O mənada ki, indi internet media dövrünün sürətlə inkişaf etdiyi bir dövrdə oxucular daha çox qısa xəbərlərə üstünlük verir. Bu baxımdan reportajın uzun yazılmamasına diqqət yetirilir. Maksimum çalışmaq lazımdır ki, reportaj qısa olsun. Düzdür, reportyorların sayı çox deyil, amma yaxşı reportaj yazanlar var. Məncə, internet media dövründə reportaj o qədər axıcı yazılmalıdır ki, oxucunu yormasın. Amma bütün hallarda bu sahə unudulmamalıdır”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2017-08-20
2017-08-19