2017-01-12 13:04:57   |   488 dəfə oxunub

"Murdar ətlər dana əti əvəzi mağazalara verilir" - VƏTƏNDAŞLAR, DİQQƏT



"Mənşəyi məlum olmayan, murdar ətlər birbaşa göz qabağında olan, etibar edilən mağazalara verilir, guya ki, təzəcə kəsilmiş dananın ətidir”.

Bunu Sherg.az-a Bakıda mənşəyi məlum olmayan 2 ton 115 kiloqram ət aşkarlanmasına münasibət bildirərkən "Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O bildirib ki, həmin ətlərin bir hissəsi kolbasa sexlərinə, şadlıq evlərinə, qalanı isə mağazalara göndərilir:

"Sədri olduğum "Azad İstehlakçılar” İctimai Birliyi keçən ilin oktyabrından başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hükumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi Azərbaycan Respublikası Prezidentinin İctimai nəzarətə dair çağırışlarına dəstək layihəsi həyata keçirir. Bu istiqamətdə mənşəyi məlum olmayan və murdar ət istehsalına, satılmasına qarşı mübarizə tədbirləri həyata keçiririk. Tək paytaxtda deyil, regionlarda da bu sahədə ictimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində konfranslar təşkil edilir. Mənşəyi məlum olmayan ət biznesinin genişlənməsi, rayonlardan həmin ətlərin paytaxta gətirilməsi bələdiyyələrin, insanların gözü qarşısında baş verir.

Bir neçə il əvvəl Saatlı rayonunda tanıdığım bir fermer ərizə ilə mənə müraciət etmişdi. Fermer murdar olmuş inəyi qamışlığa atıb ki, qurd-quş yesin, fermanın itləri yeməsin. Lakin murdar ət satanlar həmin inəyi leşini götürüb aparıblar.

Bundan başqa, təxmini 5 il əvvəl Bakıda mənşəyi məlum olmayan ətlərin kəsilib, gecə ilə emal edildiyi yeri müəyyən etdim. Bir çox dövlət orqanlarına bununla bağlı müraciət etsəm də, fərqli səbəblərlə onlar tədbir görməkdən imtina etdilər. Yalnız polis bu məsələdə mənə kömək üçün addım atdı.
Dövlət orqanlarının məsələ birbaşa müdaxilə edə bilməməyinə başlıca səbəb ölkədə qidanın təhlükəsizliyi ilə əlaqədar qanun olmamağıdır. Uzun müddətdir ki, beynəlxalq təşkilatlar layihə hazırlayaq müvafiq qurumlara təqdim ediblər, lakin hələlik qəbul edilməyib.

Bir məsələ də odur ki, dövlət orqanları arasında üfüqi əlaqə yoxdur. Mən bu barədə baş nazirə də müraciət etmişəm. Məsələn, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən həmin müəssisədən ancaq nümunə götürə biləcəklərini, Səhiyyə Nazirliyindən ümumiyyətlə, müdaxilə etməyə ixtiyarı olmadıqlarını, polisdən isə asayişi və təhlükəsizliyi qoruduqlarını dedilər. Həmin orqanları bir araya yığa bilsəydim bir gecədə sexi ifşa edə bilərdik”.

E. Hüseynov birliyin və müvafiq səlahiyyətli orqanların hazırda bu sahədə tədbirləri davam etdirdiyini bildirib:

"Keçən ilin may-aprel aylarında Daxili İşlər Nazirliyinin (DİN) müvafiq qurumu ilə birgə fəaliyyətimizdə bir neçə mənşəyi məlum olmayan ət istehsalını ifşa etdik. Bu problemin yayılmasına səbəb odur ki, əhali gözü qarşısında kəsilən ətlərə üstünlük verir və baytarlıq xidmətlərinə inamı yoxdur. Bazara getsək, görərik ki. yüzlərlə kəsilmiş cəmdəyin üzərinə baytarların yoxlama möhürləri vurulub. Guya, baytarlar səhərə qədər yoxlama aparıb, ətlərin gigiyenik qaydalarda saxlanmasını, mənşəyini, hallalığını təsdiq ediblər. Əhalinin isə baytarlara inamı yoxdur. Məsələn, "AzProtein Foods” MMC halal kəsilmiş, çəkilmiş təzə əti qablaşdırır, qoyur öz soyuducusuna və marketlərə satış üçün göndərir. Camaat isə o əti almır, "gözüm görən malı almalıyam” – deyə israr edir.
Ona görə, bu anormal vəziyyətin qarşısını almaq üçün baytarlar ciddi fəaliyyət göstərməlidir ki, əhali üzünü marketlərə tutsun. Bu məsələyə DİN müdaxilə edib, lazımi tədbirlər görə bilər”.

Qeyd edək ki, Bakının Binəqədi rayonu, "28 May" qəsəbəsində yerləşən "Azər ət" MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilib.

Eyni gündə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax rayonunda keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Rəmzi Həsənov 1 ton xəstə və ölü atların ətini mal əti adı altında satmaq istəyən zaman saxlanılıb.

Aysel Aslan






SON XƏBƏRLƏR

2017-01-20