2017-01-27 12:30:19   |   527 dəfə oxunub

Kənd təsərrüfatının sığortalanması çox əhəmiyyətlidir

Qanun qəbul olunsa, sahibkarlar, fermerlər rahat nəfəs alacaq





"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi işlənir. Layihə barədə məlumat verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, qanun hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanır. Və onun may ayında müzakirəyə çıxarılması nəzərdə tutulur.

Deputat qeyd edib ki, hazırda kənd təsərrüfatının sığortalanması ilə bağlı mövcud qanun günün tələblərinə cavab vermədiyindən işləmir: "Ona görə də bu sahədə sığorta sisteminin tətbiqi üçün müasir dövrün tələblərinə cavab verən yeni qanuna ehtiyac var. Odur ki, hazırda qanun layihəsi üzərində iş gedir və bu layihə may ayınadək hazır olacaq”.

Qanun layihəsinin sahibkarlar üçün müəyyən əhəmiyyətə malik olduğunu deyən iqtisadçı-ekspert Qalib Toğrul "Şərq”ə açıqlama verib. Onun sözlərinə görə, layihə sahibkarlar kimi fermerlər üçün də əhəmiyyətli olacaq: 

"Layihə ilk növbədə kənd təsərrüfatı məhsullarının təbii fəlakətlərdən sığortalanmasını nəzərdə tutmalıdır. Yəni, kənd təsərrüfatında çalışan sahibkarın iradəsindən asılı olmayan səbəblərdən gözlənilən məhsulun əldə olunmaması nəzərə alınmalıdır. Bu elə bir sahədir ki, mütləq bir neçə qurumun fəaliyyəti əlaqələndirilməlidir. Həm Ekologiya, həm Kənd Təsərrüfatı, həm də Maliyyə Nazirliyinin fəaliyyətləri biri-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərməlidir. Ekologiya Nazirliyi ona görə lazımdır ki, əvvəlcədən sahibkarlara hava proqnozu ilə bağlı dəqiq məlumatları təqdim edə bilsin. İndiyə qədərki sığorta ilə bağlı bir qayda var idi və sığorta təşkilatlarına kənd təsərrüfatının sığortalanması ilə bağlı fəaliyyəti həyata keçirən güzəşt nəzərdə tutulurdu. Amma həmin qayda demək olar ki, xərclərin 50 faizinin büdcədən maliyyələşdirilməsinə imkan verirdi. Lakin onun konkret mexanizmi olmadığına görə, bu qayda işləmirdi və indiyə kimi də istifadə olunmur. İndiki şəraitdə qeyri-neft sektorunun əsas sahəsi kimi seçdiyimiz kənd təsərrüfatında hər hansı məqsədə nail olmaq üçün ilk növbədə kənd təsərrüfatı sığorta olunmalıdır”.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19