2017-01-31 14:22:39   |   474 dəfə oxunub

“Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi”



Həyat mənbəyi sayılan su yerin geoloji tarixində, həyatın əmələ gəlməsində və iqlimin formalaşmasında müstəsna rol oynayan dörd vacib ünsürdən biridir. Ona görə də tarixən xalqlar içməli su mənbələrinə yaxın yerlərdə məskən salmağa üstünlük veriblər. Şirin su hövzələrindən uzaq düşən yaşayış məskənlərinə isə min-bir əziyyətlə kənar bölgələrdən su xətti çəkilib. İçməli su mənbələrindən məhrum olan Abşeron yarımadasının sakinləri də bulaq və quyu suları ilə yanaşı, başqa rayonlardan şirin su gətirməyə məcbur olublar.

Mənbələr göstərir ki, Bakının ilkin su təchizatının tarixi XVIII əsrdən başlayır. Həmin dövrdə Bakı əhalisi əsasən üç su kəmərindən istifadə edib. Paytaxtın şimalındakı üç bulaqdan qidalanan "Şah” su kəməri əsasən "Şirvanşahlar” saray kompleksini və onun ətrafındakı yaşayış sahələrini içməli su ilə təmin edib. 1791-1792-ci illərdə tikilən "Məmmədquluxan” su kəməri isə Şəhidlər Xiyabanı yaxınlığında yerləşən iki bulaqdan qidalanıb. İçəri Şəhərə daxil olan bu kəmər qala əhalinin su ehtiyacını ödəyib. Bununla yanaşı, əhali su təminatını ödəmək üçün quyulardan da istifadə edib. Əlavə olaraq 1893-1898-ci illərdə Bakıda dəniz suyunu duzlardan təmizləyən qurğular tikilib. 1908-ci ildən sonra şəhərə Kür və Volqa çaylarından da su gətirilib. Lakin bütün bu tədbirlər günbəgün artan Bakı əhalisinin su tələbatını ödəməyə kifayət etməyib.

"Bakıya gələn suyun 70 faizi neft emalına sərf olunurdu”

Şollar suyunun tarixini araşdırmış tarixçi-alim Vahid Xanəliyev Bakının su təchizatının maraqlı və keşməkeşli olduğunu deyib. Onun sözlərinə görə, 1870-ci illərdən sonra Bakı dünyanın böyük sənaye şəhərinə çevrilib: "Dəmiryol xəttinin çəkilişi, qeyri-neft sektoruna sərmayə qoyuluşunun artması ilə 1890-cı illərdə Bakıda 350-dən çox milyonçu peyda olub. Şəhər böyüyüb, əhalisi artıb. Bütün bunlar şəhərin su təchizatında böyük çatışmazlıqların yaranmasına səbəb olub. Düzdür, şəhərdə 600-ə qədər quyu var idi. Amma o quyuların çoxu şor idi və tez sıradan çıxırdı. Bakıda tez-tez yoluxucu xəstəliklər yayılırdı ki, bu da çoxlu can alırdı”. Tarixçi vurğulayıb ki, Artur Kappel adlanan su şirinləşdirici şirkətin sutkada 90 min vedrə su təmizləməsi də problemi həll edə bilməyib: "Neft quyularında tamponaj işi şirin su ilə aparılırdı. Bakıya gələn suyun 70 faizi neft emalına sərf olunurdu. 1904-cü ildə Zuğulbadan çəkilən su da şəhəri xilas edə bilməyib. Çünki bu su yararsız idi və texniki məqsədlər üçün istifadə olunurdu”.

Hacının Bakı camaatına "Şollar” ərmağanı..

1859-cu ildə Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin Bakıya köçürülməsi ilə şəhər sürətlə dirçəlməyə başlayıb. Neft sənayesinin inkişafı ilə əlaqədar şəhər əhalisi 200 min nəfəri ötüb və içməli su qıtlığı özünü kəskin şəkildə büruzə verib. İçməli suyun miqdarını artırmaq məqsədilə ciddi tədbirlər görülməyə başlanılıb. Bu məqsədlə 1879-cu ildə neft milyonçusu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təklifi ilə su kəmərləri komissiyası yaradılıb. Lakin geoloq və mühəndislərin axtarışları nəticəsində məlum olub ki, Bakı ətrafında kifayət qədər içməli su ehtiyatı yoxdur. Bəziləri içməli suyun şəhərə Kür çayından gəmilərlə gətirilməsini, digərləri isə Göy-Göldən öz axarı ilə su xəttinin çəkilməsini təklif ediblər. Lakin Hacı Zeynalabdin Tağıyev Avropada texniki və mədəni aləmdə baş verən yeniliklərlə yaxından tanış olduğu üçün Bakı şəhər dumasına Avropanın ən yaxşı hidravlik-mühəndisi sayılan Vilyam Harleyn Lindleyin paytaxta dəvət olunmasını təklif edib. Nəticədə Lindley 1899-cu ildə Bakıya gəlib və vaxt itirmədən işə başlayıb. Araşdırmalardan sonra mühəndisin diqqətini Şahdağ silsiləsi, Xaçmaz və Qusar çayının su yatağı cəlb edib.

Su hövzəsi niyə "Şollar” adlandırıldı?

Lindley kəşf etdiyi su hövzəsinə "Şollar” adını verib. Tarixçilərə görə, Şollar sözü mühəndisin köməkçisi Şullerin (Şoll) təhrif olunmuş formasıdır. Lindleyin tapıntısı Bakı dumasında qızğın müzakirələrə səbəb olub. Bulaq sularının nəhəng bir şəhəri su ilə təmin edə biləcəyinə çox az adam inanıb. Mühəndis insanları düzgün seçim etdiyinə inandırsa da, vəsait çatışmazlığı səbəbindən işə başlaya bilməyib. Bu zaman milyonçu H.Z.Tağıyev maddi yardım göstərməyi boynuna götürüb. 1903-cü ildə başlayan su çəkilişi prosesi müharibələr səbəbi ilə yalnız 14 il sonra, 1917-ci ilin yanvarında tamamlanıb. Şollar suyu 187 kilometrlik məsafəni 63 saata qət edərək Bakıya daxil olub. Fevralın 18-də kəmərin açılışı zamanı su kranını açmaq da məhz Tağıyevin qismətinə yazılıb. Tarixi qeydlərə görə, Lindleyin layihəsi Şollar su kəmərinin 3-cü və 4-cü növbələrinin tikintisini də nəzərdə tuturdu. Əhalinin artımını nəzərə alaraq, su kəmərinin gücünün gün ərzində 3 milyondan 12 milyon vedrəyədək artırılması planlaşdırılırdı. Lakin bu layihə yalnız sovet hakimiyyəti illərində reallaşıb.

Şollar suyu yarımada sakinlərinə həyat bəxş etdi

1930-cu illərdə kəmərin quyu zonasında aparılan texniki işlərdən sonra mənbənin məhsuldarlığı artırılıb. 1934-cü ildə mənbəyini Xaçmaz rayonundan götürən ikinci su kəmərinin tikintisinə başlanılıb. Müharibə səbəbi ilə yubanan layihəni düz 24 ildən sonra reallaşdırmaq mümkün olub. 1958-ci ildə kəmərin tikintisi tam başa çatdırılıb və bu mənbədən Bakıya saniyədə 2,73 kubmetr təmiz su nəql olunub. Uzunluğu 175 kilometr olan dəmir-beton konstruksiyalı kəmər hazırda

Siyəzən və Şabran rayonlarını da içməli su ilə təmin edir. Məhsuldarlığı "Şollar”dan 2 dəfə çox olan bu kəmər mənbə kimi lay və bulaq sularından qidalanır. Maraqlısı budur ki, eyni istiqamətdən çəkilmiş birinci və ikinci kəmərlərin suyu paytaxta qədər heç yerdə qarışmır. Su Tağıyev qəsəbəsindəki nasos stansiyasına qədər öz axarı ilə ötürülür və buradan nasoslarla Bakıya çatdırılır.1951-1957-ci illərdə Abşeronun şimal-qərbindəki Dəvəyatağı və Ceyranbatan göllərinin yerində yeni anbar tikilib. Samur-Dəvəçi kanalı Abşerona qədər uzadılıb. 1961, 1966 və 1978-ci illərdə mərhələlərlə Ceyranbatan su anbarında sutəmizləyici qurğular kompleksi istifadəyə verilib. Lakin əhali artımı və sənayenin inkişafı Abşeron yarımadasına yeni su kəmərinin çəkilməsini zəruri edirdi. O səbəbdən 1970-ci ildə Kür Su Kəmərləri Sisteminin birinci növbəsi, 1971-ci ildə isə ikinci növbəsi istifadəyə verilib. 1980-ci ildə "Bakı-Şollar” su kəmərindən suyun Xəzər dənizinə axmasının qarşısı alındıqdan sonra Siyəzən şəhərini də "Şollar”la təmin etmək mümkün olub. 1984, 1986 və 1988-ci illərdə Bakıya üç yeni magistral kəmər çəkilib.

"Şollar”ın yerüstü sulardan üstünlüyü nə idi?

Mühəndislər deyirlər ki, Şahdağın ətəyindəki mənbə yeraltı bulaq suyu olduğundan onu kimyəvi vasitələrlə təmizləməyə ehtiyac qalmır. Çünki Şollar suyunda mexaniki çöküntü və bakterioloji-yoluxucu maddələr yoxdur, daimi temperatur isə sabitdir. "Bakı-Şollar” kəməri xüsusi mühafizə alayı tərəfindən qorunur və indiyədək həmin xətlərdə ciddi təmir və ya yenidənqurma işləri aparılmayıb. Çünki digər xətlərdən fərqli olaraq, bu kəmərin əsas hissəsi torpağın altı ilə çəkilib. Üstəlik, "Bakı-Şollar” xətti dəmir materialdan deyil, bərk gildən hazırlanıb. Elə bu səbəbdən də fəaliyyət göstərdiyi 100 il ərzində su kəmərində bir dəfə də olsun, hansısa qəza hadisəsi baş verməyib. 1917-ci ildən bəri fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib. "Şollar” ilin bütün dövründə orta hesabla saniyədə 1270 litr su verir. Geologiya-mineralogiya elmləri doktoru Fəxrəddin Qədirov Şollar xəttinin son yüz ildə Bakı şəhərinin içməli su təminatında əhəmiyyətli rol oynadığını bildirib: "Şollar” həmin dövrdə Avropanın ən uzun su kəməri olub və mənbəyini Bakıdan 187 kilometr uzaqlıqda yerləşən Xudat şəhərindəki yeraltı sulardan götürüb. Kəmərin çəkilişi XX əsrin əvvəllərində geoloji, kimyəvi, fiziki, tibbi, texniki istiqamətlər üzrə ciddi elmi araşdırmalar nəticəsində mümkün olub. Bu baxımdan "Şollar” su kəmərinin çəkilişi ötən əsrin əvvəllərində Azərbaycanda təbiət elmləri sahəsində əldə edilmiş nailiyyətlərin nəticəsi hesab olunur”.

Əhalinin içməli su təminatı müstəqil dövrdə...

Müstəqillik əldə etdikdən sonra həm əhali artımı, həm də neft və qeyri-neft sektorlarının inkişafı yeni su mənbələrindən istifadəni gündəmə gətirib. Belə bir şəraitdə ümummilli lider Heydər Əliyev Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun çəkilməsinin vaxtının çatdığını bildirib və Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar verib. Ulu Öndərin adı ilə bağlı Oğuz-Qəbələ-Bakı Su Kəməri Prezident İlham Əliyevin göstərişi ilə reallaşıb və 2010-cu ildə istifadəyə verilib. Beləliklə, Abşeron yarımadası dörd mənbədən - Xaçmaz, Kür, Ceyranbatan və Oğuzdan nəql edilən su ilə qidalanmağa başlayıb. 1998-2005-ci illərdə "Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi” çərçivəsində Kür sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri aparılıb. Kür su kəmərləri sisteminin imkanlarından yararlanmaqla, 2012-2013-cü illərdə Şirvan-Muğan qrup su kəməri tikilib. Magistral kəmərin tam istismara verilməsi Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin 470 min nəfər sakininin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasına yol açıb.

"Azərsu” artan əhalinin su tələbatını qüsursuz ödəyir

"Azərsu” ASC Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində nəcib tədbirləri həyata keçirməkdədir. Ötən günlərdə Abşeron yarımadası üzrə ən böyük layihələrdən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğusu istifadəyə verilib. Bu qurğu bir milyona yaxın Abşeron sakininin su təminatını yaxşılaşdırmağa imkan verir. Kürdəxanı qəsəbəsində də içməli su şəbəkəsinin inşası yekunlaşıb. I Avropa Oyunlarına qədər Böyükşor gölünün ətrafında yeni kanalizasiya kollektorları və xətləri çəkilib. Hazırda su sayğaclarının yoxlanılması, təmiri və onlara texniki qulluq göstərilməsi məqsədilə Bakı şəhərində yeni laboratoriya fəaliyyət göstərir.

Mərkəz, ucqar bölgə demədən əhali təmiz su ilə təmin edilir...

"Azərsu” ASC Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularının imkanlarından tam istifadə edib. Qısa müddətdə bu qurğulardan Sabirabad və Saatlı şəhərlərinə 62 km uzunluğunda magistral su kəməri çəkilib. Bu kəmər Sabirabad rayonunun 100 min, Saatlının 47 min, Hacıqabulun isə 10 min sakininin tələbatını ödəməyə imkan verib. 24 km uzunluğunda Göygöl-Gəncə magistral su kəməri Gəncə şəhərinin su təchizatını daha da yaxşılaşdırıb. Respublikanın cənub bölgəsində yerləşən Xanbulaqçay anbarı sahilində məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğu inşa edilib və istifadəyə verilib. 2014-2015-ci illərdə Beyləqan, Ucar, Göyçay şəhərlərində su şəbəkəsinin tikintisi başa çatıb. Gədəbəy və Astara rayonlarının su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub. Bununla yanaşı, içməli su qıtlığından əziyyət çəkən kəndlərdə də layihələrin icrası istiqamətində mühüm işlər görülüb. 

Düşmən mövqelərinə yaxın məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndləri, eyni zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə yeni su xətləri çəkilib. Məlumdur ki, respublikamızda içməli su ehtiyatları məhduddur. Lakin "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müvafiq dövlət proqramlarını uğurla icra etməsi nəticəsində Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir. Ötən illər ərzində "Azərsu” ASC mühüm layihələrin icrası istiqamətində sanballı işlər görüb. Prezident İlham Əliyevin "İçməli su layihələri bizim üçün infrastruktur layihələri arasında prioritetdir” ifadəsini fəaliyyət proqramı qəbul edən "Azərsu” ASC rayon və kəndlərdə əhalinin keyfiyyətli suya tələbatını ödəmək üçün bir sıra layihələrin icrasını uğurla başa çatdırıb.

İsmayıl Qocayev

Yazı "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17