2013-11-05 18:27:32   |   779 dəfə oxunub

“Müəllimlərin maaşı 500 manata qaldırılsın”

Samir Şərifov isə deyib ki, təhsildə aparılan islahatlardan sonra bu məsələyə baxmaq olar



Ötən gün Milli Məclisin komitələrində 2014-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə start verilib. Sosial siyasət komitəsinin toplantısında Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev qurumun gələnilki büdcəsi haqqında məruzə edib. O bildirib ki, DSMF-nin büdcəsinin formalaşmasında dövlət transferlərin xüsusi çəkisi azaldılacaq:

"Əmək pensiyalarının növbəti ildə verilməsində inflyasiya indeksləşdirilməsi üçün də vəsait nəzərdə tutulur. İndeksasiya üçün 27,7 milyon manat nəzərdə tutulur. Fondun gələn il üçün gəlirləri 2 milyard 928 milyon manat proqnozlaşdırırlar ki, bu da 2013-cü ilin göstəricilərinə nisbətən 295, 18 milyon manat çoxdur. Gəlirlərin 60.18 faizi və ya 1 milyard 780,4 milyon manatı məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək ki. Bu da keçən ilə nisbətən 14,19 faiz çoxdur. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək sosial sığorta haqları proqnozu 660, 4 milyon manat təşkil edir. Sosial sığorta daxilolmalar proqnozunun 60,9 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. 2014-cü ildə dövlət büdcəsindən ayırmaların proqnozu 1 milyard 142 milyon manat nəzərdə tutulur ki, bu da keçən illə müqayisədə 65 milyon manat çoxdur. Fondun gələn il üçün xərcləri 2 milyard 928, 5 milyon manat proqnozlaşdırılır. Əmək pensiyalarının ödəniş xərcləri əhalinin ödənişlərinin 97, 4 faizini təşkil edəcək. Sahibkarlardan daxil olmalar 6 milyon manat proqnozlaşdırılır”.

Parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə vurğulayıb ki, ehtiyac meyarı əmək və əhalinin sosial müdafiəsinin həyata keçirdiyi ünvanlı sosial yardımlarla bağlıdır: "Gələn il üçün ehtiyac meyarını 100 manat miqdarında müəyyənləşdiririk. 2008-ci ildə bu rəqəm 45 manat olub”.

Neftin bir bareli 100 dollar götürülüb

İqtisadi siyasət komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib ki, növbəti ilin büdcəsi üçün xam neftin bir barreli üçün 100 dollar qiymət əsas götürülüb. Nazirin sözlərinə görə, qeyri-neft sektorunun xüsusi çəkisi 2013-cü illə müqayisədə 7 faiz artacaq: "Neft Fondundan dövlət büdcəsinə transfer isə 2 milyard manatadək azaldılaraq, 9 milyard 337 milyon manat təşkil edəcək. 2014-cü ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 31,4 faizi və ya 18 milyard 384 milyon manat həcmində nəzərdə tutulub. Dövlət büdcəsinin sosial yönümlü xərcləri 5 milyard 337 milyon təşkil edəcək”.

"Neftdən asılılıq kifayət qədər azalıb”. Bu sözləri isə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə söyləyib. Millət vəkili qeyd edib ki, 2003-cü ildə qeyri-neft sektorunun çəkisi ÜDM-də 5 milyard manat təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 32 milyard manat təşkil edib: "Ölkənin valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşır. 2003-cü ildə büdcənin gəlirləri 1,6 milyard dollar təşkil edirsə, 2013-cü ildə 27 milyard dollar təşkil edirdi. Bu, Azərbaycan iqtisadiyyatının aydın inkişafının nəticəsidir. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi artır və hazırda 58 faiz təşkil edir”.

Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinə 132 milyon manat ayrılacaq

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Möhsümov növbəti ildə Neft Fondunun aktivlərindən gəlirlərin 380 milyon manat təşkil edəcəyini açıqlayıb. O qeyd edib ki, növbəti ildə Fondun gəlirləri 11 milyard 626 milyon manat, xərcləri isə 11 milyard 391 milyon manat təşkil edəcək: "Xərclər əsasən mühüm infrastruktur və sosial layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Fond 2014-cü ildə qaçqın və məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması üçün 300 milyon manat, Bakı-Tbilisi-Qars dəmir tikintisinə 132 milyon manat, azərbaycanlı gənclərin xaricdə təhsil almasına 33, 7 milyon manat, Samur-Abşeron kanalının inşasının tamamlanması üçün 80,2 milyon manat, o cümlədən ölkənin bütün yaşayış məntəqələrinin optik çıxışının təmin edilməsi 100 milyon manat, yeni neft-qaz emalı müəssisəsinin və neft-kimya kompleksinin tikintisinə 285 milyon manat, TANAP layihəsinin maliyyələşdirilməsinə 800 milyon manat, Türkiyədə tikiləcək neft emalı müəssisəsində Azərbaycanın payı üçün 223 milyon manat vəsait ayrılacaq”. Fondun icraçı direktoru onu da bildirib ki, keçən il bir çoxlarının verdiyi proqnozlar düz çıxmadı: "Bəziləri deyirdi ki, fond büdcəsi kəsirlə dolacaq. Amma bu deyilənlərin əksi baş verdi. Bu il Neft Fondunun büdcəsi profisitlə tamamlanacaq. 1 milyard dollar həcmində profisit yaranacaq”.

"Təhsilin inkişafı üçün 2,2 milyard manat vəsait nəzərdə tutulsa da, bu, özünü təhsilin inkişafında göstərmir”

Komitənin üzvü, deputat Vahid Əhmədov dövlət büdcəsində rayonların mərkəzləşdirilmiş xərclərdən azad edilməsi məsələsinə münasibət açıqlayıb. O bildirib ki, bəzi rayonlar mərkəzləşdirilmiş xərclərdən azad edilsə də, digər rayonlarda xərclər artıb: "Bu məsələyə yenidən baxılmalıdır, daha ciddi yanaşmaq lazımdır. Hesab edirəm ki, bir neçə rayon mərkəzləşdirilmiş xərclərdən azad edilməlidir”. Millət vəkili təhsilin inkişafı və keyfiyyətinə nəzər salaraq qeyd edib ki, təhsilin inkişafı üçün 2,2 milyard manat vəsait nəzərdə tutulsa da, bu, özünü təhsilin inkişafında göstərmir. Məktəblərdəki qaz, su, işıq, istilik probleminə də toxunan V.Əhmədov sosial ipotekaya ayrılan xərclərin azlığından və ipoteka şərtləri barədə danışıb: "Bu yöndə şərtlər dəyişdirilməlidir. Aşağı təminatlı ailələr, gənclər, hərbçilər, müəllimlər bu krediti ala bilmirlər. Onlar faizi, ilkin ödənişi ödəyə bilmir”. Dövlət qulluqçularının maaşlarının azlığından gileylənən millət vəkili bildirib ki, yerli icra orqanlarında işləyənlərin əməkhaqqısı cəmi 150-200 manatdır: "Mən hökuməti dövlət qulluqçularının maaşını qaldırmağa səsləyirəm”.

"Amerika və Avropadakı kimi nisbi yoxsulluq prinsipləri üzərində yanaşmalara keçiləcək”

Deputat həmçinin Hesablama Palatasının büdcə zərfi ilə bağlı rəyindən narazı qaldığını söyləyib: "Bu rəydə ciddi heç nə ilə rastlaşmadıq. Qurum nəzarət funksiyası daşısa da, rəydə çatışmayan cəhətləri göstərməyib. Hesab edirəm ki, çatışmazlıqları da göstərməli idilər”.

Ehtiyac meyarı ilə bağlı deputat V.Əhmədovun qaldırdığı məsələyə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova münasibət bildirib. Nazir müavini söyləyib ki, Azərbaycanda yaşayış minimumu 125 manatdır: "Bu rəqəm ötən illərlə müqayisədə inflyasiyaya uyğun olaraq artırılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu gün Azərbaycanda bir ailəni təxminən 4 nəfər təşkil edir. Belə olan halda Azərbaycan ailəsində yaşayış minimumu 600 manata yaxın pul edir ki, bu da bir ailənin minimal tələbatını ödəmək üçün yetər. Amma ölkədə orta aylıq əməkhaqqının 414 manat olduğunu nəzərə alsaq, bu, yaşayış minimumdan aşağı göstərici sayılmalıdır”. S.Həsənova vurğulayıb ki, Azərbaycanda mütləq yoxsulluğun aradan qaldırılması üçün dövlət 2008-2015-ci ili əhatə edən yoxsulluğun azad edilməsi çərçivəsində müəyyən işlər həyata keçirir: "Hökumətin yaxın gələcəkdə əsas hədəfi ehtiyac meyarını yaşayış meyarına çatdırmaqdır. Ehtiyac meyarı yaşayış minimumu ilə eyniləşdirildikdən sonra ümumiyyətlə bu prinsiplərin meyarlarına yenidən baxılacaq. Amerika və Avropadakı kimi nisbi yoxsulluq prinsipləri üzərində yanaşmalara keçiləcək”.

"Müəllimlərin sayı azaldılsın, onların maaşları 500 manata qaldırılsın”

Millət vəkili Zahid Oruc da iclasda müəllimlərin əməkhaqqı məsələsindən danışıb. O deyib ki, müəllimlərin maaşlarının bir neçə dəfə artması üçün onların ixtisarına ehtiyac var: "Avropa ölkələri ilə müqayisədə Azərbaycanda 8 şagirdə 1 müəllim düşür. Yəni 179 min müəllim var ki, bu da yüksək göstəricidir. Bu gün müəllimlərin aylıq əməkhaqqısı 189 manat təşkil edir. Onların sayının çox olması əmək haqlarının artmasına mane olur. Attestasiya variantını da burada vurğulamaq istəyirəm. Yəni attestasiya yolu ilə beynəlxalq standartlarla uyğun şəkildə müəllimlərin sayını azalda, digər tərəfdən, onların əmək haqlarını minimum 500 manata qaldıra bilərik”. Deputat həmçinin müəllimlərə dövlət qulluqçusu statusunun verilməsinin tərəfdarı olduğunu açıqlayıb: "Necə olur ki, dövlət qulluqçularını yetişdirən insan -müəllim dövlət qulluqçusu olmur? Hesab edirəm ki, bu məsələyə baxılmalı və müvafiq qərar verilməlidir”.

Müəllimlərin maaş artımı və statusu...

Müəllimlərin dövlət qulluqçusu statusu məsələsindən danışan maliyyə naziri Samir Şərifov deyib ki, bu problemə baxıla bilər: "Amma Bakı şəhərində özəl məktəblər də fəaliyyət göstərir. Bu isə ciddi ziddiyyət yaradır. Özəl məktəblərin müəllimlərinin dövlət məktəblərində işləyənlərdən nə fərqi var? Hazırda dövlət qulluqçularının sayı 30 min civarında olsa da, təhsil sahəsində 440 mindən artıq insan çalışır. Odur ki, bu sahədə ciddi, düşünülmüş addımlar artırılmalıdır. Artıq Təhsil Nazirliyi islahatlara başlayıb və islahatlar nəticəsində müəllim-şagird sayı beynəlxalq standartlara uyğunlaşdırıla bilər. Bundan sonra müəllimlərin əmək haqqının artırılması məsələsinə baxmaq olar. Həmçinin dövlət qulluqçularının maaşının artırılması da nəzərdən keçiriləcək. Bu il dövlət büdcəsində çalışanların hamısının maaşı artırılıb. Amma 2014-cü ildə dövlət qulluqçularının əmək haqqının artırılmasına yenidən baxa bilərik”.

Millət vəkili V.Əhmədovun sosial ipoteka ilə bağlı dediklərinə gəldikdə isə nazir deyib ki, şərtləri yüngülləşdirməklə banklar risklə qarşılaşa bilərlər: "Sosial ipoteka mənzil problemini həll edən maliyyə vasitəsidir. Maliyyə Nazirliyi bankları məcbur edə bilməz ki, riskləri sığortalamadan ipoteka kreditləri versinlər. İpotekanın dünya praktikası öyrənilir və buna uyğun addımlar atılır. Doğrudan da burada müəyyən güzəştlər edilə bilər. Yəni ipoteka faizlərini müəyyən qədər azaltmaq mümkündür”.




Anar Bayramoğlu




SON XƏBƏRLƏR

2014-12-20
2014-12-19
2014-12-18
2014-12-17
2014-12-16
2014-12-13
2014-12-12
2014-12-11
2014-12-10