2013-11-13 23:08:54   |   8922 dəfə oxunub

Azərbaycanda Atatürkün “vurulma”sına başlanıldı

Sosial şəbəkələrdə türk dünyasının lideri sözlə “güllələnir”

Qabil Hüseynli: “Bu gün Atatürkə qarşı mübarizə aparanlar əslində elə türk dünyasına qarşı savaşırlar”

Mustafa Kamal Atatürk Türkiyəni əsarətin ağuşundan alan, türk tarixinin ən şanlı səhifələrini yazan əvəzsiz liderdir. Tarixə dərin iz salmış bütün böyük şəxsiyyətlərin dostları ilə yanaşı, düşmənləri də çox olduğundan bu cür liderlərin həyat və fəaliyyəti zaman-zaman müzakirə mövzusuna çevrilib. Elə məhz bu səbəbdən də günümüzdə ölməz Atatürkü sevənlər də var, sevməyənlər də. Əslində sevmək mövzusu subyektivdir və hərənin öz xarakterindən, anlayışından, biliyindən və təmayülündən asılıdır. Ancaq Atatürk kimi bir liderin yaratdığı Türkiyədə belə sözün əsl mənasında başa düşülmədiyini nəzərə alsaq, bu dahi şəxsiyyətin digər türk ölkələrində müzakirə mövzusuna çevrilməsini müəyyən qədər başa düşmək olar. Çox təəssüflər olsun ki, Atatürkün fikir dünyasını və şəxsiyyətini həqiqi mənada anlayan ziyalıların sayı həddindən artıq azdır. Bundan istifadə edən bəzi şər qüvvələr müharibə meydanlarında məğlub edə bilmədikləri və qarşısında diz çökməli olduqları Atatürkü türk xalqlarının gözündən salmaq üçün illərdir var qüvvələriylə çalışırlar və yəqin ki, bundan sonra da çalışacaqlar. Belə bədniyyət təfəkkür sahibi insanlar Atatürkün irqpərəst və dinə qarşı olduğunu dillərinə dolayaraq cahil insanlarda fərqli, dahi liderə qarşı mənfi təsəvvür yaratmağa səy göstərirlər. Bəzi məxluqatlar isə şüurlu şəkildə Atatürkü özlərinə qalxan edərək, onun düşüncə dünyasını, fikirlərini və həyata keçirdiklərinin mahiyyətini pozmağa cəhd edirlər. Təəssüflər olsun ki, "tarix yaradan”, "bütün dünyada qibtə hissi yaradan”, "qığılcımları alova çevirməyi bacaran dahi lider” bənzətmələri ilə yanaşı, Atatürkün ünvanına söylənilən "qanlı diktator”, "şovinist lider”, "islam düşməni” kimi ifadələr də səsləndirilir. Əlbəttə, toxunulmaz şəxs yoxdur. İstənilən insanı tutarlı fikir və faktlarla ittiham etmək, tənqid etmək olar. Amma təhqirə keçməmək şərti ilə.

Azərbaycanda Atatürkə olan ülvi sevgi hər zaman böyük olub. Zaman-zaman buna zərbə vurmağa çalışsalar da, dahi rəhbərə olan rəğbət zərrə qədər də olsun azalmayıb. Bəlkə də xalqımız özgələrinin "qapazı” altında yaşamağın nə demək olduğunu bildiyinə görə azadlıq carçısı Atatürkü daha çox sevmişik. "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən, "Azərbaycan gülərsə, biz də gülərik, Azərbaycan üzülərsə biz də üzülərik” söyləyən bir şəxsi sevməmək olarmı? Mərhum prezident Əbülfəz Elçibəy Atatürkün məqbərəsini ziyarət etdiyində xüsusi dəftərə "sənin əsgərin” şəklindəki sözlərini "Türkiyədəkilərin xoşuna gəlsin” deyə yazmayıb. Ümummilli liderimiz Heydər Əliyevin Atatürklə bağlı sözləri də sadəcə olaraq siyasi mülahizələrlə söylənmiş sözlər deyildi. H.Əliyev deyirdi ki, "Mustafa Kamal Atatürk bütün dünyaya sübut etmişdir ki, müsəlman ölkəsində, əsrlər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə layiqli cümhuriyyət qurmaq və demokratik yolla getmək olar. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mənəvi dəyərlərini bunlarla birləşdirərək, öz xalqını daha da yüksəklərə qaldırmışdır”.

Atatürk müzakirəsinin yenidən gündəmə gəlməsi isə dahi liderin ölümünün 75-ci ildönümü ilə bağlıdır. Xüsusən də, 10 noyabr 2013-cü il tarixində 1 milyon 89 min 615 nəfərin Atatürkün məzarı olan "Anıt Kabri” ziyarət etməsi onu sevməyənləri əməlli-başlı əsəbiləşdirib. Bəs görəsən, türkiyədəkilərdən fərqli olaraq, Azərbaycanda Atatürk nifrətini alovlandırmağa çalışanların məkrli niyyətləri nəyə xidmət edir? Niyə hər fürsətdə Atatürkün "din düşməni” olduğunu qabardan bəzi qruplar türkün ortaq dəyərini daş-qalaq etməyə çalışırlar?

Sualların cavabına keçmədən öncə son günlər sosial şəbəkələrdə cəmiyyətin tanınmış şəxslərinin də qatıldığı Atatürk müzakirələrdən maraqlı bəzi məqamları oxucuların diqqətinə çatdırmaq yerinə düşər. Ölkə mətbuatının kifayət qədər yaxşı tanıdığı Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban "Facebook” səhifəsində M.K.Atatürkün məşhur bir ifadəsini yazır: "Türkiyə Cümhuriyyəti şeyxlər, dərvişlər, müridlər, cahillər məmləkəti ola bilməz. Ən doğru, ən həqiqi təriqət, mədəniyyət təriqətidir”.

Fuad Dərgahlı adlı şəbəkə istifadəçisi isə cavab olaraq belə bir şərhlə cavab verir: "Atatürk qeyd-şərtsiz diktator olub. Həm də eləsindən ki, dünyaya min ildə bir gəlir. Allah Türkiyəni də, Azərbaycanı da bütlərə sitayişdən azad etsin. Onun kimi diktator bir də türk məmləkətinə gəlməyəcək. Axı hansı demokratiyadan danışırlar ki, onun dövründə ölkədə cəmi 1 partiya var idi. Şapka geyinməyənləri, türkcə bilməyən kəndliləri edam edən, diktatora tabe olmayan bütöv bir kəndi bombaladan bir hökumətin başında da Atatürk dururdu”.

Ceyhun Nəcəfov adlı "Facebook” istifadəçisi də müzakirəyə qoşulur: "Atatürkün dalınca hər cür hap-gop buraxan nurçu, erməni və sair xırdacıqlar keçmişdə də olub, indi də var. Amma onların izi-tozu qalmayıb. Əksinə, Atatürkün qoyduğu böyük irs bu gün də qalıb”.

Fuad Dargahlı: "Atatürk bütünə tanrı kimi inanan bədbəxtlər fərqli fikirləri erməni, kürd və s. kimi qəbul ediblər. Şükürlər olsun ki, müasir Türkiyə bu xəstəlikdən qurtulub. Əks halda, seçkilərdə CHP qalib gələrdi. 10 ildir CHP və hətta MHP "yolun qırağı” ilə gedirlər”.

İlham Şaban: "Fuad, sən niyə fontan vurursan, bilmirəm? Heç mən Türkiyənin içində bir AKP-çiyə rast gəlmədim ki, Atatürkə söysün. Heç millətçisini də görmədim ki, Ərdoğanı təhqir etsin. Belə yanaşma ancaq bizlərdən çıxar. Rəqəmsal yanaşma, yəni "sıfır, bir... sıfır bir”. Digər rəqəmlər isə sadəcə olmur. Ona görə belə qlobal şeylərdə xahiş edirəm emosiyalarına hakim olasan. Əgər sənin yanaşmanın 1 faizi Türkiyədə olsaydı, heç kəs Atatürkün qurduğu Cümhuriyyətin 100 illiyini 10 il əvvəl bayram etməyə hazırlaşmazdı. Nəsillərdən nəsillərə keçidin özü bir Cümhuriyyət ənənəsidir, lider yox. Atatürk isə Cümhuriyyətin simvoludur, bunu qəbul et, ya etmə. Bu, tarixə çevrilmiş bir faktdır”.

Fuad Dərgahlı: "Mən sadəcə hər hansı bir insanın bütləşdirilməsinin əleyhinəyəm. Sözüm ancaq budur. İdeal insan yoxdur. O cümlədən nə Atatürk, nə də Ərdoğan”.

Ceyhun Nəcəfov: "Nurçular Atatürkdən çox qərəzlidilər. Çünki Atatürkün qoyduğu dövlət sistemi hakimiyyətə iddialı olan dindarları başını belə qaldırmağa imkan vermirdi. Türkiyə konstitusiyası dini və sinfi təbliğatı qadağan edirdi.

Türkiyəni dini dövlətə çevirməyin qarşısını alan da elə Atatürkün irsidir”.

Mübahisəli müzakirə beləcə davam etdirilir.

Siyasi ekspert Qabil Hüseynlinin sözlərinə görə, Türkiyədə və Azərbaycanda "qanı qarışıq” olan bəzi adamlar qəsdən toplumda anti-atatürküçülük hisslərini oyadırlar: "Təəssüflər olsun ki, Türkiyədə PKK-nı müdafiə edən türk düşmənləri xislətində Azərbaycanda da adamlar var. Onlar bütün türk dünyasının liderini qaralama kampaniyası ilə məşğuldurlar. Təbii ki, bununla tarixi də saxtalaşdırırlar. Görəsən, "Atatürk diktatordu” deyənlər nəyə əsasən bunu söyləyirlər? Türkiyə işğalçı dövlətlərin tapdağı altında olduğu zaman ermənilər, yəhudilər, yunanlar və digər milli azlıq nümayəndələri türk dövlətinə qarşı çıxırdılar. Yəni dövlətin məhv olması üçün əllərindən gələni edirdilər. Ola bilər ki, Atatürk dövlətçiliyi və xalqı məhv olmaqdan qurtarmaq üçün müəyyən sərt tədbirlər görüb. Amma Atatürk istiqlal savaşçısı kimi ön cəbhələrdə vuruşmaqla və Cümhuriyyəti qurmaqla bütün türk insanının yaddaşında silinməz bir qəhrəman lider obrazına çevrilib. O, xalqın qəlbində yaradıcı və qurucu, gözü və könlü tox bir siyasətçi kimi qalıb. Türkiyə tarixində bu cür keyfiyyətləri özündə birləşdirən və illər keçdikcə daha da çox sevilən ikinci bir şəxs yoxdur. Bütün dünya nadir şəxs olan Atatürkə qibtə ilə baxır”.

Q.Hüseynli deyir ki, Atatürkü tənqid etmək olar. Onun hansısa fikirlərinin yanlış olduğunu söyləmək də mümkündür. Ancaq dahi lideri öz dövrünün şərtləri və ictimai-siyasi mühiti ilə mühakimə etmək lazımdır: "Bu gün bir qrup adam peyda olub ki, onların içində dindar olanlarla yanaşı, separatçılığa qulluq edənlər də var. Məhz belə adamlar Atatürkün şəxsiyyətini tez-tez gündəmə gətirməklə onu sevənlərinin gözündən salmağa çalışırlar. Amma dar düşüncəlilər anlamırlar ki, bu gün Atatürkün "vurulması” ümumilikdə türk dünyasının və onun ənənələrinin gözdən salınması deməkdir. Bu gün Atatürkə qarşı mübarizə aparanlar əslində elə türk dünyasına qarşı savaşırlar. Təbii ki, üç-beş adamın sərsəmləməsi ilə dahi şəxsiyyəti tarixdən silmək və nüfuzdan salmaq imkansızdır. O, türklərin qəlbini qazanmış liderdir. Bu mənada Azərbaycanda da bəzi "qanı xarablar” ki, bütün türklərin könül verdiyi Atatürkü sevmirlər və təhqir edirlər. Ancaq onların irəli sürdükləri ittihamları isbat edəcək faktları yoxdur”.




İsmayıl




SON XƏBƏRLƏR

2017-06-27
2017-06-26