2013-11-13 23:15:41   |   9154 dəfə oxunub

Axın var...

Xaricə gedən azərbaycanlı xəstələrin sayı çoxalıb

Müalicə və müayinə üçün xarici ölkələri seçən vətəndaşlarımız üçün üz tutduqları məkanlarda imkanlar getdikcə daralır. Xəbər verildiyi kimi, qardaş Türkiyədə xarici ölkələrdən gəlmiş şəxslər yerli vətəndaşlardan dəfələrlə artıq tibbi xərclər ödəmək məcburiyyətinə qalır. Bu, qonşu İranda da belədir.

Məsələ burasındadır ki, hər iki ölkədə xarici vətəndaşlar üçün tibbi xərclərdə fərqlilik olduğunu inkar etmirlər və bunun təbii olduğunu bildirirlər. "Siz xarici "əlsiniz”, deyib, qat-qat artıq qiymət tətbiq edirlər. Həm Türkiyəyə, həm də İran İslam Respublikasına müalicə üçün gedənlər qiymətlərdəki fərqi aşkar hiss edir. Halbuki həmin ölkələrdə tibbi xidmət yerli əhaliyə çox cüzi qiymətə başa gəlir. Hətta apteklərdə dərmanlar da yarı qiymətindən aşağı satılır. İranda əhalinin böyük hissəsi tibbi sığortaya malikdir. Xüsusən də dövlət qulluğunda çalışmış, həmçinin çalışan şəxslər. Dövlət qulluğunda çalışmayanlar da il ərzində müəyyən ödəmələrlə sığorta bankı yarada bilir. Və yığılmış məbləğdən sonra rahatlıqla istifadə edirlər. Xarici vətəndaşlar, o cümlədən azərbaycanlılar üçünsə, vəziyyət tamamilə fərqlidir. Bizdən mövcud qiymətlərdən bəlkə də 4 qat yüksək məbləğ ödəmək tələb edilir. Bununla belə vətəndaşlarımız yenə də ya Türkiyə, ya İran, ya da yaxın Gürcüstanı seçir. Cavab isə belədir ki, nə qədər yüksək qiymət olsa da, bütün hallarda Azərbaycan səhiyyəsindəki qiymətlərdən ucuzdur və üstəlik, yüksək tibbi xidmət təminatı da var.

Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla qonşu ölkələrdə xarici vətəndaşlar üçün tibb xərclərinin artırılmasını təbii qarşıladığını bildirdi:

- Hər ölkənin öz qayda-qanunu, idarəetmə sistemi var. Qiymətləri qaldıra da bilərlər. Biz nəyə əsaslanıb, onlara irad tuta bilərik? Tamamilə ayrı, müstəqil dövlətlərdir. Hər birinin öz daxili və xarici siyasət kursu, səhiyyə sistemi, ödəniş sistemi var. Onlar şərtləri diktə edən tərəfdir. Biz isə qəbul etməkdən başqa çarəsi olmayan. Hansı ölkəyə gedirsənsə, oranın qanunları ilə hesablaşmalısan. Şərt budur.

Bəs qiymət artımına səbəb nədir?

A.Qeybulla hesab edir ki, qiymətlərdəki artım tələbatın böyük olması ilə bağlıdır:

- Harda ki, tələbat var, orada təklif də yüksəlir. Görürlər ki, xaricdən gələnlərin sayı çoxdur, bundan yararlanmaq istəyirlər və qiymətləri artırırlar. Bunu da təəssüflə bildirməliyəm ki, bəli, xarici ölkələrə axın böyükdür. Burada bir çox səbəblər var. Tibbi xidmətin baha olması, bəzi hallarda həkimlərə inamsızlıq. Amma vətəndaşlarımızın müayinə və müalicə üçün xarici ölkələrə getməsinin əsas səbəblərindən biri tibbi sığorta haqqında qanunun qəbul edilməməsi və icraya yönəldilməməsidir. Tibbi sığortanın olmaması, vətəndaşların xarici ölkələrə axınını şərtləndirən mühüm amildir. Tibbi sığorta qəbul olunarsa, bu axının azalacağını düşünürəm.



Məlahət Rzayeva




SON XƏBƏRLƏR

2017-01-20