2017-03-15 00:56:30   |   732 dəfə oxunub

“Açıq söz”ün tarixi - Akif Aşırlı yazır

Yeni yaranan qəzetlər, senzura və media siyasəti

(Əvvəli ötən saylarımızda)

Tamaşanı izləyən qadınlar əsərdən aldıqları təəssüratları C.Məmmədquluzadəyə bildirərək, bu müvəffəqiyyətli və lazımi işini yüksək qiymətləndirirdilər. Hətta xanımların bir qrupu C.Məmmədquluzadəyə hədiyyə göndərib öz təşəkkürlərini bildirirdilər. Bu barədə "Açıq söz”ə məktub göndərən C.Məmmədquluzadə yazırdı:

"Müdir möhtərəm! "Ölülər” faciəsi tamaşasında əylənən müsəlman xanımları tərəfindən bəndənizə bir töhfə göndərilmişdir ki, ibarət olsun bir Səccadədən. Səccadənin üstündə əlvan ipək ilə çiçəklər toxunmuş və gözəl xətt ilə yazılmış: "Sübhan rəbbi Əl-Əli”. Səccadə ilə bərabər göndərilən məktubda xanım bacılar bəndəni təsirli ibarələr ilə alqışlayırlar. Məni yad edənlərə möhtərəm qəzetiniz vasitəsilə izhar təşəkkür, əlavə öz təşəkkürümü bəyan edirəm və səmimi qəlbdən deyirəm ki, həmin töhfə gələcək ömrümdə bəndə üçün bir qiymətli hədiyyə hesab olunacaq”. (13 may 1916-cı il № 184)
N.Nərimanov, Ş.Əfəndizadə, Seyid Hüseyn və başqa yazarlar "Ölülər” əsərinin səhnə taleyi ilə bağlı "Açıq söz”də xeyli materiallar çap edib, əsərin bədii həlli barədə fikir yürütmüşlər.

Moskva müsəlmanları "Molla Nəsrəddin”in 10 illiyi barədə "Açıq söz”ə təbrik teleqramı göndərir, məcmuənin ictimai həyatımızda böyük rol oynadığını bildirirdilər. Yubiley tədbiri barədə məlumatsız olduğunu qeyd edən "Açıq söz” bu barədə yazırdı: "İdarəmiz namına Moskvadan böylə bir teleqram gəlmişdir. "Müsəlman tarix və mədəniyyətini öyrənmə cəmiyyəti” idarəsi "Molla Nəsrəddin”in 10 illik yubileyini təbrik edir. Teleqramda bəhs olunan yubiley tərtib ilə böylə bir təşəbbüsün vücudu həddində idarəmiz xəbərsizdir. Bildiyimiz ancaq "Ölülər” komediyasının "Molla Nəsrəddin”i diriltmək qəsdilə Bakıda tamaşaya qoyulacağından ibarətdir ki, bu xüsusda əvvəlcə məlumat verilmişdir”. (15 aprel 1916-cı il №160).

"Molla Nəsrəddin” fəaliyyətinin bərpasını daim diqqətdə saxlayan "Açıq söz” 1917-ci ilin 8 fevral sayında oxuculara şad xəbər verirdi: "Həmin il fevralın 6-da "Molla Nəsrəddin” jurnalının birinci nömrəsi Tiflisdə çapdan çıxıb nəşr olunmağa üz qoydu”. Bu xəbərin ardınca məcmuənin abunə şərtləri sadalanırdı.

Orta Asiyada, Krımda və digər türk-müsəlman ölkələrində media mühiti barədə xəbərləri, müxtəlif məzmunlu məlumatları qəzet daim izləyir, həmin qəzetlərdən anotasiyalar, təhlillər çap edirdi. Qəzetin 1 avqust 1916-cı il tarixli sayında İrəvan müxbiri "Bürhani-tərəqqi” qəzetinin çapı barədə xəbər verirdi: "Bu gün avqustun əvvəlindən etibarən İrəvanda türk dilində yeni bir qəzetə çıxmağa başladı. Qəzetə hələlik həftədə bir dəfə nəşr olunacaqdır. Adı "Bürhani-tərəqqi”dir”.

*****

1917-ci ilin fevralından başlayaraq cəmiyyətdə siyasi fəallıq artdı, ziyalılar Romanovlar monarxiyasının çöküşündən sonra çar Rusiyasının əzilən millətləri üçün özünüifadə imkanlarının yaranacağını düşünürdülər. Bakı şəhər özünüidarə orqanı olan bələdiyyələrə və Rusiya müəssisələr məclisinə seçkilərdə iştirak etmək üçün siyasi fəaliyyət göstərən partiyalar, müsəlman ictimai təşkilatları fəallığa can atırdılar. Bakı və ətraf bölgələrində, İranın cənub hissəsində, Rusiyanın müsəlman-türk əhalisinin yaşadığı ərazilərdə böyük sosial bazaya malik olan "Müsavat” partiyası təbliğatı gücləndirməyə çalışırdı. "Açıq söz”ün təbliğat imkanları ilə yanaşı digər nəşrlərin çapı da nəzərdə tutulurdu. 

Sayca üçüncü firqə qəzetəsi "Müsavat”ın nəşri barədə "Açıq söz” yazırdı: "Türk-ədəmi Mərkəziyyət "Müsavat”ın nəşri-əfkarı olmaq üzrə şənbə günü həftəlik "Müsavat” qəzetəsi nəşrə başlayacaqdır. 7 sentyabr 1917-ci il tarixli "Açıq söz” dörd gündən sonra bu yeni qəzetin nəşri xəbərini oxuculara çatdırırdı: "Dün sentyabrın 10-da şəhərimizdə 3-cü firqə qəzeti olaraq Türk-ədəmi Mərkəziyyət firqəsinin məruc-əfkarı olmaq üzrə yeni bir qəzetə intişara başladı: - Müsavat qəzetəsi. İnsanlara hürriyyət, millətlərə müsavat şüarı ilə çıxan bu qəzetənin birinci nömrəsində "Buyurduğumuz yol”, M.Ə.Rəsulzadənin "Avazi-müsavat”, H.Sidqinin "Bizim istədiyimiz” kibi məqalələr qəzetənin fikir və məsləyini ortaya qoyur”.

1918-ci ilin başlanğıcı isə bir sıra yeni mətbuat nümunələrinin yaradılması ilə tarixləşdi. İran Demokrat firqəsinin fəalları Bakıda "Azərbaycan” adında ictimai-siyasi, ədəbi qəzet nəşr etmək barədə xəbər yaydı. "Azərbaycan” qəzetinin böyük formatda həftədə iki dəfə nəşri nəzərdə tutulurdu. (24 yanvar 1918-ci il № 663)

Dövrün məşhur jurnalistlərindən olan "Açıq söz”çü Sənutulla İbrahimov da "Altay” adlı qəzet nəşr edəcəyini bildirirdi. Həmkarının bu addımını yüksək qiymətləndirən "Açıq söz” bu barədə yazırdı: "Eşitdiyimizə görə, məşhur mühərrirlərimizdən Sənətulla Əfəndi İbrahimov bu yaxınlarda Bakıda "Altay” nam bir qəzetə təsis etmək üzrədir. Qəzetə türkcə, rusca olmaq üzrə iki dildə nəşr olub, türkcəsi ümumi türk dilidir, mümkün qədər bütün türk qövmlərinin hər birinin anlaya biləcəyi bir ləhcədə yayınmaya halət ediləcəkdir. Qəzetin təsisçisi sonra abunə dəftəri açacaqdır”. (25 yanvar 1918-ci il №664).

İctimai təşkilatlar, xeyriyyə qurumları qəzetin təqdimatında

1915-1918-ci illərdə Bakıda və əyalətlərdə, Tiflisdə, Rusiyanın müxtəlif bölgələrində türk-müsəlman xalqlarının yaratdıqları, təhsil müəssisələri qeyri-hökumət təşkilatları, mədəni-ictimai təsisatları barədə faktların əldə olunması üçün "Açıq söz” əvəzsiz mənbədir. O dövrün ictimai-siyasi və mədəni mühiti, qeyri-hökumət təşkilatlarının aktivliyi, fəaliyyət imkanları bu qəzetin səhifələrində kifayət qədər geniş, əhatəli formada öz əksini tapıb. "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”, "Nicat”, "Nəşri-maarif”, "Səfa”, "Ədəb yurdu”, "Mətbəə əmələləri”, "Ağ çiçək”, "Qardaş köməyi”, "Xalq yurdu”, "Möhtaclara kömək” Cəmiyyətlərinin fəaliyyətləri, planlaşdırılan tədbirlər və onların mövzuları, müzakirəyə çıxardıqları problemlər, maliyyə hesabatları, nizamnamə dəyişiklikləri demək olar ki, "Açıq söz”ün diqqətindən kənarda qalmırdı.

"Açıq söz” Bakıda fəaliyyət göstərən ictimai birliklər arasında Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyətinin işıqlandırılmasına daha çox üstünlük verirdi. Demək olar ki, qəzetin elə bir sayı yoxdur ki, orada bu cəmiyyətin və onun bölgələrdəki şöbələrinin fəaliyyətindən heç olmasa bir xəbər olmasın. 

Mübaliğəsiz demək olar ki, "Açıq söz” M.Ə.Rəsulzadə başda olmaqla, peşəkar Azərbaycan publisistlərinin toplaşdığı mərkəz olmaqla yanaşı, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin mətbu orqanı, əsas tribunasıdır. Qəzetin səhifələrində Xosrov Paşa Sultanov başda olmaqla, cəmiyyətin İrəvan, Qars, Sürməli, Tiflis, Batum, Axalkələki şöbələrinin əməkdaşları Birinci Dünya Savaşının faciələrindən yaxa qurtarmaq üçün Güney Qafqaza köç edən Anadolu türklərinin, Qafqaz cəbhəsində əsir düşən türk zabit və əsgərlərinin acınacaqlı durumunu göz önünə gətirir, "nə etməli” sualına cavab axtarırlar.
1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə yaradılan Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti adından göründüyü kimi yalnız Bakı şəhərində fəaliyyət göstərə bilərdi. Birinci Dünya Savaşının miqyası və faciələri böyük olduğundan, cəmiyyət fəaliyyətini genişləndirmək üçün təkrar nizamnamə dəyişikliyi etməli idi. 

"Bakı xəbərləri” rubrikasından "Açıq söz” bu barədə yazı dərc edərək, təşkilatın fəaliyyətini genişləndirmək istəyini xəbər verirdi: "Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsi nizamnaməsi yalnız Bakı quberniyasını əhatə edir. Son günlərin təsiri ilə nizamnamənin daha genişlənməsinə ehtiyac var” (18 noyabr 1915-ci il, № 38). Bu barədə müzakirələrin aparıldığını təsdiqləyən qəzet növbəti sayında ianə dairəsinin genişləndirilməsi üçün görülən hüquqi dəyişikliklər barədə belə bir xəbər yayırdı: 

"Oxucularımıza məlumdur ki, Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsi Bakı qorodnaçalniki vasitəsi ilə müraciət edərək, hərbzədələrə ianə ərazisi artırılmışdı”. Bununla da cəmiyyət üzvləri tək Bakıda deyil, Tiflisdə, İrəvanda, Qarsda, Batumda, Trabzonda və başqa bölgələrdə erməni-rus silahlılarının təcavüzünə məruz qalan, ev-eşiyindən, tarixi yurd yerlərindən didərgin düşən soydaşlarımıza, cəbhədə əsir götürülən türk hərbiçilərinə öz maddi-mənəvi dəstəyini göstərmək imkanı qazandı.

İrəvandan, Qarsdan, Batumdan, Axalkələkidən Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti nümayəndələri qaçqınların vəziyyətini, yandırılan Anadolu kəndlərində sahibsiz uşaqların, ahılların acınacaqlı durumunu kövrək notlarla qələmə alırdılar. 29 noyabr 1915-c il tarixli "Açıq söz”ün 48-ci sayında Qars Komitəsinin təsis olunduğu, dava vəkili Qantəmirovun Komitəyə nümayəndə seçildiyi xəbər verilirdi. "Qars hərbzədələrin halından” xəbər verən yazıda isə deyilirdi: "”Kaspi”nin yazdığına görə havalar soyuyub və isti paltara ehtiyac çox olduğundan Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsinin sədr müavini Qantəmirov həyəcan təbili çalır”.

(Davamı var)








SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17