2017-03-18 00:45:18   |   519 dəfə oxunub

20 manata sınaq imtahanının keçirilməsi doğru deyil

Hətta elə ailələr tapılacaq ki, bir sınaq imtahanında belə övladının iştirakına nail ola bilməyəcək


Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (I-IV ixtisas qrupları üzrə) qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən sınaq imtahanlarında iştirak ödənişli olacaq. Artıq müvafiq qərarla sınaq imtahanlarında iştirak etmək üçün ödəniş məbləği müəyyən olunub. Sınaq imtahanlarında bir dəfə iştirak üçün 20 manata ödəniş müəyyənləşdirilib.

Ancaq ödənişin məbləği narazılıqla qarşılanıb. Sosial şəbəkələrdə bu barədə şərh yazan bir sıra iqtisadçılar imtahanın 4-5 manata başa gəldiyi halda "niyə 20 manat” sualını gündəmə gətiriblər.

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü sınaq imtahanlarında iştirak üçün 20 manat ödəniş tələb olunmasının kifayət qədər baha olduğunu deyib: 

"Sınaq imtahanlarının 20 manat olması düzgün deyil. Ötən illərdə 20 manata bir abituriyent il ərzində 3 -4 dəfə sınaq imtahanında iştirak etmək haqqına sahib idi. Amma artıq bu imkanlar onların əlindən alınır və müəyyən məhdudiyyət yaradır. Bəlkə də maddi durumu yaxşı olan ailələr üçün bu artım ciddi problem olmayacaq. Amma iqtisadi cəhətdən çətinliyi olan ailələrin bu qədər ödəniş müqabilində övladlarını bir neçə dəfə sınaq imtahanına göndərməsi mümkün olmayacaq. Hətta elə ailələr tapılacaq ki, bir sınaq imtahanında belə övladının iştirakına nail ola bilməyəcək. Hesab edirəm ki, bu cür qərarlar qəbul etməzdən əvvəl əhalinin əmək haqlarını nəzərə almaq və adekvat rəqəmlər müəyyən etmək lazımdır”.

Şəymən







SON XƏBƏRLƏR

2017-10-17