2017-03-18 01:10:23   |   357 dəfə oxunub

Azadlığa çıxdılar Əfv sərəncamı 423 nəfərə yeni bir şans açdı

Əliməmməd Nuriyev: “Daha faydalı işlərdə iştirak etsinlər, ailələrinin, uşaqlarının qayğısına qalsınlar, yaxınlarını bir daha gözü yolda qoymasınlar”



Ölkə başçısı İlham Əliyev martın 16-da növbəti əfv sərəncamı imzalayıb. Sərəncamda 423 nəfərin adı var. 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən başqa cəzalardan azad edilib. Sərəncamdan irəli gələn vəzifələr Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən martın 17-də icra olunub.
Əfv edilənlər arasında qadınlar da var. Ümumilikdə 18 qadın məhbusun adı sərəncamda qeyd olunub. 14 qadın cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azadlığa çıxan məhkumlardan birinin isə 80 yaşı var. 1937-ci il təvəllüdlü Məmmədov Məmmədiyə Seyid oğlu qətldə təqsirləndirilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 23 may tarixli hökmü ilə məhkum edilib.

Eyni zamanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş iki nəfərdən birinin cəzası 25, digərininki isə 15 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad olunub. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından azad edilib. Bundan başqa, azadlığa çıxan məhbuslardan xarici vətəndaşların da olduğu bildirilir.
Əfv edilənlər arasında NİDA-çı Əbdül Əbilovun, Azadlıq qəzetinin redaktoru Qənimət Zahidin və Meydan TV-nin rəhbəri Emin Millinin qohumları, İsmayıllı hadisələrinə görə həbs olunan şəxslərin adları var.

Qeyd edək ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvləri 2017-ci ildə ilk dəfə fevralın 16-da, sonuncu dəfə isə - martın 11-də toplaşmışdı. Komissiya üzvləri Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanacağını açıqlamışdılar.

Son illər Azərbaycanda insan hüquqlarının təmini istiqamətində bir sıra humanist qərarlar qəbul olunub. Prezident İlham Əliyevin martın 16-da imzaladığı və ümumilikdə 423 nəfərə şamil olunmuş əfv Sərəncamı da bu humanizm aktlarının tərkib hissəsidir. Dövlət başçısının bu addımı Novruz bayramı ərəfəsində bir çox ailəni sevindirib.

Prezident Yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında ölkə başçısının imzalamış olduğu sərəncamı vətəndaşlara verilən dəyərin ifadəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu addım məhkumlara cəmiyyətə qayıtmaq üçün bir şansdır: 

"Novruz bayramı ərəfəsində cənab Prezident yüzlərlə ailəni sevindirdi. Sərəncamın həyata keçirilməsini şəffaf hesab edirəm. Media nümayəndələri, vətəndaş cəmiyyəti, əfv komissiyasının üzvləri və ombudsman nümayəndələri icra prosesində iştirak edirdilər. Proses yüksək səviyyədə keçdi və həmin şəxslər öz ailələrinə qovuşublar. Bu, böyük bir sevinc yaşatdı. Sərəncamın verilməsi eyni zamanda 423 məhkuma münasibətdə yeni bir şansdır. Daha faydalı işlərdə iştirak etsinlər, ailələrinin, uşaqlarının qayğısına qalsınlar, yaxınlarını bir daha gözü yolda qoymasınlar. Bu baxımdan hesab edirəm ki, dövlət mərhəmət nümayiş etdirib, dövlət başçısı dövlətin mərhəmət hüququnu tətbiq edib, vətəndaşına yeni imkanlar yaradıb. Ümid edirəm ki, məhkumlar verilən şansdan yararlanacaqlar və ölkəmizin inkişafında iştirak edəcəklər.

Qeyd etməliyəm ki, əfv sərəncamı imzalanarkən bütövlükdə müraciət etmiş şəxslərin ərizələrinə baxıldı, Əfv Məsələləri üzrə Komissiya tərəfindən çox obyektiv, hərtərəfli bir araşdırma oldu. Təsadüfi deyil ki, 900-dən artıq müraciətə baxıldı və onun 423-ü təmin olunubsa, bu artıq 50 faiz deməkdir. Bunun arxasında insan talelərinə diqqətli bir yanaşma durur. Buna görə də cənab Prezidentin sərəncamını alqışlayıram və ümid edirəm ki, əfv edilmiş şəxslər bundan müvafiq nəticələr çıxaracaqlar”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22