2017-03-18 01:18:49   |   1206 dəfə oxunub

“Nə qədər quru statistika sadalamaqla məşğul olacağıq”

Saxta diplomla bağlı kimlərsə açıq formada cəzalandırılmalıdır

“Elan edilməlidir ki, filan universitet və ya orta məktəbdə saxtakarlığa yol verilib”


Azərbaycanda saxta və yaxud ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərin aşkarlanması istiqamətində Təhsil Nazirliyi mütəmadi araşdırmalar aparır.

Nazirliyin Aparat rəhbəri Fariz Rzayev bildirib ki, 2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb. Aparat rəhbərinin sözlərinə görə, onlarla bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi yerli təhsili idarəetmə orqanlarına tapşırılıb:

"2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır”.

Saxta diplomlarla bağlı məsələlərin neçə illərdir ki, müzakirə olunduğunu deyən təhsil üzrə ekspert Nadir İsrafilov problemin rəsmi qurumlar tərəfindən ictimailəşdirilməsinin tərəfdarı olmadığını bildirib. Ekspertin sözlərinə görə, ilk olaraq problemin nədən qaynaqlandığını araşdırmaq lazımdır: 

"Bir vaxtlar TQDK tərəfindən rəsmi rəqəm səsləndirildi ki, 22 min saxta diplom var. Hətta məsələ o həddə gəlib çatdı ki, türkiyəli aktrisa çıxışında bildirdi ki, "mənə lazım olsa gedib Azərbaycandan saxta diplom alacam”. Təəssüf ki, aktrisanın adı yadımda deyil. Əlaqədar məsələdə diplomun saxtalığının nə olması hələ dəqiqləşdirilməyib. Bilinmir ki, diplomların möhürü, yoxsa imzası saxtadı. Kimsə gedib ali məktəbi Rusiyada və ya başqa ölkədə qurtarıb. Amma bu ölkənin diplomu bizdə tanınmayıbsa, diplom sahibinin günahı nədir? Bu məsələ sabiq təhsil naziri Misir Mərdanovun da dövründə qaldırıldı və xeyli vaxt gündəmi zəbt elədi. Hətta M.Mərdanov bir neçə müəllimi işdən azad elədi. Lakin həmin müəllimlər məhkəməyə müraciət elədilər və yenidən iş yerlərinə bərpa olundular”.

Ekspert həmçinin bildirib ki, statistikanı gündəmə gətirmək problemin həlli demək deyil. Onun sözlərinə görə, müstəqillik əldə ediləndən sonra 70-dən çox ali və orta ixtisas təhsil müəssisələri yaradıldı. Həmin müəssisələr də problemlərin artması üçün əsas zəmin rolunu oynayıb

"Biz özümüz buna zəmin yaratmışıq. 70-dən çox təhsil müəssisəsinin 30-a qədəri bilavasitə müəllim "istehsal eləmək”lə məşğul oldular. Bu səhvlər rəsmi qurumlar tərəfindən buraxılıb. Axı sovet dönəmində cəmi 4 ali məktəb müəllim hazırlığı ilə məşğul olurdu. Lenin adına Pedaqoji İnstitut, Axundov adına Rus Dili İnstitutu, SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutu. Bir də Şamaxıda Pedaqoji Texnikum var idi. Yalnız bu 4 təhsil müəssisəsi müəllim yetişdirirdi və müəllimlər də tam dövlət standartlarına müvafiq olaraq işlə təmin olunurdu.
Statistikadakı 600 müəllimin içində eləsi var ki, 10 ildi işləyir. İndi onları işdən azad etmək necə olacaq? Nə qədər insanlar gedib saxta diplom aldılar. Düzdü, bu məsələlər müəyyən qədər yoluna qoyulub. Bilirsiz ki, universitetlərin əksəriyyəti müəllim hazırlığı ilə əlaqədar olaraq bağlandı, bəziləri birləşdirildi. Bu istiqamətdə əvvəlki söz-söhbətlər nisbətən azalıb. Əvvəllər mətbuatda hər yerdə saxta diplomlarla bağlı məlumatlar var idi, amma indi bu məsələlər bir az azalıb”.

Ekspert sovet dönəmində tələb və təklif prosesinin olduğunu da diqqətə çatdırıb. Yəni, nə qədər tələb var idisə, o qədər də müəllim hazırlanırdı: 

"Onlar birbaşa təyinatla yerlərə göndərilirdi. İndi tələb və təklif yoxdu. Bu saat müəllimlərin sayı durmadan artır. Amma bununla da yenə məktəblərdə kadrlar çatışmır. Çünki müəllimlərin hazırlıq səviyyəsi həddindən artıq aşağıdır və imtahan qaydaları çox sərtdir. Buraxdığımız səhvləri kiminsə üstünə yıxmağa haqqımız yoxdur. İndi yüzlərlə elanlar var ki, xaricə tələbə göndərirlər. Bu tələbə də pul ödəyir və gedir xaricə oxumağa. İndi onun günahı nədir ki, diplomu təsdiqlənmir? Xaricə göndərişlərə ciddi nəzarət eləməlidirlər. Bu məsələlər yuxarı idarəetmə qurumları tərəfindən tənzimlənməlidir ki, belə hadisələr baş verməsin. Hər dəfə saxta diplomlarla bağlı müxtəlif rəqəmlər səsləndirilir. Saxta diplomla bağlı kimlərsə ictimailəşdirilmiş formada cəzalandırılmalı və elan edilməlidir ki, filan universitet və ya orta məktəbdə saxtakarlığa yol verilib. Belə tədbir görülsə, kimsə nəticə çıxarar ki, bu hərəkətə görə cəzalananlar oldu. Bu cəzasızlıq sindromu ki var və nə qədər ki, quru statistikanı sadalamaqla kifayətlənəcəyik, əsl səbəbkarı üzə çıxarıb onu ictimai şəkildə ifşa etməyəcəyik. Hesab edirəm ki, belə hallar bundan sonra da davam edəcək”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-10-18
2017-10-17