2017-03-18 16:50:59   |   326 dəfə oxunub

Azərbaycan mətbuatının region mediası ilə əlaqələri gücləndirilməlidir

Ekspertlər hesab edir ki, daha çox Türkiyə, Rusiya, Gürcüstanla inteqrasiyaya xüsusi diqqət yetirilməlidir


Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan bir qrup türkiyəli jurnalistlə görüş keçirilib. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, bu cür görüşlər Azərbaycan və Türkiyə mediası ilə iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində müstəsna rol oynamaqla yanaşı, ümumilikdə türk dünyasının konsolidasiyası ilə bağlı proseslərə də mühüm töhfə verməkdədir: "Biz eyni zamanda, beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı məsələlərə də həssas yanaşmalıyıq.

Çünki çox zaman bu istiqamətdə sui-istifadələrin şahidi oluruq. Türkiyə və Azərbaycana qarşı heç də birmənalı münasibət yoxdur. Hollandiyanın yol verdiyi qeyri-etik hərəkət, üstəlik, ölkədə türklərə qarşı həyata keçirilmiş zorakılıq aktları bunu bir daha təsdiqlədi. Düşünürəm ki, media orqanlarımız bu reallıqdan çıxış etməlidirlər”.

Ə.Amaşov qeyd edib ki, Azərbaycan Mətbuat Şurası ümumən İran, Rusiya və Gürcüstan daxil olmaqla, ümumilikdə bölgə jurnalistlərinin görüşünü təşkil etməyi planlaşdırır. Bu görüşün reallaşmasında Türkiyə mediası ilə qarşılıqlı təşəbbüskarlıq mühüm əhəmiyyət daşıyacaq.

İlk növbədə qeyd edək ki, hazırda ölkəmizdə dünyanın nüfuzlu xəbər istehsalçıları ilə əməkdaşlıq edən xeyli sayda KİV orqanı fəaliyyət göstərir və Azərbaycan KİV-lərinin, media qurumlarının beynəlxalq əlaqələri elə də pis deyil, əksinə, qənaətbəxşdir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında jurnalistlərin beynəlxalq əlaqələrinin də özünəməxsus rolu var. Əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin media nümayəndələri Azərbaycana səfərlər edirlər. Eləcə də bizim jurnalistlər bir sıra beynəlxalq tədbirlərdə iştirak edərək, onların təcrübəsindən yararlanmağa çalışırlar. Təbii ki, bu səfərlər dövlətlər arasında münasibətlərdə də öz sözünü deyir. Lakin media ekspertləri də hesab edir ki, dünyanın aparıcı KİV-ləri və media qurumları ilə paralel olaraq region ölkələri ilə də yaxından əlaqə qurmaq vacibdir. Hazırda isə bu əlaqə daha çox bir istiqamətdə - Türkiyə ilə qurulub.

Onu da deyək ki, Azərbaycan mətbuatının region mediası ilə əlaqələrinin hansı səviyyədə olduğunu araşdırmaq üçün bir sıra media ekspertləri ilə əlaqə saxladıq.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Şərq”ə açıqlamasında region ölkələri arasında ancaq qardaş Türkiyənin jurnalistləri ilə münasibətlərimizin qaneedici səviyyədə olduğunu deyib. Onun sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər keçirilib və bundan sonra da keçiriləcək:

"Hətta vaxtı ilə türk dövlətlərinin əməkdaşlığı ilə bağlı bir platforma vardı. Amma çox təəssüflər olsun ki, son dövrlərdə həmin platformanın fəaliyyəti dayanıb. Bu isə artıq Azərbaycandan asılı olan bir məsələ deyil”.

E.Mirzəbəylinin sözlərinə görə, Rusiya jurnalistləri isə daha çox Azərbaycanda nəşr olunan rusdilli media nümayəndələrinin əlaqələri var. İranla isə münasibətlərimiz bir o qədər geniş deyil. Bunun da obyektiv səbəbləri var.

Azərbaycan jurnalistləri ilə Rusiya, Türkiyə və Gürcüstan jurnalistlərinin peşəkarlıq səviyyəsinə, dünyagörüşünə və öz dövlətlərinin maraqlarının müdafiəsi istiqamətində atdığı addımlara görə eyni platformada əməkdaşlıq etməsinin bir qədər çətin olduğunu vurğulayan baş redaktorun sözlərinə görə, ancaq informasiya mübadiləsi baxımından əməkdaşlıq münasibətləri qurmaq olar: "Amma onu da deyim ki, şəxsən öz adıma Azərbaycan jurnalistləri ilə İran və Rusiya jurnalistlərinin bir araya gəlməsinin əhəmiyyətli bir addım olacağına inanmıram. Biz onlarla hər nə qədər sıx əməkdaşlıq edib, daimi görüşlər keçirsək belə, onların Azərbaycana qarşı qərəzli mövqelərinin dəyişəcəyini gözləmirəm. Çünki həmin ölkələri təmsil edən jurnalistlərin Azərbaycana münasibəti öz ölkələrinin yeritdiyi siyasətdən qaynaqlanır. Bəlkə də axtarsaq, Rusiyada Azərbaycan haqqında ədalətli və qərəzsiz informasiya yazan media resursu və ya jurnalist tapmaq olar. Amma İranla bağlı eyni fikirləri bölüşmürəm. Hesab edirəm ki, İran mətbuatı ilə Azərbaycan mətbuatı arasındakı əlaqələrin genişləndirilməsi bizə heç nə qazandırmayacaq. İranda media anlayışı bizim qəbul etdiyimiz media anlayışından fərqli olduğu üçün belə bir addıma ehtiyac görmürəm. Şəxsən mən İran jurnalistləri ilə üz-üzə oturub, hər hansı bir problemi müzakirə etmək və birlikdə çıxış yolu axtarmaq istəmərəm. Buna nə mənəvi ehtiyac duyuram, nə də Azərbaycan mediasının belə bir əməkdaşlığa ehtiyacı olduğunu düşünürəm.

Türkiyə jurnalistlərinə gəldikdə isə bu cür səfərlərin daha mütəmadi və sistemli hal almasını bugünkü qarışıq dünyada çox vacib hesab edirəm. Bu cür siyasi, dini, mədəni, birlik, qardaşlıq belə qarışıq məqamda hədəfləri düzgün müəyyən etməyə, problemlərimizi və uğurlarımızı vahid gücə çevirərək hədəflərimizə çatmaq istiqamətində səyləri artırmağa xidmət edir”.

Region jurnalistikasında dərin inteqrasiyaya ehtiyac olduğunu vurğulayan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrətin sözlərinə görə, xüsusən də Güney Azərbaycan məsələsi üçün bu, son dərəcə əhəmiyyətli bir addım olar: 

"Türkiyə mediası ilə əlaqələrimiz kifayət qədər qaneedici, münasibətlərimiz yüksək səviyyədədir. Nəinki region, hətta beynəlxalq media ilə əməkdaşlığımız belə daha çox Türkiyə mətbuatının fonunda özünü doğruldur. Zaman-zaman bir sıra jurnalistlərimiz Türkiyə mətbuatında yazılarla çıxış edir. Amma ümumilikdə götürsək, Azərbaycan jurnalistlərinin region əlaqələri məni qane edəcək səviyyədə deyil. Xüsusən də 40 milyona yaxın Azərbaycan türkünün yaşadığı İran mediası ilə əlaqələrimiz çox zəifdir. Eyni vəziyyət Borçalı məsələsi üçün də keçərlidir. Dağıstanda yaşayan türk xalqları ilə münasibətlər fonunda bu sahədə də çox ciddi boşluqlarımız var. Amma rusdilli media ilə əməkdaşlığımızı qənaətbəxş hesab etmək olar. Bilirsiniz ki, Azərbaycanda bir sıra rusdilli mətbuat fəaliyyət göstərir. Məhz həmin mətbuat orqanlarının bir qismi də Rusiya mətbuatı ilə əməkdaşlıq edir”.

A.Həsrətin sözlərinə görə, Türkiyə Azərbaycan, Gürcüstan və Rusiya jurnalistləri arasındakı münasibətləri dərinləşdirmək üçün real addımların atılması çox yaxşı olar: "Ümid edirəm ki, əl-ələ verib Əflatun Amaşovun bu təklifini gerçəkləşdirə biləcəyik”.

Mövcud əlaqələri yetərli hesab etməyən A.Həsrət bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıracaq jurnalistlərin sayı maksimum həddə çatmalıdır. "Ən azından bizim jurnalistlər xarici mediada Azərbaycan əleyhinə gedən yazılara cavab verməkdə aktivlik göstərməlidirlər. Biz öz işimizi elə qurmalıyıq ki, Azərbaycanla bağlı həqiqətləri və problemləri bütün dünyaya duyura bilək”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin beynəlxalq jurnalistika kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Vüqar Zifəroğlu isə Azərbaycan jurnalistləri ilə region jurnalistləri arasında müəyyən münasibətlərin olduğunu deyib: 


"Azərbaycanda keçirilən konfranslarda iştirak edən xarici jurnalistlərin sayına istinadən deyə bilərəm ki, müvafiq əlaqələr o qədər də məhdud səviyyədə deyil. Region jurnalistləri arasında Azərbaycan haqqında obyektiv məqalələr hazırlayan insanlar xeyli saydadır. Amma sözsüz ki, daha yaxşı ola bilər. Bu mənada Əflatun müəllimin təklifi təqdirəlayiqdir. Biz Türkiyə, İran və Rusiya jurnalistləri ilə münasibətlərimizi genişləndirməliyik. Hətta Azərbaycanın Yaxın Şərqin bir hissəsi olduğunu nəzərə alaraq ərəb ölkələri ilə də münasibətlər qurmaqda fayda var. Bu il Azərbaycanda "İslam həmrəyliyi” ili elan olunub. Həmçinin İslam Oyunlarına hazırlıq prosesi gedir. Bəs bütün bunlar fonunda ərəb mediasında bu gün Azərbaycan mövzusu nə dərəcədə yer alıb?”

İnformasiya ilə manipulyasiya hallarının artdığını vurğulayan V.Zifəroğlu deyib ki, bu cür əlaqələr Azərbaycanın imicinin korlanması kimi halların qarşısının alınması baxımından da faydalıdır.

Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov isə deyib ki, Mətbuat Şurasının İran, Rusiya və Gürcüstan daxil olmaqla, ümumilikdə bölgə jurnalistlərinin görüşünün təşkili ilə bağlı təşəbbüsü müsbət addımdır:

"Ümumiyyətlə, son vaxtlar Azərbaycan Mətbuat Şurası xarici jurnalistləri ölkəmizə dəvət edir, eyni zamanda azərbaycanlı jurnalistlərin xaricə səfərlərinin təşkili istiqamətində mühüm işlər görür. Bu həm yerli jurnalistlərin xarici həmkarları ilə münasibətlərinin qurulmasında, fikir mübadilələrinin aparılmasında vacib əhəmiyyət kəsb edir, həm də xarici KİV-lərdə ölkəmiz barədə dərc edilən məlumatlarda obyektivliyin təminində rol oynayacaq. Bunun bəhrələri gələcəkdə hiss olunacaq”. Qloballaşan dünyada informasiyanın çox böyük güc olduğunu vurğulayan M.Gülməmmədov hesab edir ki, Azərbaycan həqiqətlərinin dünyaya, region dövlətlərinə çatdırılması istiqamətində bu kimi təşəbbüslər yalnız alqışlanmalıdır. Onun sözlərinə görə, MŞ-nin bu addımı artan rakursla davam edəcək. Bu həm də yerli jurnalistlərin təcrübələrini artırmaları baxımından da yaxşı fürsət olacaq.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2017-03-30
2017-03-29