2017-03-18 18:03:33   |   345 dəfə oxunub

Türkiyənin media rəhbərləri Atatürk Mərkəzində olublar


Bu gün Atatürk Mərkəzində Azərbaycanda səfərdə olan Türkiyənin yeddi media qurumun rəhbərinin, həmçinin Türkiyənin böyük jurnalist cəmiyyətləri rəhbərləri ilə görüş keçirilib. Görüş həmçinin 18 mart Şəhidləri Anma Günü və Çanaqqala Dəniz Zəfərinin 102-ci ildönümünə həsr olunub. Sherg.az xəbər verir ki, səfərin məqsədi onların Azərbaycanla daha yaxından və geniş şəkildə tanışlığı olub.

Tədbirdə Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov, Atatürk Mərkəzi İctimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı, deputat Qənirə Paşayeva, Antalya Qazetiçilər Cəmiyyətinin və Ak Deniz Qazetiçilər Federasiyonunun başqanı Mevlüt Yeni, Türk Ocaqları Dərnəyi Antalya şöbə başqanı Abdullah Usal və digər rəsmi şəxslər və KİV iştirak edib.

Atatürk Mərkəzi İctimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı təmsil olunduğu qurumun türk xalqları arasındakı əlaqələrin dərinləşməsinə yönələn fəaliyyətindən söz açıb. O, eyni zamanda, istər ölkəmizə, istərsə də ölkəmizdən türk dünyasının müxtəlif bölgələrinə işgüzar səfərlərin bundan sonra da təşkil olunacağına əminliyini bildirib.

Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov qonaqlara ölkəmizdə türk dövlətlərinin və xalqlarının əməkdaşlıq məsələləri ilə bağlı çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb, mövcud əməkdaşlıqda media orqanları arasındakı münasibətlərin əhəmiyyətindən söz açıb.

Millət vəkili Qənirə Paşayeva jurnalist kimi uzun müddət çalışdığını qeyd edərək, mətbuat və medianın dövlət qurumlarının, habelə parlament üzvlərinin səsinin topluma duyurulmasında önəmli bir yer tutduğunu bildirib.

Antalya Qazetiçilər Cəmiyyətinin və Ak Deniz Qazetiçilər Federasiyonunun başqanı Mevlüt Yeni bildirib ki, təmsil olduğu qurum bir çox partnoyarla əməkdaşlıq edir: 

"Biz bu görüş üçün özəl bir zamanı seçdik. Azərbaycanda Novruz bayramı qeyd olunur həmçinin Çanaqqala Dəniz Zəfərinin 102-ci ildönümüdür. Biz iki gündür Bakıdayıq. Səfərimiz çərçivəsində Azərbaycan Mətbuat Şurasında olduq və iki qurum arasında işbirliyi protokolunu imzaladıq”.

Türk Ocaqları Dərnəyi Antalya şöbə başqanı Abdullah Usal da səfərin əhəmiyyətindən danışıb. O deyib ki, Bakıda ikinci səfəridir: "Biz bu görüşlərdən sonra Türkiyə ilə Azərbaycanlı qardaş mətbuat işçilərinə yeni imkanlar açmış olacayıq”.

Tədbirə diskussiya şəklində yekun vurulub.

Ayyət






SON XƏBƏRLƏR

2017-09-20
2017-09-19