2017-03-18 22:03:17   |   290 dəfə oxunub

Bakı İslam Oyunlarının ilk biletləri prezident və xanımına verildi


"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə 55 gün qaldığı vaxtda – martın 18-də Oyunların ilk biletləri Azərbaycan prezidenti İlham Əliyevə və xanımı, "Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim olunub. Biletlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Novruz münasibətilə Bakıda keçirilən ümumxalq yürüşündə təqdim edilib.

APA-nın xəbərinə görə, "Bakı-2017” Əməliyyat Komitəsinin məlumatında bildirilir ki, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına biletlərin ümumi satışına martın 19-da (bazar günü) start veriləcək. Bu münasibətlə "Gənclik Mall”da idmançı və ulduz səfirlərin - İlham Zəkiyev, Fəridə Əzizova, Tünzalə Ağayeva, Hacı Nuranın və "Bakı-2017”nin talismanları "İncə” və "Cəsur”un iştirakı ilə xüsusi tədbir keçiriləcək. Tədbirdə tamaşaçılar idman sessiyaları və konsert proqramlarına qoşulmaq üçün müxtəlif müsabiqələrə qatılaraq bilet qazanmaq imkanı əldə edəcəklər.

Oyunlarla əlaqədar satışa 500 min bilet çıxarılacaq. "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında azarkeşlər idmanın 20 növü üzrə 170 idman sessiyasını izləmək imkanı əldə edəcəklər. Bütün idman sessiyaları üçün biletlərin qiyməti 2-5 manat arasında dəyişir.

IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar 2013-cü il iyulun 24-də İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunan VIII Baş Assambleyasında qəbul edilib. 2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevadır.

IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyasından keçmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır: https://www.baku2017.com/az/p/media-akkreditasiyasi






SON XƏBƏRLƏR

2017-09-20
2017-09-19