2017-04-18 02:53:54   |   618 dəfə oxunub

Repressiya illərinin jurnalistikası...


(əvvəli ötən sayda)

1920-ci illərin sonu, 30-cu illərin əvvəlində kollektivləşmə adı altında ortabab kəndlilərin bir sinif kimi ləğv olunması və etiraz edənlərin Sibirə sürgün edilməsi, güllələnməsi kəndlilərin kütləvi etirazına səbəb olurdu. Ancaq kəndlilərin öz hüquqları uğrunda mübarizəsi, kütləvi aksiyaları siyasi orqanlar tərəfindən banditizm adlandırılır və silahla yatırılırdı. Avtoritar idarəçilik sistemi və Stalinin ətrafında formalaşan şəxsiyyətə pərəstiş Azərbaycan ziyalıları tərəfindən heç də müsbət qəbul olunmurdu.

Bu səbəbdən ziyalılar, qələm sahibləri, alimlər təhqiramiz münasibətlərə, alçaldıcı təzyiqlərə məruz qalır, "zərərsiz” hala salınmağa çalışılırdılar. 

Tarix elmi üzrə fəlsəfə doktoru, Mətbuat tarixi üzrə araşdırmaçı, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, 1920-1990-cı illər” adlı kitabında repressiya dövrünün mətbuatı ilə bağlı maraqlı faktları ortaya çıxarıb. Həmin dövrdə mətbuatın fəaliyyəti ilə bağlı geniş araşdırma aparan araşdırmaçı qəzet və jurnalların əsas qayəsinin sovet ideologiyasına xidmət etmək olduğunu vurğulayıb. 

Müəllif kitabında yazıb ki, "Leninizm bütün dünyada qələbə çalacaq” şüarını manşet edən "Ədəbiyyat” qəzeti 1937-ci ilin 31 yanvar tarixli sayında "Antisovet trotskiçi mərkəzinin mühakiməsi”ni çap edib. Dərc olunan materialda 1937-ci il yanvarın 23-dən 30-dək keçirilən məhkəmədə üzləşmələr, şahid ifadələri əksini tapıb. "Kommunist” qəzeti 1937-ci ilin yanvar ayı boyu bütün saylarında trotskiçi-zinoyevçilərin məhkəmə prosesinin stenoqramını dərc edərək, şərhlərlə birlikdə çap edib. "Alçaqların ən alçaqları”, "Antisovet trotskçi banditlərə, ziyankarlara, casuslara ən ağır cəza”, "Faşist köpəkləri yanılmışlar”, "İnsanlıq simasını itirənlər”, "Xainlərə ölüm” başlıqları 1937-ci ilin qanlı repressiyasının mətbuatdakı əsas şüarları idi. İnsanlığa uyğun gəlməyən, etikadan kənar kəskin ifadələrin, söyüşlərin qəzet səhifələrində əksini tapması repressiya illərinin jurnalistikasının prinsiplərinə, yazı üslubuna, ifadə tərzinə çevrilib. "Ədəbiyyat” qəzetində dərc olunan "Vətən xainlərinə” məqaləsi mərkəzdə Stalinə, partiyanın rəhbər işçilərinə qarşı "planlaşdırılan” terrorun izlərini Azərbaycanda axtarırdı: "Azərbaycanda bu nacinslər, bizim xalqımızın qara bayquşu, qəddar düşməni olan Müsavat tör-töküntüləri ilə birləşmişlər. İllərlə Ruhulla Axundov, Hənəfi Zeynallı kimi əksinqilabçı xəyanətkarların mədəniyyət və ədəbiyyat sahəsində çalışmaları biz yazıçılardan daha artıq sadiqlik tələb edir”.

A.Aşırlı araşdırmasında yazıb ki, o ağır günlərdə mətbuatda dövlət sirlərini mühafizə edən idarənin rəisi İbrahim Eminbəyli də "əksinqilabi millətçi təşkilatın üzvü, gizli müsavatçı” kimi həbs olunub. 

Müstəntiqin ittihamlarından biri də qadağan olunmuş kitabların saxlanılması ilə bağlı idi. Qondarma ittihamları rədd etməsi İbrahim Eminbəylini xilas edə bilmədi. Mir Cəfər Bağırovdan kömək gözləyən İ.Eminbəyli ona məktubla müraciət edərək yazırdı: "Bu məsələ ilə bağlı mənimlə bir neçə gün fasiləsiz 14-15 saat sorğu-sual aparıblar. Mənə verilən ittihamları qəti rədd edirəm və kömək göstərməyinizi gözləyirəm”. Ağır psixoloji sarsıntıya, fiziki işgəncəyə məruz qalan İ.Eminbəyli sonda millətçi təşkilatın üzvü olduğunu etiraf edir. Qəzetin həmin sayında sovetlərin ordenli şairi Səməd Vurğunun "Ölüm xəbərçiləri”nə şeiri, Nigar Rəfibəylinin "Mikroblar”, Əli Vəliyevin "Amansız olmalı” məqalələri dərc olunub. Partiyanın rəsmi siyasətinə müxalifət olduğu üçün xalq düşməni elan edilən Hənəfi Zeynallı 1923-cü ildən Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından olub və uzun müddət burada baş redaktor vəzifəsində çalışıb. 1923-1931-ci illərdə "Kommunist” qəzeti, "Maarif və mədəniyyət”, "İnqilab və mədəniyyət”, "Maarif işçisi” jurnallarında əməkdaşlıq edərək, öz siyasi-elmi, publisistik yazılarını dərc etdirib”.

Müəllif qeyd edib ki, ziyalıların, qələm adamlarının, Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqilliyi, istiqlal arzularını yaradıcılığına gətirən ədiblərin "qara siyahısı” tərtib olunub: 

"Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn barəsində sovet quruluşunun əleyhinə olan burjua təfəkkürlü qələm adamları obrazları yaradılması o dövrün mətbuatının qarşısında əsas məqsəd idi. Repressiya maşınından kənarda qalmaq və bütün haqsız hücumları dayandırmaq üçün Azərbaycanın bu vətənpərvər ziyalıları mətbuatda yazılarla çıxış edirdilər. Seyid Hüseyn də məhz bu cür tale yaşayan qələm sahiblərindəndir. "Mən aprelə borcluyam” məqaləsində barəsindəki hücumları dayandırmaq üçün bəzi "günahları”nın olduğunu etiraf edirdi. Ancaq "etiraf” dolu yazının ardınca "Ədəbiyyat” qəzeti Seyid Hüseynin müsavatçı olduğunu, qohumu M.Ə.Rəsulzadənin yolunu gözlədiyini, ətrafına gənclər yığıb təşviqat-təbliğat apardığını yazırdı. Bütün bu ittihamların sonu olaraq Seyid Hüseyn güllələnməyə məhkum edildi.

1937-38-ci illər respublikada nəşr olunan bütün mətbu orqanlar öz səhifələrində qorxu, nifrət və ölüm saçırdı. İlk səhifədə iri ölçüdə əks olunan Stalinin portreti bu ölüm qoxuyan səhifələrə sanki nəzarət edir, istiqamət verir, Azərbaycanın milli ruhlu şair və yazıçılarını, partiya fəallarını, elm adamlarını izləyirdi. "Ədəbiyyat” qəzetinin 10 may 1937-ci il tarixli sayında Azərbaycan Sovet Yazıçılar İttifaqı İdarə Heyətinin növbəti iclası barəsində məlumat dərc olunub. Həmin məlumata görə, Mikayıl Rəfilinin xalq düşməni olması müzakirəyə çıxarılıb. Məlumatda M.Rəfilinin Müsavat hakimiyyəti dövründə anti-inqilabçı bir təşkilata mənsub olaraq, bir çox gəncləri ətrafına yığdığı, Ruhulla Axundovun vasitəsilə təhsil aldığı, buna görə də anti-inqilabçılara qoşulduğu qeyd olunur. Ata-babasının siyasi mənsubiyyətinə və işğalçı qoşuna qarşı mübarizə apardığına görə övladına qarşı ittiham kimi irəli sürənlər Azərbaycan ədəbiyyatşünaslıq elmində məxsusi yeri olan M.Rəfilini də repressiya maşınının qurbanına çevirdilər. Dəyərli qələm adamları kimi o da güllələndi. "Ədəbiyyat”ın elə həmin sayında "Dramaturqlarımızın müşavirəsi” məqaləsində açıq-aydın eyni cinahda dayanan sənət dostlarını üz-üzə qoyur. Guya, Mirzə İbrahimovun "Həyat” pyesinin səhnəyə qoyulmasına anti-inqilabçı Ruhulla Axundov, Eminbəyli, Əli Nəzmi maneçilik törədiblər. Repressiya illərinin jurnalistikasını səciyyələndirmək, onun tələblərini müəyyənləşdirmək, ölçülərini bilmək üçün "Ədəbiyyat” qəzetində "Pravda”nın 25 illiyinə həsr olunan bir səhifəlik məqalədə əksini tapan faktlara nəzər yetirmək kifayətdir: "Mətbuat işçiləri üçün sayıqlıq başlıca şərtdir. Qəzetdə çalışan adamların nə cür olduqlarını bilmək lazımdır. Yalnız redaksiya işçilərini deyil, qəzetlə əlaqəsi olanların hamısına bələd olmaq lazımdır. Korrektor, yaxud mürəttib gizli düşmən olarsa, qəzetin işinə zərər vura bilməzmi?”. Redaksiyalarda əməkdaşların bir-birinə nəzarət etməsi, güdməsi, danosçuluğa cəlb olunmaları adi hal almışdı. Belə çətin, mənəvi-psixoloji durumda çalışmaq çətin olduğu qədər də acınacaqlı idi”.

Akif Aşırlı araşdırmasında bildirib ki, Azərbaycan mətbuatında şərəflə çalışan qadınlara qarşı da repressiya maşını işə salınıb. Onların fəaliyyətində anti-sovet elementləri aşkarlanıb: 

"Əsasən "Şərq qadını” ("Azərbaycan qadını”) jurnalında çalışan ziyalı xanımlardan Mədinə Qiyasbəyli, bir müddət jurnalın baş redaktoru olan Gülarə Qədirova, Xədicə Qayıbova 37-ci ilin qurbanlarına çevriliblər. Hər üç xanım əksinqilabçı millətçi təşkilatının üzvü və pantürkist ittihamı ilə üzləşib, müsavatçılarla əlaqədə günahlandırılıb. Azərbaycan ədəbiyyatının ən önəmli simalarına qarşı da mətbuatda təhqir elementləri ilə dolu hücumlar təşkil edilir, onlar öz səhvlərini etiraf etməyə dəvət olunurdular. "Köhnə düşüncələrə mübtəla olan, deyimlərindən millilik duyulan” Səməd Vurğun da məcburən bu cür etiraflarda bulunurdu: "Bütün bu işdə yazıçılar ittifaqının rəhbər işçiləri, o cümlədən mən özüm partiyamızın və xalqımızın qarşısında cavab verməliyik”.
Təkcə ziyalılara, qələm adamlarına deyil, partiya-sovet işçilərinə, zəhmət adamlarına qarşı da bu cür qarayaxmalar aparılır, onların adı xalq düşmənlərinin siyahısına salınırdı. "Gənc işçi” qəzetinin 1929-cu il 12 noyabr tarixli sayında dərc olunan "Əhməd Cavadın quyruqlarına mübarizə açılmalıdır” məqaləsində Mikayıl Müşfiq, Məmməd Rahimin poeziyası "saf-çürük” edilirdi. Bu iki şair Əhməd Cavadın təsiri ilə sovet quruluşunun əleyhinə şeirlər yazmaları diqqətə gətirilirdi.
Əhməd Cavadın şeirlərinin Türkiyədə Azərbaycan mühacirlərinin nəşr etdikləri "Yeni Qafqaziya” və "İstiqal” məcmuələrində çap olunması şairin "şura ictimaiyyətindən gizlin fəaliyyəti” kimi qələmə verilirdi. Sonra mübarizə aparacaqları hədəfləri də müəyyənləşdirirdilər: "25-ci ildə Həbib Cəbiyevin rəhbərliyi altında "Kommunist” qəzeti yanında təşkil olunmuş "Qızıl Qələm” Cəmiyyətini dağıtmağa çalışan Müşfiq və Rahim kimilər uzun mübarizədən sonra bizə yaxın gəldilərsə, yenə də gizlində əsas inqilabi şeir yazmaqdan özlərini ala bilmədilər”. Açıq-aydın hücum və təhdid kampaniyası "Gənc işçi”nin digər saylarında da davam etdirilir. Kolxozlarda mal-qaranın azalması, neft sənayesində hasilatın aşağı düşməsi, kənd təsərrüfatı sahələrində ziyanverici həşəratların artımı da düşmən fəaliyyətinin nəticəsi hesab edilirdi. "Kommunist” qəzetində dərc olunan "Düşmən ifşa edilməyəndə” məqaləsində istifadə olunan ifadələr, yazı üslubu minlərlə bu cür yazıda təkrarlanırdı: "Lenin neft trestində gündə 300-350 ton neft verən 5-ci mədəni gündəlik neft hasilatı planının 80-85 prosent yerinə yetirə bilmir. Fondda olan 98 quyudan 71-i işləyir. Bu mədən 6 ayda ölkəyə 17 min 245 ton neft borclu qalıb. Bu biabırçı geriləmənin səbəbi göz qabağındadır. Düşmən əməlidir”. Açıq fikirli partiya fəalları, ictimai xadimlər "Trotskçi-zinoyevçi” terrorçu dəstənin üzvləri hesab edilir, onların əsil-nəcabətləri araşdırılır, Müsavata bağlılığı yoxlanılırdı. Əgər kiminsə vaxtilə Müsavata üzv olan qohum-əqrəbası vardısa, onlar xalq düşmənləri elan edilir, mətbuatda ünvanlarına kəskin yazılar dərc olunurdu. Qonaqkənd rayonunun partiya fəalları, dövlət strukturlarında çalışanlara qarşı "Kommunist” qəzetində 15 avqust 1937-ci il tarixindən 20 avqustadək 10-a yaxın ifşaedici yazılar çap edilib. Bununla kifayətlənməyərək ayrı-ayrı rayonların partiya fəallarının rəyləri, mövqeləri dərc edilib. Bu tip məqalələrin birinə diqqət yönəltməklə "yaradıcılıq taktikası” haqqında tam təsəvvür formalaşdırmaq mümkündür: "Alman-yapon faşizminin alçaq və mundar agentləri, onların quyruqları - müsavatçı, daşnak-menşevik zir-zibilləri respublikamızın sənayesini, kənd təsərrüfatını zəiflətməyə çalışırlar. Qonaqkənd rayonunda ifşa edilmiş xalq düşmənlərinin kolxozlarda apardıqları anti-kolxoz, anti-sovet işləri buna misaldır. Bu rayonun sabiq məsul işçilərindən Yusif Cəfərov, Əli Qasımov uzun müddət maska ilə işləyərək rayonun sosial-ekonomik və başqa sahələrində ziyan vurmaqdan çəkinməmişlər. Xain Yusif Cəfərov hələ 1933-1934-cü illərdə partiya kollegiyasında işləyərkən İsmayıllı, Biləsuvar və başqa rayonlarda sədaqətli sovet-partiya işçilərini uzaqlaşdırmışdır”.

Bu cür tənqid və təhqir dolu məqalələrin nəticəsi olaraq qəzetlər "Kommunist”in köməyi ilə məhkəməyə verilmişdir” başlığı ilə informasiyalar dərc olunurdu. Qəzetin 12 avqust tarixli sayında bu sərlövhə ilə oxuculara çatdırılan informasiyadan aydın olur ki, Zəngilan rayonunun "Qızıl əkinçi” kolxozunun sədri Camal Sadıqov, briqadirlər Məmmədov və Bağırov fermada 16 öküzün ölməsi səbəbindən prokurorluğa verilib. Digər informasiya isə günümüz üçün olduqca maraqlı və təəccüblü görünə bilər: "Kəlbəcər rayonunun Qaraxan kolxozunun bir baş inək və bir baş cöngəsini canavar yediyinə görə, Əli Mollamirzə məhkəməyə verilmişdir”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19