2017-04-20 00:15:31   |   113 dəfə oxunub

Radikal güclərə qarşı koalisiya qurmaq asan deyil

Qərbin bəzi dairələri məzhəb savaşlarını dərinləşdirmək istəyirlər


Fransanın keçmiş baş naziri Fransua Fiyon islam "totalitarizmi” ilə mübarizə aparmağın yolunu açıqlayıb. O bildirib ki, radikal güclərlə mübarizə aparmaq üçün ilk növbədə beynəlxalq alyans qurulmalıdır. Fiyonun sözlərinə görə, belə bir alyansın köməyi ilə təkcə İŞİD-i yox, Pakistandan Qərbi Afrikaya qədər bütün radikal və terrorçu hərəkatları dayandırmaq olar. Sabiq baş nazir hətta Rusiya və İranla da ittifaq yaratmağın zəruri olduğunu söyləyib. Ancaq irqçiliyi ilə tanınan Fiyon terrorla mübarizə məsələsini islam dini ilə eyniləşdirib: 

"Biz Fransada cihadı təbliğ edən bütün islami hərəkatları qadağan etməliyik”. Məlumdur ki, uzun müddətdir Yaxın Şərqdə İŞİD-ə qarşı mübarizə apardığını iddia edən Qərb koalisiyası fəaliyyət göstərir. Ancaq göründüyü kimi, ortada müsbət nəticə yoxdur. Bölgədə terror fəaliyyətləri nəinki zəifləyib, əksinə, daha da genişlənib. Belə bir məqamda Fiyonun dediyi kimi, yeni hərbi alyans yaratmaq problemi aradan qaldıracaqmı? Ekspertlərin fikrincə, hər hansı hərbi alyansa tamamilə əks cəbhədə dayanan Rusiya və İranı cəlb etmək mümkünsüzdür. 

Məsələ ilə bağlı "Şərq”ə danışan "Tolerant” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Azər Rəşidoğlu deyib ki, Qərbin bəzi dairələri məzhəb savaşını dərinləşdirmək istəyirlər: 

"Digər strateqlər isə xristian-müsəlman savaşına nail olmağa çalışırlar. Lakin inanmıram ki, ABŞ və Qərb ölkələrinin təşkil etdiyi hərbi koalisiyalara İran və Rusiyanı cəlb etmək mümkün olsun. Çünki kəskin maraqlar Rusiya və İranı müttəfiqə çevirir. Məhz bu səbəbdən bu iki ölkə Qərbə qarşı vahid cəbhədə birləşə bilirlər. Əlbəttə, terrorizmə qarşı mübarizə mühümdür. Amma bunu islam dini ilə eyniləşdirmək yanlışdır. Xristian, ateist və digər təbəqələrin arasında da terrorçu təşkilatlar kifayət qədərdi. Görünən odur ki, Qərbin hədəfində İrandır. Ancaq İranın xarici münaqişələrə cəlb edilməsi imkansızdır”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-12-17
2017-12-16