2017-04-20 00:34:19   |   286 dəfə oxunub

Qeyri-neft sektorunun inkişafı dəstəklənməlidir

Bu sahənin inkişafı ölkəyə daha çox valyuta axınına səbəb olacaq


Aprelin 17-də Yevlaxda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bir daha qeyri-neft sahəsinə yüksək diqqət və qayğının göstəricisi oldu. Şübhə yoxdur ki, ölkə rəhbərliyinin xüsusi dəstəyi ilə Azərbaycanda qeyri-neft sahəsinin inkişafı daha dinamik xarakter alacaq.

Dövlət başçısı tərəfindən verilən mühüm tapşırıqlar nəticəsində bu sahə üzrə ixrac həcmi sürətlə çoxalacaq. Əslində, bir neçə ildir yürüdülən siyasət birbaşa qeyri-neft sahəsinin dinamik inkişafına nail olmağa, bu sektor üzrə ixrac həcminin artırılmasına xidmət edir. Prezident çalışır ki, qeyri-neft sektorunun inkişafı sürətlə həyata keçsin. Çünki buna nail olmaq üçün Azərbaycanda hər cür şərait mövcuddur. 

Bu istiqamətdə ehtiyatlarımız kifayət qədərdir. Dövlət başçısı aqrar sektora ona görə xüsusi diqqət ayırır ki, Azərbaycan uzun müddət aqrar-sənaye ölkəsi olub. Vaxtilə ulu öndər Heydər Əliyevin zamanında respublika büdcəsinin 40-45 faizi kənd təsərrüfatından əldə olunan gəlirlər hesabına formalaşıb. Hazırda bu rəqəm 12 faizə düşüb ki, bu da aşağı göstəricidir. Prezident bölgələrə çıxmaqla həm yerlərdə şəraitlə tanış olur, həm də vəziyyəti şəxsən özü nəzarətdə saxlayır. Şübhə yoxdur ki, Prezidentin qeyri-neft sektorunun dinamik inkişafına yönəlik atdığı addımlar tezliklə öz müsbət nəticəsini verəcək. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Yevlax müşavirəsi çox mühüm əhəmiyyət kəsb edir. 

Deputatın sözlərinə görə, dövlət proqramlarının ana xəttini təşkil edən maddələrdən biri də regionların tarazlı inkişafıdır: 

"Müşavirənin regionda keçirilməsi məhz dövlətin bu sahəyə diqqəti və siyasi dəstəyini nümayiş etdirir. Artıq qeyri-neft sektorunun inkişaf templəri bizi qane edir və bu sahədə müəyyən irəliləyişlər mövcuddur. Təkcə bu ilin birinci rübündə 2 faiz artım əldə olunub. Hesab edirəm ki, dövlət başçısı mühüm sahələrin inkişaf etdirilməsi ilə bağlı bütün istiqamətləri müəyyənləşdirib. Qeyri-neft sektorunun inkişafı üçün potensial istiqamətlər təyin edilib. Kənd təsərrüfatında şərabçılıq, pambıqçılıq, fındıqçılıq, üzümçülük, baramaçılıq, eləcə də ənənəvi sahələrdən toxuculuq və digər məhsullarımız dünya bazarına çıxarılıb. O cümlədən, gümüş, dəmir və filiz yataqları ilə əlaqədar çox böyük perspektivlərin olduğu müəyyən edilib. Azərbaycan kosmik ölkələr sırasına daxildir. Bizim artıq üçüncü peykimiz orbitə çıxarılacaq. Kənd təsərrüfatı, sənaye sahələri, eyni zamanda informasiya texnologiyaları sahəsində Azərbaycanın geniş potensialı var. Bütün bu imkanlardan maksimal şəkildə istifadə edilməsi üçün göstəriş verilib. Bu sahələrin müəyyənləşdirilməsi ilə yanaşı, onların hərəkətə gətirilməsi üçün qanunvericilik bazasına müəyyən dəyişikliklər də edilib. Siyasi və maddi dəstək var. Mühüm dəyişikliklərin aparılması ölkənin ixracyönümlü, rəqabətə davamlı məhsullarının dünya bazarına çıxarılmasını təmin edir”. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib ki, artıq qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün prioritet məsələdir: 

"Neftin dünya bazarındakı qiymətləri ilə bağlı proqnozlar fərqli olsa da, hələlik onun aşağı həddə qalacağı barədə səslənən fikirlər özünü daha çox doğruldur. Bu fonda düşünmək olar ki, neft erası artıq başa çatıb. O baxımdan qeyri-neft sektorunun inkişafı dəstəklənməlidir. Ölkə iqtisadiyyatının dayanıqlığı praktik olaraq qeyri-neft sektorunun inkişafından asılıdır. Ona görə də qeyri-neft sektorunun dəstəklənməsilə bağlı fəaliyyətlərin genişləndirilməsi olduqca vacibdir. Dövlət dəstəyinin artırılması qeyri-neft sektorunun mövqeyinin möhkəmlənməsinə gətirib çıxaracaq. Bu, imkan verəcək ki, qeyri-neft sektoru üzrə ixracatın çəkisini artırmaq mümkün olsun. Qeyri-neft sektoru dayanıqlı iqtisadi inkişaf baxımından çox vacibdir. Bu sahənin inkişafı ölkəyə daha çox valyuta axınına səbəb olacaq. Eyni zamanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olmağa imkan verəcək”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-12-17
2017-12-16