2017-04-20 00:40:36   |   186 dəfə oxunub

Sərnişin axınlarının sayı, istiqaməti, məqsədləri öyrənilməlidir



Bakı Nəqliyyat Agentliyinin (BNA) direktoru Vüsal Kərimli paytaxtımızdakı avtobusların sayının həddindən artıq çox olması barədə danışıb. O, Bakıda olan avtobusların sayının Türkiyə ilə müqayisədə daha çox olduğunu deyib.

V.Kərimli həmçinin bildirib ki, "Dərnəgül” və Avtovağzal”da habların yaradılması planlaşdırılır: "Bakının şimal çıxışında da bir habın yaradılması barədə düşünürük. Hazırda oranın təhlili aparılır.
İndi Bakıda 2049 avtobus var. Bakı üçün 2100 avtobus lazımdırmı? Məsələn, Türkiyənin İstanbul kimi böyük şəhərində dövlətin balansında olan 4700 avtobus var. Amma İstanbulun əhalisinin sayına nəzər salın. Bundan başqa, İstanbulda marşrut avtobusları, taksi xidmətləri, ekspress xətlər, "metrobus”lar, BRTS var. Seçim imkanı çoxdur. Buna baxmayaraq, avtobusların sayı əhalinin sayına nisbətdə azdır. Bizim hesablamamıza əsasən hablar ərazisində qalan hissəyə təxminən 500-600 avtobus xətti lazımdır. Qaradağ, Ələt və digər yaxın qəsəbələrdən gələn avtobusların şəhər mərkəzinə girməsi düzgün deyil. Bu, həm əlavə tıxaclara səbəb olur, həm sakinlər, həm də sürücü uzun yol getmiş olur. Məhz buna görə, "Lökbatan” Nəqliyyatın Mübadilə Mərkəzindən (NMM) istifadə etməyə başlamışıq”.

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov şəhərdəki avtobusların sayının əsasən sərnişinlərin sıxlığına görə müəyyən olunduğunu deyib. Ekspertin sözlərinə görə, bəzi vaxtlarda başqa şəhərlərlə müqayisələr aparılmır. Bunun üçün də ilk olaraq İstanbulda ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin sayı dəqiqləşdirilməlidir: 

"Sərnişin daşımalarında müxtəlif formalı marşurt növləri var. Birinci forma şəhər daxili, şəhər ətrafı kimi nəzərdə tutulsa da, hər bir avtobusun öz sxemi var. Məsələn, dioqanal forma, mərkəzdən keçən forma və.s. Bakı şəhərində elə yerlər var ki, orda nəqliyyatın çox olmasına baxmayaraq ola bilsin ki, sərnişinlərin sayı azdı. Amma son zamanlar ölkəmizdə sərnişinlərin sayı çox olur.
Bəlkə İstanbulda şəxsi avtomobillərdən, tramvaydan, metrodan istifadə olunur. Bölgü üzrə şəhərdə hər bir nəqliyyat vasitəsinin istiqamətləri sərnişinlərin sayına görə müəyyən olunur. Əlbəttə, məqsədəuyğun olardı ki, şəhər ətrafı avtobuslar şəhərin müxtəlif nöqtələrindən həmin şəhər ətrafı məntəqələrə getsin”.

Professor həmçinin bildirib ki, sərnişinlərə xidmətin keyfiyyət göstəriciləri də əsas məsələlərdəndir. Və bu keyfiyyət göstəricilərindən biri də sərnişinlərin nəqliyyat vasitəsində itirdiyi vaxtla müəyyən olunur: 

"Yəni sərnişinlər nəqliyyat vasitəsində işə gedib-gələndə nə qədər az vaxt sərf edirlərsə, bu, xidmət keyfiyyətinin yüksəlməsini göstərən bir amildir. Ona görə bəzi vaxt bizdə bir nəqliyyat vasitəsi ilə başqa nəqliyyat vasitəsinin vaxt dəyişməsi, sürücülərin müxtəlif yerlərdə çox dayanmaları, yolda sərnişin götürmələri insanları bir qədər narahat edən məsələdir. Şəhər nəqliyyatındakı məsələlərlə bağlı nəzəri cəhətdən yox, praktiki olaraq tədqiqat aparmaq lazımdır. Sərnişin axınlarının sayını, istiqamətini, məqsədlərini öyrənmək lazımdır. Ondan sonra bu məsələ haqqında konkret söz demək olar.
Lakin məqsəd ona yönəlir ki, sərnişinlərə xidmət keyfiyyəti artsın, onlar yolda çox qalmasın və təhlükəsizlik təmin olunsun. Bu məsələlər həm Nəqliyyat Agentliyinin məqsədi, həm də əhalinin arzusudur. Ona görə də məqsədyönlü şəkildə problemi həll etsələr, yaxşı olacaq. Amma bu birtərəfli formada - Nəqliyyat Agentliyinin öz işini yaxşılaşdırmaq üçün həll olunsa və sərnişinlərin tələbatı nəzərə alınmasa, bir qədər çətinlik törədəcək”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-10-18
2017-10-17