2017-04-20 00:54:43   |   432 dəfə oxunub

Nikolay Bordyuja altdan-altdan ermənilərə işləyirdi


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibliyinə axır ki, Ermənistan nümayəndəsi - general Yuri Xaçaturov təyin edildi. Təyinat bir neçə dəfə Qazaxıstanın və Belarusun səyi nəticəsində təxirə salınsa da, ermənilər israrlı şəkildə öz generallarını təşkilata sədr seçməyi bacardılar.

Bu hadisə Ermənistan ictimaiyyətində sevinclə qarşılanıb. Ancaq erməni politoloqlarından bəziləri bu təyinatın arxasında başqa siyasi səbəblərin durduğunu və əslində Ermənistana xeyir gətirmədiyini iddia ediblər. Ölkəmizdəki bir sıra ekspertlərə görə isə Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan generalının belə bir təyinat alması Dağlıq Qarabağ münaqişəsinə, xüsusən sülh danışıqlarına mənfi təsir göstərə bilər. Amma əksəriyyət hesab edir ki, ümumi anlamda təyinatın heç bir mənası və düşmənə faydası yoxdur. 

Bu barədə "Şərq”ə fikirlərini bölüşən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, əvvəlki sədr Nikolay Bordyuja altdan-altdan ermənilərə işləyirdi. İndi isə konkret bilirik ki, qarşımızda erməni generalıdır və o, hansı məqsədə qulluq edir: 

"Bəlkə belə daha yaxşıdır. Görürəm ki, Azərbaycanda bəziləri bu xəbərdən narahat olmağa başlayıblar. KTMT-yə erməni generalın sədr seçilməsi təəccüb doğuracaq hal deyil. Dotasiya prinsipi ilə Nikolay Bordyujanın yerinə Ermənistan təmsilçisi gətirilməli idi. İndiyə kimi Qazaxıstan və Belarus prosesi 7-8 dəfə uzatdılar və təyinatla bağlı konfransa gəlmədilər. Bilirik ki, Qazaxıstan və Belarus dövlətləri Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərdikləri üçün bu cür addım atdılar. Amma onu da bilirik ki, əvvəl-axır bu təşkilata erməni generalın təyinatı reallaşmalı idi”. 

Politoloq deyib ki, KTMT-nin başında Yuri Xaçaturov durur. Lakin bu o demək deyil ki, təyinatdan sonra təşkilatla Azərbaycan arasında gərgin münasibət olacaq: 

"Quruma erməni general rəhbərlik edəndən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində düşmənin xeyrinə dönüş yaranmayacaq. Şübhəsiz ki, erməni general təşkilat daxilində Azərbaycan əleyhinə hansısa qərarların qəbul edilməsinə çalışa bilər. Lakin o sənədlərin qəbul edilməyəcəyi bəllidir. Hətta Rusiya dəstək versə belə Qazaxıstan və Belarus rəhbərliyi Azərbaycan əleyhinə heç bir sənədə imza atmaz”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-12-14
2017-12-13