2017-04-20 01:00:58   |   181 dəfə oxunub

BQXK heç vaxt girovların azad olunmasına çalışmayıb

Ancaq onlar ermənilər qarşısında elə bir tələb qoya bilərlər ki, mənfurların Dilqəmlə Şahbazı Azərbaycana təhvil verməkdən başqa yolları qalmaz


2014-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Şahbaz Quliyevin qardaşı İlham Quliyev ötən gün "Şərq”ə açıqlamasında qardaşı ilə bağlı yeni məlumatların olmadığını deyib. Sonuncu dəfə Ş.Quliyev barədə bir ay bundan əvvəl məlumat aldıqlarını deyən girovun qardaşı iki gün qabaq Beynəlxalq Qırmızı Xaç Komitəsinə gedərək, məktub yazıblar.

Qeyd edək ki, öz doğmalarının qəbrini ziyarətə gedən Dilqəm Əsgərovla Şahbaz Quliyev öz ərazilərində qanunsuz tutulub. Onlar Azərbaycan ərazisində həbs olunublar, ancaq beynəlxalq ictimaiyyət hələ də susur. İlk vaxtlarda bu məsələ dünya ictimaiyyətinin diqqətinə çatdırılanda, beynəlxalq təşkilatlar məlumatlandırılanda, girovları geri qaytarmaq kimi fikirlər çox səsləndi. Bu istiqamətdə də müvafiq addımlar atıldı. Həm dövlət, həm də ictimaiyyət səviyyəsində. Nəticə isə göz önündədir. Ailələrinin narahatlığı da onu deməyə əsas verir ki, BQXK girovlarımızı taleyin ümidinə buraxıb. Görəsən, Dilqəmlə Şahbazın Azərbaycana qaytarılması istiqamətində real addımlar atmaq müvafiq qurumun səlahiyyətləri xaricindədir, yoxsa özləri həmyerlilərimizin taleyinə qarşı laqeyd münasibət göstərirlər?

Beynəlxalq Qırmızı Xaç Komitəsinin səlahiyyətlərinin kifayət qədər geniş olduğunu vurğulayan millət vəkili Elman Məmmədovun sözlərinə görə, ikili standart yeridən bu qurum heç vaxt bizim girovların azad olunmasına çalışmayıb: 

"BQXK-nin bəyanatları da qeyri-səmimidir. Necə yəni, "biz öz səlahiyyətimiz çərçivəsində fəaliyyət göstəririk?!” Onların səlahiyyəti çox genişdir.

Əgər riyakarlıq etməyib, girovlarımızın qaytarılması məsələsini digər aparıcı beynəlxalq təşkilatlar qarşısında qaldırsalar, bu istiqamətdə ciddi irəliləyişlərə nail ola bilərlər. Nizamnamələrinə istinad edib BMT-yə də müraciət edə bilərlər. Hətta təkid də edə bilərlər. Hətta onlar ermənilər qarşısında elə bir tələb qoya bilərlər ki, mənfurların Dilqəmlə Şahbazı Azərbaycana təhvil verməkdən başqa yolları qalmaz. Ancaq çox təəssüflər olsun ki, BQXK bu addımı atmır, daha doğrusu, atmaq istəmir. Halbuki bir erməni Azərbaycanın əlində girov qalsaydı, görün, onlar nə haray-həşir salacaqdılar. Bir erməni əsgərinin meyiti belə biz tərəfdə qalanda Komitə nümayəndələri onu geri qaytarmaq üçün dəridən- qabıqdan çıxırlar. Elə bil ki, həmin erməni onların dədəsi, ya da doğmaca qardaşıdır. Bütün bunları deməkdə məqsədim odur ki, ermənilər özbaşına, elə-belə qudurğanlıq etmir. Onları sadəcə istiqamətləndirən, havadarlıq edənlər var. Ermənilər də onlara istinad edərək belə hərəkətlər edirlər”.

BQXK-nin ermənilərə havadarlıq etməsinin səbəbinə gəldikdə isə millət vəkili bunu onların din qardaşlığı ilə əlaqələndirib: 

"Hansısa bir xristianın burnu qanayanda dünyanı ayağa qaldırırlar, amma Dilqəm Əsgərovla Şahbaz Quliyevin haqsız yerə girov saxlanılmasına etiraz edib, azad edilməsini tələb etmirlər? Niyə, azərbaycanlıdılar, ona görəmi? Elə bil ki, beynəlxalq təşkilatlar da törətdikləri cinayətlərə və haqsızlıqlara görə, erməniləri mükafatlandırırlar?! Əlbəttə, Dilqəmin də, Şahbazın da ailəsi, doğmaları onlara görə narahatdır. Çünki düşmən mənfur xislətlidir. Türk düşmənidirlər. Biz onlardan humanistlik, insanlıq gözləyə bilmərik”.

Şəymən







SON XƏBƏRLƏR

2017-10-17
2017-10-16