2017-04-20 01:46:21   |   310 dəfə oxunub

Medianın üzərinə xüsusi missiya düşür

Milli-mənəvi dəyərlərin qorunması aktuallıq qazanmış mövzuya çevrilib



... əvvəli ötən sayımızda

Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır.

Bu gün dövlətin hər cür resurslardan səmərəli istifadə yolları ilə formalaşdırmağa çalışdığı başlıca dəyərlər bunlardır: ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev dinimizin milli-mənəvi dəyərlərin ən önəmli ünsürlərindən biri olduğunu önə çəkirdi və bilirdi ki, xalqlara və qəbilələrə ayrılmış cəmiyyət həm də milli-mənəvi dəyərləri ilə seçilməlidir.

Əslində Azərbaycanın dünyaya inteqrasiyası müsbət tendensiya sayılsa da, qloballaşma dövründə dünyadan inteqrasiya etdiyimiz bəzi mənfi dəyərlərin ola biləcəyi istisna deyil. Etiraf etməliyik ki, Azərbaycanın ali qanunverici orqanı müstəqillik dövründə onlarca belə təpkilərlə qarşılaşmasına baxmayaraq, təzyiqlərə dirəniş göstərdi. Bu gün də ölkəmizin üzvü olduğu bəzi beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, bir sıra qanunlar milli-mənəvi dəyərlərimizə zidd olduğundan qəbul edilmir. Lakin bu, yeganə fakt deyil. Onlarca dəlil göstərmək olar ki, qloballaşma prosesinin iştirakçısı olan Azərbaycanda xalqın milli-mənəvi dəyərlərinin qorunması baxımından KİV-in rolu danılmazdır. Məsələn, xarici siyasətlə bağlı Azərbaycan mediasının göstərdiyi həmrəylik təqdirəlayiq sayıla bilər. Xüsusilə də Qarabağ münaqişəsi istiqamətində xarici diplomatik proseslərdə ölkənin yerli media qurumlarının göstərdiyi təpki dövlət qurumlarının siyasəti ilə üst-üstə düşür və nəticə etibarilə də ölkənin xarici siyasətində əhəmiyyətli rol oynayır.

Başlıca olaraq kütləvi informasiya vasitələrində gedən materiallarda əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır.

Təbii ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.

Ən əsası suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu amalın - azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Milli ideyanın formalaşması, millətin məqsədyönlülüyünün dəstəklənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etməklə soydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca amildir.

Bəs görəsən, media nümayəndələri milli-mənəvi dəyərlərin qorunub saxlanılması məsələsində medianın rolunu necə dəyərləndirir?

Bakı Dövlət Universitetinin müəllimi Vüqar Zifəroğlu deyib ki, böyük və ciddi məsələlərdən biri də ölkədə sektant qrupların, missionerlərin, özünü əsl müsəlman kimi qələmə verən qeyri-ənənəvi təriqətlərin sürətlə artmasıdır. Bütün bunlar gənclərə böyük təsir göstərir, onları milli-etnik kökdən ayırıb, özgə dünyagörüşünün, yad mənəviyyatın və dinin quluna çevirir: "Bu cür fəaliyyət təkcə jurnalistikanın praktikasına deyil, milli-mənəvi dəyərlərimizə, əxlaq və etik normalara da ziddir. Qloballaşma, dünya mədəniyyətinə inteqrasiya, dinlər və mədəniyyətlərarası dioloq prosesinə cəmiyyətimizin sosial-mədəni reaksiyası, mənəvi-əxlaqi dəyərlərimizin dirçəldilməsi və ən azından, KİV ilə təbliğinə qanunauyğun bir meyl doğurur. Və bu cür təbliğat da islamın zahiri görünən və qəbul edilən atributları ilə paralel olaraq, onun həqiqi mədəni- mənəvi normaları sistemi kimi mahiyyətinin dərk edilməsi, dinimizin əsrlərin və ölkələrin sərhədlərini hansı dəyərlərin əzəməti ilə aşa bilməyə qadir olması haqda aydın təsəvvürlər yaradılmasını aktual məsələyə çevirir. Ümumbəşəri qlobal dəyərlərin və prinsiplərin reallaşdırılmasında "İslam faktorunun” Qərbdə formalaşmış yanlış stereotip kimi deyil, dialoq, əməkdaşlıq, kompromis kimi əməl müddəaları mənasında başa düşülməsi qlobal ünsiyyətin potensial mexanizmi kimi qiymətləndirilməsinin vaxtı gəlib çatmışdır. Qərb üçün təhlükə kimi qələmə verilən "İslam intibahının”, islamın təsir gücünün, nədən ibarət olmasını aydınlaşdırmağa bu gün çox səy göstərirlər. Və təbii ki, bu məsələni də KİV - siz xüsusən də radio və TV-siz həyata keçirmək, həll etmək mümkün deyil”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli isə milli-mənəvi dəyərlərin formalaşmasının və onun qorunmasının əslində, çox mürəkkəb bir proses olduğunu deyib: 

"Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda son illərdə milli-mənəvi dəyərlərin aşınmasının təzahürləri ortaya çıxır. Məsələ ondadır ki, biz tarixən müxtəlif imperiyaların işğallarına məruz qalmışıq və bunlar milli mentalitetimizin formalaşmasına ciddi təsirlər göstərib. Son olaraq 70 illik sovet əsarətində qaldığımız müddətdə bizim milli-mənəvi dəyərlərimizlə bağlı müxtəlif fərqliliklər meydana gəlib. Faktiki olaraq Azərbaycan xalqı SSRİ dağıldıqdan sonra öz milli-mənəvi dəyərlərini tamlığı ilə özünə qaytarmağa başlayıb. Başqa sözlə, bizim mentalitetimizin, dəyərlərimizin həm də son 25 ildə bərpasına nail olmağa çalışmışıq. Avropaya inteqrasiya prosesi getdiyi bir vaxtda təbii ki, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaqda olduqca həssas və diqqətli olmağımız tələb olunur. Qeyd edilənlərdən də göründüyü kimi, milli-mənəvi dəyərlərin formalaşması təkcə yazılı media, saytların təbliğatı ilə formalaşmır və qorunmur. Faktdır ki, bu gün Azərbaycan əhalisinin 70-80 faizi media ilə maraqlanmır. İnsanlarımız üçün əlçatan olan və icazəsiz də evimizə girən telekanallar isə milli-mənəvi dəyərlərimizin qorunması məsələsində sanki maraqlı deyillər. Telekanallar daha çox milli-mənəvi dəyərlərimizi korlayan seriallar, şoular verir. Bəzən biz onun da şahidi oluruq ki, cəmiyyətdə çoxlarının anormal insan, normal intellekti olmayan biri kimi tanıdığı şəxsi efirə çıxarıblar, o da insanlara milli-mənəvi dəyərlərdən dəm vurur. Cəmiyyətdə tərbiyəvi mühit, milli-mənəvi dəyərlərimizi aşılaya biləcək sanballı insanlarımız, ziyalılarımız kifayət qədərdir. Amma təəssüf ki, telekanallar onların üzünə qapalıdır. Yazılı media, vətənpərvər jurnalistlər təbii ki, milli-mənəvi dəyərlərin qorunması üçün maksimum səy göstərirlər. Amma bu məsələdə əsas öhdəlik televiziyaların üzərinə düşür. Eyni zamanda insanlarımız özləri də media ilə, saytlarla maraqlanmalıdırlar, maariflənməlidirlər və nəticədə ağı-qaradan seçib yazan saytları, materialları oxuyub özləri də nümunəyə çevrilməlidirlər”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevin sözlərinə görə, bütün dünyada at oynadan qloballaşma prosesi çərçivəsində milli-mənəvi dəyərlərin qorunması xüsusi aktuallıq qazanmış bir mövzuya çevrilib: "Bu baxımdan, medianın da üzərinə xüsusi missiya düşür. Bu gün ətrafımızı saran mənfiliklər, qeyri-adiliklər, tüklərimizi ürpədən xəbərlər milli-mənəvi dəyərlərə hörmətsizlikdən, bu dəyərlərin unudulmasından qaynaqlanmırmı? Kiçik araşdırma aparsaq görərik ki, bizim milli-mənəvi dəyərlər, illərlə oturuşmuş adət-ənənələr bəzən mənfiliklərin, xoşagəlməz tendensiyaların önündə bir sipər rolunu oynayır. Fikrimcə, mətbuat bu sipərin daha da möhkəmləndirilməsi işinə dəstək verməlidir. Qloballaşma, kənar təsirlər bu sipərə təzyiqi hər keçən gün artırır. Ona görə də onun qorunması, möhkəmləndirilməsi əvvəlki dövrə nisbətən daha vacib əhəmiyyət kəsb etməyə başlayıb. Mövcudluğumuzu qorumaq, var olanlarımızı gələcəyə daşımaq istəyiriksə, bu məsələlərdə diqqətli olmalıyıq”.

İ.Quliyevin sözlərinə görə, bugünkü Azərbaycan mediası milli-mənəvi dəyərlərin qorunması işində ikiyə bölünmüş durumdadır: 

"Bizim ciddi media adlandırdığımız KİV-lər bütün imkanlardan istifadə etməklə bu işə töhfə verməyə çalışır. Amma məsələ burasındadır ki, milli-mənəvi dəyərlərin qorunması istiqamətindəki mətbu fəaliyyət o qədər də populyar iş deyil. Buna hesablanmış yazılar populyarlıq qazanmır, İP gətirmir, bəzən də köhnəliyin qalığı kimi qəbul olunur. Bir qrup media da var ki, onlar milli-mənəvi dəyərlərin qorunmasını özlərinə vəzifə kimi görmürlər. Heab edirlər ki, bütün cəmiyyətin çəkməli olduğu yükü onlar daşıya bilməzlər. Bu KİV-lər işlərini bazar prinsipləri əsasında qurur, nə onlara xeyir, reytinq gətirirsə, ona üstünlük verirlər. Zaman-zaman medianın bu məsələdə səfərbər olunması cəhdlərini müşahidə etsək də, hələlik konkret nəticə yoxdur. Hər iki tərəf öz bildiyi kimi hərəkət etməkdə davam edir”.

Şəymən

Davamı olacaq...

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2017-10-18
2017-10-17