2017-04-20 19:07:40   |   236 dəfə oxunub

Mətbuat Şurası İslam Həmrəyliyi Oyunları ilə bağlı tədbir keçirib


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası tərəfindən "İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəylik Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda konfrans keçirilib. 

Sherg.az-ın xəbərinə görə, konfransda Milli Məclisin üzvləri, media kapitanları, dövlət qurumlarının və KİV-lərin nümayəndələri iştirak ediblər.

Tədbiri açıq elan edən Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov bildirib ki, 20 gündən sonra hamının diqqəti Azərbaycana yönələcək, 57 İslam ölkəsindən nümayəndə heyəti Azərbaycanda baş tutacaq İslam Həmrəylik Oyunlarında iştirak etmək üçün ölkəmizə təşrif buyuracaq: "İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qərar 2014-cü ildə Səudiyyə Ərəbistanı Ciddə şəhərində qərara alınıb. Azərbaycan İslam ölkəsidir, bu dəyərlər ölkəmizdə öz əksini tapıb. Azərbaycan tolerant ölkədir. Azərbaycanda ayrı dinə mənsub insanlar burada mehriban şəraitdə yaşayırlar. Ölkəmizdə 2 mindən çox məscid və digər dinlərə məxsus sineqoq, ibadət yerləri var”.

Daha sonra konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, bu il ölkəmizdə "İslam Həmrəylik ili” elan edilib: "VII - VIII əsrlərdən Azərbaycanda islam dini yayılmağa başlanılıb. İslam dini ilə bərabər, islam mədəniyyəti də Azərbaycanda təşəkkül tapıb. İslam mədəniyyətinə Azərbaycan mədəniyyəti töhfələrini verib. Əsrlər boyu Azərbaycanda tolerant, multikultural dəyərlər mövcud olub. Azərbaycanda islam dini daxilində məzhəblərarası şiddət meyli olmayıb. Bu, xalqımızın xoş niyyətinin göstəricisidir. Azərbaycandakı 2166 məsciddən 306-sı tarixi abidə kimi qorunur. Azərbaycan nümunəvi islam modelini ortaya qoya bilib”.

PA əməkdaşı çıxışında qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinin Jurnalistlər Assosiasiyanın yaradılması təşəbbüsünü irəli sürüb: "Ümid edirik ki, bu il Bakıda İƏT-ə üzv dövlətlər arasında Jurnalistlərin Assosiasiyasının təsis edilməsi ilə bağlı konfrans keçiriləcək və biz bu təşkilatın yaranmasına nail olacağıq. Bu qurumun yaradılması İslam ölkələri jurnalistlərinin daha da sıx, qarşılıqlı əlaqələr şəklində fəaliyyətində mühüm rol oynayacaq.

Konfransda çıxış edən Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda ölkə gənclərinin hərtərəfli fiziki inkişafı üçün lazımi şəraitin yaradıldığını dilə gətirib. O bildirib ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında bütün ölkələrin hamısı iştirak edəcək: "Yarışlar I Avropa Oyunları zamanı istifadə edilmiş 16 idman obyektində baş tutacaq. İnanırıq ki, Azərbaycan idmançıları I Avropa Oyunlarında əldə etdiyi uğurları IV İslam Həmrəyliyi Oyunları zamanı yenidən təkrarlayacaq. Artıq 8 minə yaxın könüllü hazırlanıb”.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarını keçirməsinə Azərbaycanın mənəvi haqqı çatır.

Milli Məclisin üzvü, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidentinin də söylədiyi kimi ölkəmizdə IV İslam Həmrəylik Oyunlarının keçirilməsi həqiqətən də tarixi hadisədir: "Həmrəylik oyunları ölkəmiz üçün təkcə idman deyil, iqtisadi, sosial, turizm, siyasi hadisədir. Bu oyunlar Azərbaycanın ictimai, sosial həyatına təsir edəcək. Əminəm ki, Azərbaycanın təşkilatçılığı ilə baş tutacaq bu oyunlar yüksək şəkildə keçiriləcək. Bu, Azərbaycanın mədəniyyətinin, tarixinin nümayişi baxımından əlamətdar olmaqla yanaşı, ölkə cəmiyyətində canlanma yaradacaq. Bu oyunlarda Azərbaycan milli mətbuatının üzərimə böyük yük düşür. Əminəm ki, milli mətbuat bunun öhdəsindən gələcək”.









SON XƏBƏRLƏR

2017-12-14
2017-12-13