2017-04-21 00:28:35   |   928 dəfə oxunub

Valyutadəyişmə məntəqələrinin bərpası vacibdir

İstirahət günləri banklar bağlı olduğundan insanlar əziyyət çəkir

Bu həm də ölkəyə gələn turistlərin rahatlığını təmin edəcək



Azərbaycanda "Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. Təklif edilən dəyişikliklər nəticəsində valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizat, təhlükəsizliyə dair tələblər, uçotun, hesabatın, sənədləşmənin vahid formaları, onların müddətləri, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov "Şərq”ə açıqlamasında sözügedən qanunun hələ qəbul olunmadığını layihənin aprelin 25-də Milli Məclisdə müzakirəyə çıxarılacağını deyib: "Bu qanun layihəsi hələ qəbul olunmayıb. Bu qanun layihəsində müəyyən mübahisəli məsələlər var. Biz onun üzərində müzakirə aparmalıyıq. Müzakirənin nəticələri bəlli olduqdan sonra bu qanun layihəsi haqqında konkret söz demək olar. Ancaq onu deyə bilərəm ki, bu qanun layihəsində əsas məqsəd valyutadəyişmə məntəqələrinin yenidən bərpası ilə bağlıdır. Yəni "exchange”lərin təşkili ilə əlaqədar prosesin tənzimlənməsini nəzərdə tutur; bu obyektlər necə təşkil olunmalıdır, lisenziyalar necə verilməlidir və sair digər məsələlər”.

V.Əhmədovun sözlərinə görə, valyutadəyişmə məntəqələri bərpa olunacağı halda nəzarət mexanizmi daha da gücləndiriləcək. Əvvəllər buna Mərkəzi Bankın nəzarət mexanizmi həyata keçirilirdi. Dəyişikliklərdə isə valyutadəyişmə məntəqələrinə nəzarətin Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə olunması nəzərdə tutulub. Bu baxımdan qanun qəbul olunduqdan sonra valyutadəyişmə məntəqələri fəaliyyətə başlaya bilər”.

Millət vəkili deyib ki, dəyişikliyi şərtləndirən əsas səbəblərdən biri Azərbaycana gələn turistlərin sayının çoxalması və bu sahəyə diqqətin artması ilə bağlıdır. İstirahət günlərində banklar işləmədiyi üçün valyutadəyişmə məsələsi vətəndaşlar və turistlər üçün ciddi problemlərə səbəb olur: "Beynəlxalq idman yarışları və turizm mövsümünün başlaması ərəfəsində turistlərin valyuta dəyişməklə bağlı işini asanlaşdırmaq baxımından "exchange”lərin açılması çox önəmlidir. Turistlərin rahatlığı baxımından bu çox önəmlidir. Çünki hər yerdə banklar və bank filialları yoxdur. Turistlər bu məsələdə əziyyət çəkirdilər. Qarşıdan İslam Oyunları və Formula 1 yarışları gəlir. Ona görə də Azərbaycana turist axını çoxalıb. Bu məsələ olduqca əhəmiyyətlidir. Turistlər istənilən yerdə valyutadəyişmə imkanına malik olacaqlar”.

Deputat onu da bildirib ki, yeni qanun qəbul olunacağı halda fiziki şəxslər dövlət rüsumu ödəməklə valyutadəyişmə məntəqələri işlədə biləcəklər: "Fiziki şəxslər 500 manat lisenziya haqqı ödəməklə (1 illik) valyutadəyişmə məntəqəsi işlədə biləcək. Dövlət rüsumu əvvəl də bu məbləğdə idi”.

V.Əhmədovun sözlərinə görə, VDM-ləri Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarəti altında olacağı üçün orada alış-veriş prosesinin hesabatı aparılacaq. Bu proses tam sərbəst olmayacaq: "Hesab edirəm ki, "exchange”lərin açılması müəyyən mənada qara bazara da öz təsirini göstərəcək. Əgər məntəqələrdə heç bir problem yaşanmasa, valyuta ehtiyatları yetəri qədər olsa, "qara bazar”a tələbat azalacaq. Ancaq biz indi valyutadəyişmə məntəqələrinin konkret hansı şərtlərlə açıldığını bilmədiyimiz üçün dəqiq bir proqnoz da verməkdə çətinlik çəkirik”.

"Valyuta dəyişmə məntəqələrinin bağlanması tamamilə kobud səhv idi”.
Bunu isə Sherg.az-a valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsinə münasibət bildirərkən iqtisadçı ekspert Fuad İbrahimov deyib. O bildirib ki, "exchange”lərin ləğvi ilk növbədə "qara bazar”ın fəaliyyətinə şərait yaratdı:

"Bu gün yenidən valyuta mübadilə məntəqələrinin bərpası gündəmə gəlibsə, mən bunu alqışlayıram. Avtomatik "qara bazar”ın fəaliyyəti tamam dayandırılacaq. İkinci isə ölkəmizə gələn turistlərin, qonaqların burada işini asanlaşdıracaq. Valyuta dəyişmə məntəqələrinin olmamağı gələn qonaqları əziyyətə salacaqdı. Məsələn, valyuta mübadiləm məntəqəsi 3 prospekt yuxarıdadır. Nəticədə hər hansı məqsədlə pul istifadə etmək istəyən turistlər çətinlik çəkir. Xarici ölkələrdə bu məntəqələr daha sıx yerləşir. Şərait yaratmaq, optimallaşdırmaq lazımdır. Bu halda ilk növbədə dövriyyənin artımı müşahidə olunacaq, rahatlıq əmələ gələcək. Ona görə, bu layihəni kim irəli sürübsə, alqışlayıram. Son dövr üçün ən əhəmiyyətli addımdır ki, valyutadəyişmə məntəqələri bərpa edilir”.

Şəymən






SON XƏBƏRLƏR

2017-08-20
2017-08-19