2017-04-21 01:00:21   |   191 dəfə oxunub

Saxta profil açanların qarşısını almaq mümkün olmayacaq

Hüquqşünas deyir ki, həmin şəxsin tapılması və cərimənin kimə yönəlməsi çox problemli bir məsələdir

“Axı saxta profili açan adam kiminsə məlumatlarından istifadə edə bilər”



Ölkəmizdə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə cərimələrin məbləği artırılır.


Bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər təklif edilir. Təklif edilən layihəyə görə, internetin informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə 1000 manatdan 2000 manatadək (hazırda 1000 manatdan 1500 manatadək) miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmaq nəzərdə tutulur. Digər dəyişikliyə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmaya görə 1000 manatdan 1500 manatdək (hazırda üç yüz manatdan min manatadək) miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma təklif edilir.

Bu gün saxta profillərdən istifadə edərək neqativ işlər görən şəxslərin sayı yetərincə çoxdur. Maraqlıdır, cərimələrin tətbiq edilməsi ilə saxta hesab açanların qarşısını almaq mümkün olacaqmı? Hüquq müdafiəçisi İradə Cavadovanın sözlərinə görə, cərimələrin tətbiqi heç nəyi dəyişməyəcək. Çünki həmin şəxsin tapılması və cərimənin kimə yönəlməsi çox problemli bir məsələdir: "Tutaq ki, saxta profil açılıb və bunun sübuta yetirilmək problemi var. Axı saxta profili açan adam kiminsə məlumatlarından istifadə edə bilər. Məsələn, bir nəfər kiminsə şəxsi məlumatları haqqında bilir. Həmin adamın şəxsiyyət vəsiqəsi əlinə keçib, vəsiqənin köməkliyi ilə saxta profil yaradır və onu istifadə edir. Sabah araşdırma aparanda və profili açan deyəcək ki, mənim heç nədən xəbərim yoxdur. Yəni hüquq-mühafizə orqanları bundan sui-istifadə edəcəklər. Ona görə də bu layihənin təsdiq olunması mənim üçün sual altındadı və inandırıcı deyil”.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2017-04-30
2017-04-29