2017-04-21 01:05:35   |   155 dəfə oxunub

Nazirlərin bir araya gəlməsi Rusiyanın istəyidir

Ancaq Qarabağ münaqişəsinin həllində irəliləyişə ümid etmək mənasızdır


"Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. XİN rəsmisi bəyan edib ki, tərəflər təşəbbüs göstərərsə, Rusiya xarici işlər nazirlərini bir araya gətirə bilər.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında bir neçə dəfə müxtəlif şəhərlərdə görüş keçirilib. Lakin toplantılardan heç bir nəticə hasil olmayıb. Bu səbəbdən əksər siyasi ekspertlər Rusiyanın təşəbbüsü ilə baş tutacaq görüşlərdən pozitiv dəyişiklik gözləmirlər. Görüş ehtimalı ilə bağlı "Şərq”ə danışan politoloq Arzu Nağıyev deyib ki, Rusiya həmsədr ölkə kimi müəyyən addımlar ataraq bölgədə nüfuzunu artırmağa çalışır: "Ermənistanda rusyönümlü və müharibə ritorikası ilə çıxış edən dairələrin hakimiyyətə gəlməsi birbaşa Rusiyanın əli ilə reallaşıb. O baxımdan Moskvanın təşəbbüsü ilə gündəmə gətirilən görüşdən müsbət nəticə gözləmək sadəlövhlük olardı. Görüş naminə görüşlərə qatılmaq heç vaxt Azərbaycanı razı sala, qane edə bilməz. Nazirlərin bir araya gəlməsi məsələsi sadəcə Rusiyanın istəyidir. Həmsədrlərin iştirakı ilə tərəflər arasında dəfələrlə görüşlər keçirilib. Amma hər görüşdən sonra deklorativ bəyanatlar verilib, əməli addımlar atılmayıb. Belə şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə ümid etmək olmur”. Ekspert vurğulayıb ki, Azərbaycan tərəfinin mövqeyi qətidir və dəyişməzdir: "Sankt-Peterburq və Vyana görüşlərində müzakirə olunan məsələləri, qarşıya qoyulan vəzifələri irəliyə aparmaq mümkün olmadı. Çünki rəsmi Bakı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olsa da, işğalçı Ermənistan məkirli niyyətindən əl çəkmək istəmədi. Qondarma referendum, saxtalaşdırılmış seçkilər, ərazilərimizdə keçirilən hərbi təlimlər isə ermənilərin çirkin məqsədini ortaya qoydu. Təəssüflər olsun ki, Rusiya da baş verənləri müşahidə etməklə kifayətləndi”.

"Azərbaycan artıq konkret nəticələr gözləyir”

"Danışıqların aktiv fazaya qədəm qoyması Azərbaycanın maraqlarına xidmət edir”. Bunu Sherg.az-a deputat, Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, həmsədrlər və beynəlxalq ictimaiyyət də problemin sülh yolu ilə həll olunmasında maraqlı olduqlarını bildirir: "Belə olanda sülh yolu ilə həll üçün yeganə şərt danışıqlardır. Biz bilirik ki, aprel döyüşlərindən sonra danışıqlar bir müddət aktivləşdi. Sonra isə Ermənistan ümumiyyətlə danışıqlardan imtina etməyə cəhd göstərdi. Amma Azərbaycanın diplomatik fəallığı yenidən Ermənistanı danışıqlar masasına gəlməyə məcbur edib. Rusiya bizim yaxın qonşumuzdur. Biz bilirik ki, Ermənistana təsir imkanları və hərbi siyasi mexanizmləri kifayət qədərdir. Düşünürəm ki, belə bir təklifin Rusiyadan gəlməsi yaxşı təşəbbüsdür. Amma danışıqlar uzun illərdir aparılır. Azərbaycan artıq konkret nəticələr gözləyir. Artıq hamı dərk edir ki, münaqişə çox uzandı, regionda sülhün olması vacibdir. Eyni zamanda hamı bir reallığı dərk etdi ki, bu, dondurulmuş münaqişə hesab edilə bilməz. Düşünürəm ki, Rusiyanın təşəbbüsü yaxşıdır. Seçkilərdən sonra Ermənistanda olan ictimai əhval-ruhiyyənin böyük hissəsi də Azərbaycan torpaqlarının işğalda saxlanmasınının doğru hesab edilməməsindən xəbər verir. Bu rəy də nəzərə alınmalıdır. Ona görə də, S.Sarkisyanın hərbi-siyasi xunta rejimi bunu diqqətə alsa, yaxşı olar. Müəyyən hallarda Moskvanın təşəbbüsü yaxşıdır və nəticə verən danışıqlar olmasını arzu edirik”.

İsmayıl






SON XƏBƏRLƏR

2017-06-27
2017-06-26