2017-04-21 13:24:33   |   2556 dəfə oxunub

“Özü-özü ilə danışan adamdan heç kimə ziyan gəlməz”

Qulu Ağsəs: “Bəzi psixoloqlar iddia edir ki, özü ilə danışan adamların başı xarabdı. Mənsə deyirəm ki, elə o psixoloqların özlərinin başı işləmir”

“Sosial şəbəkələr çıxandan heç kim mənə hədiyyə vermir. Feysbukda bir dəstə bəzəkli gül göndərirlər, vəssalam!”


"Əsgərlərə belə "uvaleniya” günlərində dəyib-dolaşan olmur, siz ad günümdə də məni rahat buraxmadınız”. Bu sözləri özünəməxsus yumoru ilə hər kəsin rəğbətini qazanan istedadlı şair, publisist, Əməkdar jurnalist "Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs "Şərq”ə müsahibəsində deyib. Q.Ağsəs 1969-cu il 20 apreldə Ağdamın Abdal Gülablı kəndində doğulub. Gəncliyindən müxtəlif media orqanlarında, o cümlədən Azərbaycan radiosunda çalışıb.



 "Sənsən hər yer”, "Külək poçtu” (ukraynca), "Nabran novellası”, "Nöqtələr”, "Dan yeri” (ingiliscə) kitabının müəllifidir. Şeirləri türk, rus, özbək, gürcü, ukrayn, polyak dillərinə tərcümə edilib.Ad günü təəssüratlarını öyrənmək üçün dünən səhər saatlarında şairlə əlaqə saxlamağa çalışsam da, dəstəyin qarşı tərəfində ancaq "Bu nömrəyə zəng çatmır” deyən operatorun səsini eşidə bildim. Əslində bir o qədər də təəccüblənmədim. Görünür, şair təvazökarlıq edib ünvanına səslənən xoş sözlərdən, təbriklərdən yayınmaq istəyir. Bəlkə də, ad gününü doğmaları, yaxınları ilə qeyd edir deyə narahat edilmək istəmir?! - deyə düşündüm. Amma sonradan bildim ki, şairin telefonu sönülü deyilmiş, xəttində nəsə problem olub.

Əlqərəz, Qulu müəllim ikinci zəngimə cavab verdi. Yuxarıda qeyd etdiyim sözlərdən sonra elə onu təbrik etmək istəyirdim ki, özü məni qabaqladı: "Bilirəm, ad günümə görə zəng vurmusan, amma özünü yorma, heç nə götürən deyiləm, lazım deyil hədiyyə filan”.

- Qulu müəllim, hədiyyə verməyə yox, müsahibə almağa görə, zəng vurmuşam...

- Həə, elə bildim mənə nəsə almısan (gülür).

- Vallah, jurnalistin hədiyyəsi elə yazıdır, məncə.

- Onsuz da bu sosial şəbəkələr çıxandan heç kim mənə hədiyyə vermir. Feysbukda bir dəstə bəzəkli gül göndərirlər, vəssalam! Gərək, səhifəmi bağlayım gələn ad günümə kimi. Deyəsən, müsahibə götürmək istəyirəm, dedin. Nə ilə əlaqədardır?

- Suallarım ad günü təəssüratlarınızla bağlıdır. Harda, necə qeyd edəcəksiniz?

- Doğum günüm mənim üçün sıradan bir gün olur. Heç vaxt ad günümü xüsusi gün olaraq qeyd etməmişəm. Bəzən dostlarla haradasa oturub, balaca bir süfrə arxasında qeyd edirik. Çox vaxt da evdə, ailəmlə birlikdə oluram.

- Tort da olur, yoxsa quruca çay süfrəsi?

- Yox, olur. Evdəkilər bu mənada insaflıdır. Onsuz da, bişirdikləri tortu da özləri yeyirlər. Tort yeyən deyiləm ki?!

- Adı sizin, dadı onların?

- Həə (gülür). Adətən qızımın ad günündə ailəvi gedib haradasa oturur, qeyd edirik. Amma öz ad günümü təmtəraqlı qeyd etməyi sevən biri deyiləm.

- Uşaq olanda da sevmirdiniz, yoxsa böyüyəndən sonra marağınız azaldı?

- Ümumiyyətlə, bizim kənddə doğum günləri qeyd edilmirdi. Elə o vaxtdan da bu ənənə ağlımda qalıb.

- Niyə?

- Nə bilim, elə bir adətimiz yox idi. Uzaq başı, körpələr üçün balaca yığıncaqlar təşkil edilərdi. Böyüklərin isə ad günləri olmurdu.

- Kimisə təbrik edəndə ən çox istifadə etdiyimiz arzulardan biri "Neçə belə illərə” ifadəsidir? Bəzi adamların isə bu sözə münasibəti birmənalı deyil, daha yaxşı illər arzu edir. Bəs, siz necə? Yaşadığınız illərdən razısınız?

- Ənənəyə çevrilmiş təbriklərdən biri də "100 yaşa”dır. Hərdən fikirləşirəm ki, 101 il yaşayasan, ad günündə sağlıq deyələr ki, "Səni görüm 100 il ömür yaşa!” (gülür). Həyatımdan razı olub-olmadığıma gəldikdə isə bu bir az mücərrəd məsələdir. Saf-çürük edəndə görürsən ki, o qədər razı, narazı məqamlar var ki! Ona görə də hər ad günümdə başımı iş-güclə qatmağa çalışıram, heç olmasa doğum günümdəsə özüm-özümə hesabat verməyim. İlin qalan günləri onsuz da həyatımın hər anını kino lenti kimi bir-bir gözümün qarşısında canlandırıram ki, harada səhv, harada düz eləmişəm. İldə bir dəfə də düşüncələrimə istirahət verirəm. Bəzi psixoloqlar iddia edir ki, özü ilə danışan adamların başı xarabdı. Mənsə deyirəm ki, elə o psixoloqların özlərinin başı işləmir. İnsanın ən yaxşı həmsöhbəti onun özü olmalıdır. Özü-özü ilə danışan adamdan heç kimə ziyan gəlməz. Etiraf eləsəm də, eləməsəm də özlüyümdə bilirəm ki, səhvlərim nədir, düzlərim nədir.

- 48 yaşlı şairin yaşadığı ömür uşaqlıq arzularına bənzəyir, görəsən?

- Əlbəttə, uyğunluq çoxdur. Uşaq vaxtından yazı-pozu adamı olmaq istəyirdim. Çox şükür ki, həyatımdan da, taleyimdən də bir narazılığım yoxdur. Ümumiyyətlə, Allahın mənə bəxş etdiklərinə qane olan, verdiyinə şükür edən insanam. Nə varsa, odur. Olmayana da niyə yoxdur, demirəm. Yenə də günahı özümdə görürəm ki, yəqin əldə eləmək üçün yetəri qədər çalışmamışam. Bəlkə də, ərinmişəm hansısa bir istəyimin arxasınca getmək üçün, ona görə olmayıb. Dost səndə yaxşı olanı tapıb, üzə çıxaran adamdır. Əgər bu gün mənim yaxşı, işıqlı tərəfimi üzə çıxaran dostlarım varsa, deməli mən varlı adamam da. Bu qədər xoşbəxtliyə arxa çevirib, niyə naşükürlük edim ki?!

-”Aprelin 20-nə” şeirinizi oxuyanda heç də xoşbəxt şair olduğunuz hiss olunmur. Mənə maraqlı gəldi ki, şair olan kəs də öz ad günündə belə şeir yazar?

- (gülür) O şeiri lap çoxdan yazmışam. Yalan olmasın, 20-21 yaşında olardım, özüm öz ad günümü təbrik eləmişdim.

Anama: "Sevin”- dedilər,
"Bu oğlun, evin”, - dedilər.
Mən doğulan gün dedilər
Aprelin 20-nə
Bu boş ömrümə tüpürdüm.
Doğulan günə tüpürdüm.
Tüpürdüm yenə tüpürdüm,
Aprelin 20-nə
İstədim öləm, qoymadı,
Lap nahaq yerə qoymadı.
Tanrım bir daşı qıymadı
Aprelin 20-nə.

- Biri səbəb vardı, yəqin ki?

- Mən heç vaxt şeir yazanda nəyisə planlaşdıran adam deyiləm. Nəsə, birdən ağlıma gəldi, yazdım. Elə o vaxtdan populyar oldu. İndi də təbrik üçün zəng vuran dostlarımın çoxu sözə "Anama: "Sevin”- dedilər”,-lə başlayır. Mən də sözlərini kəsirəm ki, həvəsdi, bəsdi, arxasını demə.

- Bəs, bu gün özünüzü necə təbrik etdiniz?

- Ən böyük arzum odur ki, bundan sonrakı həyatımı sağlam və mənalı yaşayım, qələm əlimdən düşməsin heç vaxt. Öz prinsiplərimdən, ideyalarımdan bir addım belə geri çəkilməyim. Bu günə qədər necə yaşamışamsa, elə bu cür də davam edim.

- Dediniz, sosial şəbəkələrdə təbrik yazanlar, gül şəkli atanlar çoxdur. Bəs şeir yazanlar necə, var?

- İnboksum ünvanıma yazılan şeirlərlə doludur (gülür). Ən çox xoşuma gələn isə Ələmdar Cabbarlının iki il bundan əvvəl yazdığı şeir olub. Bu gün də paylaşıb həmin şeiri. Balayar Sadiq də ad günümə şeir həsr edib. Ondan başqa da dostlarımın əksəriyyəti bir neçə misralıq zarafatyana şeirlərlə məni təbrik edirlər. Çoxusu da qonaqlıq istəyir ki, bədii hissə nə vaxt olacaq. Yəni ki, sağ olsun dostlarım, şeir sarıdan korluq çəkmirəm. Hətta fikirləşirəm ki, həmin şeirləri bir yerə toplayıb kitab halında çap edim, Allahın köməkliyi ilə.

Şəymən

P.S. Şərq” qəzetinin kollektivi olaraq, biz də Qulu Ağsəsi ad günü münasibəti ilə təbrik edir, ona can sağlığı və uğurlar arzulayırıq! Şair, gün o gün olsun ki, 101 yaşını qeyd edib, "100 Yaşa” təbriki eşidəsiz!








SON XƏBƏRLƏR

2017-10-17
2017-10-16