2017-04-21 14:24:58   |   267 dəfə oxunub

Nazir müavini nikah kağızı tələb edən otellərdən danışdı: "Düzgün deyil"



Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun APA-ya müsahibəsi
- Bakı Şopinq Festivalında işlər necə gedir? Bir neçə gün ötməsinə baxmayaraq, gözlədiyiniz nəticənin işartıları varmı?
- Festival öz işini uğurla davam etdirir. Aprelin 10-dan indiyə qədər 350 min manatdan çox vəsait Vergilər Nazirliyi tərəfindən geri qaytarılıb. Ümumi dövriyyədə olan alış prosesi təxminən 3,5 milyon manat artıb. Festivala hər keçən gün marağın daha da artdığını görmək mümkündür. Düşünürəm ki, 2 aya yaxın çəkən hazırlıq işlərinin nəticəsi olaraq, bütün prosedurlar yüksək səviyyədə təşkil edilib.
- Azərbaycanda turizm daha çox mövsümü xarakter daşıyır. Turizm sahəsinin daimi olmasını təmin etmək üçün hansı addımlar atılır?
- Turizm sahəsində qlobal səviyyədə müşahidə edilən problemlərdən biri onun mövsümü xarakter daşımasıdır. Bu problem turizm potensialından və inkişaf səviyyəsindən asılı olmayaraq, əksər turizm məkanlarında müşahidə olunur. Hətta bəzilərinin ən böyük problemlərindən biri olaraq qalmaqdadır. Təbii ki, mövsümilik probleminin qarşısının alınması məqsədilə müxtəlif ölkələrin təcrübələri var. Bu sahədə aparılmalı olan ən uğurlu islahatlara turizm məhsullarının diversifikasiyasının təmin edilməsi nümunə ola bilər. Ölkəmizdə turizm sahəsinin mövsümiliyinin qarşısının alınması məqsədilə turizm məhsullarının diversifikasiyası siyasəti artıq bir neçə ildir başlayıb və fikrimcə, öz müsbət nəticələrini verməyə başlayıb. Bu islahatlara misal olaraq, ölkədə mədəni turizm, sağlamlıq turizmi və işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə görülmüş işləri göstərə bilərik. Təcrübə də göstərir ki, sadalanan turizm növlərinin kompleks şəkildə inkişaf etdirilməsi turizm məkanlarına mövsümündən asılı olmayaraq xüsusi seqment turistlərin cəlb edilməsinə şərait yaradır. Ölkədə həm çimərlik, həm də qış turizminin inkişafı üçün imkanlar yaradılıb ki, bu da öz növbəsində ilin istənilən dövründə ölkəmizi turistlər üçün cəlbedici edib. Son illər ərzində Şahdağ və Tufandağ kimi qış-xizək komplekslərinin fəaliyyətə başlaması, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair "Strateji Yol Xəritəsi”ndə bütün turizm növlərinin inkişafı ilə bağlı müddəaların mövcudluğu, "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın ölkə başçısı tərəfindən təsdiq edilməsi, ölkəmizin müxtəlif tip beynəlxalq tədbirlərə ev sahibliyi etmə planları və s. turizm mövsümiliyi probleminin aradan qaldırılması istiqamətində atılan addımların əyani sübutudur.






SON XƏBƏRLƏR

2017-08-20
2017-08-19