2017-04-21 14:58:49   |   510 dəfə oxunub

“Hər bir deputat öz səsinə özü cavabdeh olmalıdır”


Yeni hazırlanmış "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin 7-ci maddəsinə əsasən Azərbaycan Milli Məclisinin iclası zamanı deputatın digər həmkarının yerinə səs verməsi, çıxış zamanı münaqişə yaratması və gündəlikdən kənar mövzuda danışması qadağan edilir.

Təklif olunan maddəyə əsasən, deputat başqa deputatın əvəzinə səs verməməli, onun verdiyi sual və təkliflərin məzmunu müəyyən edilmiş gündəliyə uyğun olmalıdır. Deputat çıxış edərkən başqasına hörmətlə yanaşmalı, mövqeyini hədə və digər zorakı hərəkətlərlə bildirməməlidir. Millət vəkilinə iclas zamanı çıxış edənin sözünü kəsmək, kənar müdaxilə etmək, çıxışlarda kobud ifadələr işlətmək də qadağan edilir.
Qadağalara əməl olunmadığı təqdirdə MM-in İntizam komissiyasının parlament sədrinə müraciəti əsasında həmin deputat barəsində müvafiq qərar qəbul ediləcək. Layihə Milli Məclisin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək birgə iclasında müzakirə olunacaq. Sözügedən qanun layihəsində deputatların hədiyyə qəbul etməsinə qoyulan məhdudiyyətlər də öz əksini tapıb. Belə ki, Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Deputat hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Milli Məclisin İntizam Komissiyasının rəyini öyrənməli və ona uyğun davranmalıdır.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” yeni qanun layihəsi ilə bağlı "Şərq”ə açıqlama verən millət vəkili Fazil Mustafanın dediyinə görə, layihədə normal müddəalarla bağlı xeyli sayda natamamlıqlar da var:

"Deputatın digər həmkarının yerinə səs verməsinin qadağan olunmasını məqsədəuyğun hesab edirəm. Hər bir deputat öz səsinə özü cavabdeh olmalıdır. Amma çıxış zamanı münaqişə yaratması və gündəlikdən kənar mövzuda danışmasına qadağalar qoymaq doğru deyil. Millət vəkillərinin hamısının savadı, düşüncəsi eyni olmaya bilər. Onlar qarşısında belə bir tələb qoymaq isə kökündən yanlışdır. Millət vəkilini xalq seçir və insanlar savadsız adama belə hansısa müsbət keyfiyyətlərinə görə səs verə bilər. Hamı diplomlu və intellektli olmalıdır deyə bir şərt yoxdur. Millət vəkili ilk növbədə etik davranışını bilməlidir. Bu qiymət ona seçici tərəfindən verilməlidir, Seçici onun davranışını qəbul etmirsə, deputata qarşı hər-hansı şəkildə müəyyən cəzalandırma addımları atıla bilər”.

Bununla belə F.Mustafa hesab edir ki, etik çərçivənin dəqiq müəyyən olunmasına ehtiyac var. Çünki elə deputat var ki, emosional çıxış və çağırışlarla seçicinin rəğbətini qazana bilir. Bəzi millət vəkili isə ümumiyyətlə danışmır. Ona görə elə qayda qoyulmalıdır ki, deputatın ikitərəfli ifadə azadlığına xələl gəlməsin: 

"Millət vəkili cəmiyyətə qarşı ədəbsiz hərəkət edibsə, bunun müəyyən cəzalandırma mexanizmi mövcuddur. Bütövlükdə deputatın məmur kimi çərçivəyə salınması isə doğru yanaşma olmaz. Müəyyən məsələlərdə İntizam Komissiyasının rəyinin alınmasına ehtiyac görmürəm, daha doğrusu, bu bir az mücərrəd məsələdir. Bu rəy subyektiv də ola bilər. Bir təklifimiz də o oldu ki, müxalif və tənqidi fikirlər etik qayda pozuntusu kimi qəbul olunmasın. Əks halda, bunu bəhanə edib, parlamentdə əks mövqelərin səslənməsinin qarşısı alına bilər. Bu isə son nəticədə Milli Məclisin nüfuzunu aşağı sala bilər. Bu baxımdan mübahisə doğuran müddəalar ətrafında geniş müzakirələrin aparılmasına ehtiyac olduğunu düşünürəm”.

Millət vəkilinə hədiyyə alma qadağası kimi şərtin qoyulmasına gəldikdə isə F.Mustafa deyib ki, qanun layihəsinin qeyd olunduğu formada qəbul olunması doğru yanaşma deyil: 

"Deputatların korrupsiya ilə məşğul olması, rüşvət alması onsuz da Konstitusiya ilə qadağandır. Amma millət vəkilinə müəyyən bir fəaliyyətinə görə, mükafat verilə bilər. Hər hansı ölkənin tanıtımı ilə bağlı simvolik hədiyyə təqdim oluna bilər. Ona görə də bu qadağanın hansı məqsədlə qoyulması dəqiqləşdirilməlidir. Gördüyü işin müqabilində deputatın hədiyyə alması qanuna uyğun müddəalarla müəyyən edilməlidir. Mükafatlandırma ilə bağlı ictimai quruluşlar, dövlət qurumları tərəfindən hər hansı hədiyyənin verilməsinə fərqli yanaşmaq lazımdır”.

Şəymən







SON XƏBƏRLƏR

2017-10-17