2017-04-21 15:11:33   |   455 dəfə oxunub

Medianın işi xəbər verməkdir, prosesləri təhlil etməkdir

Mövzu ilə bağlı baş redaktorların fikirləri haçalandı

Medianın insanlara milli-mənəvi dəyərlər aşılamaq kimi bir funksiyası yoxdur



(... əvvəli ötən sayımızda)

Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır.

Əslində Azərbaycanın dünyaya inteqrasiyası müsbət tendensiya sayılsa da, qloballaşma dövründə dünyadan inteqrasiya etdiyimiz bəzi mənfi dəyərlərin ola biləcəyi istisna deyil. Etiraf etməliyik ki, Azərbaycanın ali qanunverici orqanı müstəqillik dövründə onlarca belə təpkilərlə qarşılaşmasına baxmayaraq, təzyiqlərə dirəniş göstərdi. Bu gün də ölkəmizin üzvü olduğu bəzi beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, bir sıra qanunlar milli-mənəvi dəyərlərimizə zidd olduğundan qəbul edilmir. Lakin bu, yeganə fakt deyil. Onlarca dəlil göstərmək olar ki, qloballaşma prosesinin iştirakçısı olan Azərbaycanda xalqın milli-mənəvi dəyərlərinin qorunması baxımından KİV-in rolu danılmazdır. Məsələn, xarici siyasətlə bağlı Azərbaycan mediasının göstərdiyi həmrəylik təqdirəlayiq sayıla bilər. Xüsusilə də Qarabağ münaqişəsi istiqamətində xarici diplomatik proseslərdə ölkənin yerli media qurumlarının göstərdiyi təpki dövlət qurumlarının siyasəti ilə üst-üstə düşür və nəticə etibarilə də ölkənin xarici siyasətində əhəmiyyətli rol oynayır.
Başlıca olaraq kütləvi informasiya vasitələrində gedən materiallarda əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır.
Təbii ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
Ən əsası suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu amalın - azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Milli ideyanın formalaşması, millətin məqsədyönlülüyünün dəstəklənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etməklə soydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca amildir.
Bəs, görəsən media nümayəndələri milli-mənəvi dəyərlərin qorunub saxlanılması məsələsində medianın rolunu necə dəyərləndirir?
"Azxəbər.com”un saytının həmtəsisçisi Əfsələddin Ağalarovun sözlərinə görə, bütün dünyada medianın əsas rolu cəmiyyətə informasiya vermək və insanları məlumatlandırmaqdan ibarətdir: 

"Mətbuatı ona görə, "4-cü hakimiyyət” adlandırırlar ki, ictimaiyyətə və cəmiyyətə təsir imkanları genişdir. Məhz bu səbəbdən də medianın rolu heç bir halda cəmiyyətin informasiya tələbatının ödənilməsi ilə məhdudlaşdırılmır. Medianın ən əsas funksiyalarından biri də aid olduğu ölkənin bu günə qədər formalaşmış dəyərlərinin və millli-mənəvi ənənələrini, tarixi abidələrini qorumaq, onları gələcək nəsillərə faydalı şəkildə ötürməkdən ibarətdir. Bu mənada Azərbaycan mediasının üzərinə düşən əsas missiyalardan biri də xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və bu istiqamətdə həyata keçirilən informasiya siyasətinin doğru seçilməsidir”.
Həmkarımız hesab edir ki, indiki reallıqda Azərbaycan mediasının milli-mənəvi dəyərlərimizin qorunması istiqamətindəki rolunu qənaətbəxş hesab etmək olar: "Bu istiqamətdə müxtəlif addımlar atılır. Eyni zamanda mətbuat özü də bu istiqamətdə üzərinə çox böyük missiya götürüb”.

"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini, jurnalist Elçin Bayramlı isə hesab edir ki, milli-mənəvi dəyərlərin qorunmasında kütləvi informasiya vasitələri həmişə böyük rol oynayıb. 

Bu gün də belədir. Məsələ burasındadır ki, əvvəllər bu müsbət rol olub, bu gün isə əsasən mənfi roldadır. Bunun əsas səbəblərindən biri də televiziya və mətbuatda ifrat azadlığın mövcudluğu və nəzarət sisteminin olmamasıdır:

"İfrat azadlıq dedikdə o başa düşülür ki, bu gün istənilən şəxsin bir az pulu varsa, bir media vasitəsi açır və orda ağlına gələni yaza bilir ki, çox hallarda bu, mənfi təbliğat olur. Yəni cəmiyyətə zərərli fəaliyyət olur, ictimai və dövlət maraqlarına zidd, yad dəyərlərin təbliği, yalnız media sahibinin siyasi və biznes maraqlarını güdən bir vasitə olur. Nəzarət dedikdə isə ictimai və dövlət nəzarətinin olmaması, hər hansı bir antimillli, antidövlət fəaliyyəti zamanı həmin media orqanının cəzalandırılmaması faktı başa düşülür. Yəni, ictimai qınaq yoxdur və ya faydasızdır, dövlətin isə buna qarışması guya demokratik hüquqların pozulması faktı kimi qələmə verildiyindən dövlət də hansısa cəza mexanizmi tətbiq edə bilmir. Nəticədə bu gün faktiki olaraq KİV-lərin əksəriyyəti üçün əsas məsələ xalqın, ölkənin maraq və mənafeləri deyil, mediasının əsas funksiyalarından biri olan maarifləndirmə deyil, o media orqanı sahiblərinin tabe olduğu siyasi mərkəzlərin planlarına, ən yaxşı halda isə biznes maraqlarına işləyir. Yəni maarifləndirmə funksiyası demək olar ki, aradan qalxıb”.

E.Bayramlının sözlərinə görə, medianın 2-ci əsas funksiyası - məlumatlandırmada da isə vəziyyət ürəkaçan deyil. Bu məlumatlandırma zamanı əksər hallarda səhv məlumatlandırma prosesinə şahid oluruq. Yəni obyektivlik arxa plana keçir, məqsədli informasiyalar yayılır. Qarabağ cəbhəsində kritik situasiyalar zamanı bunun daha qabarıq şəkildə şahidi olduq: 

"3-cü funksiya - əyləndirmə sahəsində isə tam biabırçılıqdır. Mövzumuza ən çox dəxli olan funksiya budur. Çünki əyləndirmə adı altında insanların əxlaqının, sağlam düşüncəsinin, gənc nəslin tərbiyəsinin, bütün mənəvi dəyərlərin sıradan çıxarılması üçün iş aparılır. Özəl televiziyalara, radiolara və internet saytlarına baxmaq dediklərimi sübut etmək üçün kifayətdir. Mənə elə gəlir ki, bu işlə məşğul olan mütəşəkkil qruplar var ki, bunlar da hansısa qlobal mərkəz tərəfindən idarə olunur”.
Həmkarımız hesab edir ki, milli-mənəvi dəyərlərin deqradasiyaya uğramasında ən əsas rolu media oynayır: "Düzdür, sağlam media orqanları da var, lakin onların nədənsə cəmiyyətə təsir imkanları çox azdır. Konkret olaraq bir çox media qurumu mənfi fəaliyyətlə məşğuldur ki, bunun da qarşısı alınmalıdır.
Məncə, "KİV haqqında” qanunun tələbləri sərtləşdirilməli, Mətbuat Şurası və Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılmalı, cəmiyyətə zərərli olan, dövlət maraqlarının əleyhinə işləyən media orqanlarının fəaliyyətinə xitam verilməlidir. Sırf milli-mənəvi dəyərlərin qorunmasına nəzarət üçün Prezident yanında İctimai Şuranın yaradıla və həmin şuraya xalqımızın intellektual şəxslərinin daxil edilə və onlara bu mövzuda zərərli fəaliyyət göstərən KİV-lərə qarşı sərt cəzalandırma hüququ verilə bilər. Bununla da bu problem həll olmuş olar”.
"Azvision.az” xəbər portalının baş redaktoru Vüsal Məmmədov isə tam fərqli düşünür. Onun sözlərinə görə, media uşaq bağçasında tərbiyəçi deyil. Onun insanlara milli-mənəvi dəyərlər aşılamaq kimi bir funksiyası yoxdur. Medianın işi xəbər vermək, prosesləri təhlil etmək və bir də maarifləndirmək ola bilər: "Milli-mənəvi dəyərləri yaymaq isə ədəbiyyatın, incəsənətin funksiyasıdır. Mediadan milli-mənəvi dəyərlərin təbliğini gözləmək düzgün deyil. Media - kommersiya qurumudur, əgər milli-mənəvi dəyərlərin təbliği ona heç bir fayda gətirmirsə, ondan bu işlə məşğul olmağı tələb etmək olmaz. Televiziya əgər dövlətin maliyyələşdirdiyi kanaldırsa, o halda belə bir tələb irəli sürmək olar. Məsələn, "Mədəniyyət” kanalı kimi. Və onlar öz missiyalarını yerinə yetirirlər”.

"Qaynar.info”nun baş redaktoru Zahir Əzəmətin dediyinə görə, hər bir media öz cəmiyyətinin, ölkəsinin, ordakı ictimai münasibətlərin aynasıdır: 
"Media cəmiyyətdə baş verən prosesləri işıqlandıran deyilmi? Toplumun, xalqın qorumaq istəmədiyi bir dəyəri media necə qorusun? Media əxlaq polisi rolunu oynaya biləcəkmi? Və ya oynamalıdırmı? Əgər biz, maarifçiliyi nəzərdə tuturuqsa, onda bu işlə məşğul olacaq mediadan toplum elə ilk gündən üz döndərəcək. Nə oxucusu olacaq, nə dəstəkçisi. İnternet əsrində artıq hər kəs özü-özünə müəllimdir. Digər tərəfdən bu gün dəyərlər baxımından hələ bir xaos var. Əvvəlki dəyərlər praktik əhəmiyyətini itirib, cəmiyyət bir yerdə olanda onların lehinə danışır, tək qalanda isə əksini edir. Deməli, yeni dəyərlərin axtarışı və formalaşması prosesi gedir. Yalnız bu proses başa çatandan sonra, toplum öz mediasını da, bütün sistemi də öz tələblərinə uyğun görmək istəyəcək. Hələ ki, bu gün məhkəməmiz də, bankımız da, təhsilimiz də - ortada nəyimiz varsa, xalqımızın öz boyuna uyğundur. Nəyə layiqiqsə, onu da almışıq”.

Şəymən
(Davamı olacaq)



Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2017-10-18
2017-10-17