2017-04-30 15:23:01   |   1222 dəfə oxunub

İran öz benzin tələbatını tam ödəyəcək zavodu istifadəyə verib



Bu gün İranın Bəndər Abbas şəhərində dünyanın ən böyük qaz-kondensat emalı zavodunun açılışı olub.
APA-nın Tehran bürosunun məlumatına görə, İran prezidenti Həsən Ruhani bu gün səhər "Setareye Xəlic Fars” (Fars Körfəzinin ulduzu) qaz-kondensat emalı zavodunun açılış mərasimində iştirak edib.
Ərazisi 700 hektar olan bu zavod Bəndər Abbas şəhərinin 25 kilometrliyində yerləşir. Zavodun birinci fazasının açılışı ilə benzin istehsalı sahəsində İran özünü təmin etmə imkanı qazanıb. Gələcəkdə İran benzinə olan daxili tələbatı təmin etməklə yanaşı həmçinin bu məhsulun ixracatçısına çevriləcək.
Bu zavodun gündəlik 120 min barek qaz-kondensatını emal etmək potensialı var. İlkin faza çərçivəsində zavod gündəlik avro 4 standartlarına uyğun 12 milyon litr benzin istehsal edəcək. Bundan başqa zavodda avro 4 standartlarına uyğun gündəlik 6 milyon 800 min litr dizel, ağ neft, maye qaz (LPG) istehsal etmək mümkündür.
"Setar-e Xəlic Fars” qaz-kondensat emalı zavodu yaxın bir il ərzində tam istifadəyə veriləcək. Zavod tam istifadəyə verildikdən sonra bu zavodda avro 4 və 5 standartlarına uyğun gündəlik 36 milyon litr benzin istehsal edəcək. Həmçinin İranın gündəlik benzin istehsalının həcmi 100 milyon litrdən artıq olacaq. Belə olduğu halda İran benzin idxalına ehtiyacı qalmayacaq, həmçinin bu məhsulu ixrac etmə imkanı qazanacaq. H. Ruhani bu zavodun açılışını İranın neft sənayesində tarixi bir gün adlandırıb: "Biz hazırda dizel ixracatçısıyıq və tezliklə benzin ixracatçısı da olacağıq”.







SON XƏBƏRLƏR

2017-09-24