2017-05-04 00:49:30   |   486 dəfə oxunub

Bakıda daha humanist gələcək inşa olunur

Mədəniyyətlərarası dialoq forumu Azərbaycanın qlobal çağırışlara münasibəti kimi qiymətləndirilməlidir




Ötən müddət ərzində "Bakı prosesi” ideyadan praktik müstəviyə keçərək Azərbaycanı dünyaya mədəniyyətlərarası dialoq məkanı kimi tanıdıb. Ölkəmizin xoşməramlı təşəbbüsünə nüfuzlu beynəlxalq təşkilatlar, UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən dəstək verilib. Bu vaxta kimi Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları ölkəmizin tolerant, multikultural məkan kimi qazandığı tarixi missiyaya yeni rəng qataraq, onun beynəlxalq nüfuzunun armasına güclü təsir göstərib.

Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan kimi öz təcrübəsini həyata keçirmək və nümunə olmaq fürsətini dəyərləndirərək bu missiyanı öz üzərinə götürüb. BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini rəsmən bəyan edib. İlk belə mötəbər məclisin Bakıda keçirilməsi təşəbbüsünü nüfuzlu beynəlxalq təşkilatlar, həmçinin UNESCO, Avropa Şurası və onun Şimal-Cənub Mərkəzi, BMT-nin Sivilizasiyalar Alyansı yekdilliklə dəstəkləyiblər. Beləliklə, I Mədəniyyətlərarası Dialoq Forumu dünyanın bir sıra dövlətlərinin və beynəlxalq təşkilatların nümayəndələrini paytaxtımıza topladı. Bu forumda "Sərhədsiz dünyaya doğru”, "Dünyanın davamlı inkişaf gündəliyində mədəniyyətlərarası dialoqun bərqərar edilməsi”, "Mədəniyyətlərarası dialoqu mənalı etmək: mədəniyyət, incəsənət və irs” mövzularını əhatə edən məsələlər ətrafında müzakirələr başladı. Bir sözlə, müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusuna malik olan ölkəmizdə bu istiqamətdə real nəticələrə söykənən yeni bir platforma formalaşdı. II forum 2013-cü ildə, III forum isə 2015-ci ildə keçirildi. Bu il isə mayın 4-dən 6-dək IV ənənəvi forum baş tutacaq. Artıq foruma hazırlıq işləri yekunlaşmaq üzrədir. Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Sərəncama əsasən, Tədbirlər Planının icrasına nəzarət Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinə və Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub.
Müvafiq beynəlxalq təşkilarlarla hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb, forumun mövzuları müəyyənləşdirilib. Ötən il dekabrın 5-də Parisdə, UNESCO-nun Baş Qərargahında Dünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq işçi qrupunun ekspert görüşü və ali toplantısı keçirildi. Nazir Əbülfəs Qarayev toplantıdakı çıxışında bildirdi ki, Azərbaycan sülhə, əməkdaşlığa və dialoqa sadiqdir. Burada səslənən fikirlərin proqram şəklində hazırlanacağını və yekun sənədlərlə birgə tərəfdaş beynəlxalq qurumlarla paylaşılacağını nəzərə çatdırdı. UNESCO-da IV Umumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən informasiya görüşündə də tədbirə hazırlıq məsələləri müzakirə olundu.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT Baş katibinin kabinet rəhbəri Mariya Luiza Ribeiro Viotti ilə görüşü zamanı da forumla bağlı müzakirələr aparıb. Nazir BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Jefri Feltman ilə də görüşüb. J.Feltman keçən il Bakıya səfəri zamanı nazirlə görüşünü xatırladaraq, Bakının gözəlliyinin onda xoş təəssürat yaratdığını vurğulayıb. O, "Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin fəaliyyəti üçün əhəmiyyəti barədə cənab Feltmana da məlumat verərək tədbirin mövzusunun "Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” olduğunu bildirib. Bu mövzunun BMT-nin Davamlı İnkişaf Gündəliyi 2030 ilə tam uzlaşdığını qeyd edən nazir BMT rəhbərliyinin tədbirdə yüksək səviyyədə təmsil olunmasının vacibliyini söyləyib. Feltman da tədbirin əhəmiyyətini, ümumiyyətlə, "Bakı prosesi”nin vacibliyini və bu barədə baş katiblə müzakirə aparacağını ifadə edib. Sonra Azərbaycan nümayəndə heyəti BMT-nin ali orqanlarından biri, BMT-nin İqtisadi və Sosial Şurası - ECOSOC-un prezidenti Frederik Makamure Şava, həmçinin BMT Sivilizasiyalar Alyansının rəsmiləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycanın dünya mədəniyyətinə töhfəsi, dialoq və əməkdaşlıq layihələri, "Bakı proses” və foruma hazırlıq məsələləri müzakirə olunub. Aprelin 19-da Bakı Konqres Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə foruma hazırlıqla bağlı iclas keçirilib. Nazir forumla bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun artıq mədəniyyətlərarası dialoq platformasına çevrildiyini və 100-dən çox ölkənin nümayəndəsini bir araya gətirdiyini vurğulayıb və foruma hazırlıq işlərinin son mərhələyə qədəm qoyduğunu bildirib. Qeyd edib ki, forum çərçivəsində dünya mədəniyyət və turizm nazirlərinin üçüncü toplantısı, maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü çərçivəsində keçiriləcək. Həmçinin, builki forumda parlament rəhbərləri də iştirak edəcək. Forumda iştirak edəcək qonaqların siyahısında beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, deputatlar, səfirlər, tanınmış elm adamları yer alıblar. Onların iştirakı ilə 40-dan çox dinləmələr təşkil olunacaq. Beləliklə, Azərbaycan bu forumun keçirilməsinə xüsusi əhəmiyyət verir və onun yüksək səviyyədə təşkili üçün bütün lazımi tədbirləri görmüşdür.
Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, ölkəmiz dialoq məkanı kimi qlobal çağırışlara töhfə verir: "Hər şeydən öncə Bakıda keçirilən ümumdünya mədəniyyətlərarası dialoq forumu Azərbaycan Prezidentinin qlobal təşəbbüsü və qlobal çağırışlara münasibəti kimi qiymətləndirilməlidir. Nəzərə alsaq ki, bu forumun tərəfdaşları UNESCO, İSESCO, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlardır, o zaman biz bu forumun nə qədər əhəmiyyətli və nufuzlu bir tədbir olduğu haqqında daha düzgün qənaətə gəlmiş olarıq”. Deputatın sözlərinə görə, Forum 4-cü dəfədir ki, təşkil olunur və burada mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması kimi ideyalar irəli sürülür: "Bütün bunlar əslində beynəlxalq münasibətlər sisteminin yeni və daha humanist gələcəyinin inşa edilməsinə xidmət göstərən mədəni seqmentlər rolunu oynayır. Forumda eyni zamanda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılacaq. Bütün bunlar bir daha ölkəmizin dialoq məkanı kimi qlobal çağırışlara verdiyi töhfə olmaqla bərabər həm də ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi dialoq mərkəzinə çevrildiyindən xəbər verir. Şübhəsiz ki, bu, Azərbaycan Prezidenti, cənab İlham Əliyevin siyasi strategiyasının mühüm mədəni kimponentlərindən biri kimi səciyyələndirilməlidir”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16