2017-05-12 01:46:54   |   1248 dəfə oxunub

İrəvanda Azərbaycan mətbuatı



(Əvvəli ötən sayda)

1917-ci ildə İrəvanda "İrşad”, "İttihad”, "Yeni firqə”, sosial-demokrat təmayüllü "Müdafieyi məzluman” adlı firqələr, İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti kimi bir sıra ictimai qurumlar fəaliyyət göstərirdi. Şübhəsiz ki, onlardan bəzilərinin mətbu orqanları olub. Lakin həmin dövrdə İrəvanda yalnız "Cavanlar şurası” adlı qəzetin buraxılması haqqında məlumat gəlib çatıb. İrəvan Müsəlman Milli Şurası öz ətrafında vətənpərvər qüvvələri birləşdirirdi. Bu şura İrəvanda milli zəmində qanlı toqquşmaların qarşısının alınması üçün erməni siyasi təşkilatları ilə əməkdaşlıq edirdi.

Nazim Axundovun tərtib etdiyi "Azərbaycanda dövri mətbuat (1832-1920)” biblioqrafik-məlumat kitabında həftəlik siyasi-ictimai, ədəbi qəzet olan "Cavanlar şurası”nın İrəvan azərbaycanlılarının Milli Şurası tərəfindən 1920-ci ildə nəşr edildiyi qeyd olunub. Həmçinin, vurğulanıb ki, qəzet tələbə Rza Tağıyev, M.Ə.Nasir və Mir Fətullayev tərəfindən redaktə olunub. İrəvanda Azərbaycan mətbuat tarixinin ilk tədqiqatçısı İsrafil Məmmədovun da qeyd etdiyi kimi, 1920-ci ildə İrəvanda azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyi dövrdə Azərbaycan dilində qəzet nəşr etdirmək mümkün deyildi. Digər tərəfdən, qəzetin redaktorlarından Məmmədəli Nasir 1918-ci ildə daşnakların təqibindən qurtularaq Gəncə şəhərinə gəlib. Orada jurnalistlik fəaliyyətini davam etdirib. İrəvan Müsəlman Milli Şurası 1918-ci ilin mayında daşnakların hakimiyyətə gəlməsinədək aktiv fəaliyyət göstərdiyindən, "Cavanlar şurası”nın 1917-ci ilin ikinci yarısı, 1918-ci ilin birinci yarısında nəşr edildiyini təxmin etmək olar. 1918-1920-ci illərdə Ermənistan daşnak hakimiyyəti dövründə İrəvanda Azərbaycan dilində mətbuat nəşr olunmadığı halda, həmin dövrdə Bakıda erməni dilində "Arev” ("Günəş”), "Aşxatavori dzayn” (Əməkçinin səsi”), "Aşxatanki droşak” ("Əmək bayrağı”), "Banvori xosk” ("Fəhlə sözü”), "Qordz” ("İş”), "Yerkir” ("Ölkə”) və s. kimi mətbu orqanlar işıq üzü görürdü. Bu gün erməni tarixçilərinin iddia etdikləri kimi, əgər 1918-ci ildə Bakıda ermənilərə qarşı "soyqırım” törədilmiş olsaydı, bu qədər qəzet və jurnal işıq üzü görə bilməzdi.

Sovet Ermənistanında Azərbaycan dilində nəşr olunan ilk qəzet kimi "Kommunist”in adı çəkilir. Məlumdur ki, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan az bir müddət sonra yenidən öz yer-yurdlarına qayıdıb gələn azərbaycanlı əhalinin mərkəzi hakimiyyət orqanlarında təmsilçiliyi məsələsi gündəmə gəldi. İlk dövrlərdə Ermənistana rəhbər kadrlar Azərbaycandan göndərilirdi. 1921-ci ilin yanvarın ortalarında Azərbaycan İnqilab Komitəsinin zəmanəti ilə rəhbər vəzifə tutmaq üçün Süleyman Nuri adında şəxs Ermənistan İnqilab Komitəsinin sərəncamına göndərilib. Məlumat üçün deyək ki, Mustafa Sübhinin başçılıq etdiyi Türkiyə Kommunist Partiyasının üzvü olan Süleyman Nuri Bakıda qalıb. 

O, 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayının təşkilatçılarından olub. 1921-ci il yanvarın ortalarında Ermənistan Hərbi-İnqilab Komitəsinin üzvü sifəti ilə İrəvana göndərilən Süleyman Nuri Ermənistan Xalq Komissarları Şurasının qərarı ilə Xalq Ədliyyə komissarı və Ali Məhkəmənin sədri təyin edilir. Süleyman Nuri xatirələrində yazır ki, o, eyni zamanda, tərkibi İrəvan şəhərində yaşayan yerli türklərdən təşkil edilmiş kommunist özəklərinin yaradılması ilə məşğul olub: "Təklifim əsasında Ermənistan Kommunist Partiyası mərkəzi Komitəsi Bakıya məktub göndərdi. Qəzetəçi Semih Hüseyn adında bir yoldaş redaktor olaraq İrəvana dəvət edildi. İrəvanda yerli türklərin dilində çıxan bu qəzetin yayınları daha verimli hala gəldi”.

Süleyman Nuri xatirələrinin başqa bir yerində yazır ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sərəncamında Semih Hüseyn adlı istanbullu türk zabitinin komandanlığında bir ehtiyat polis taboru var idi. Semih Hüseyn də bəzi türklər kimi, Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıda qalıb və Kommunist Partiyasına üzv olub, Süleyman Nuri ilə birgə çalışıb. 

Çox ehtimal ki, Bakıdan qəzet redaktoru kimi İrəvana dəvət edilən Semih Hüseyn elə Süleyman Nurinin bəhs etdiyi həmin şəxs idi. Belə qənaət hasil olur ki, bəzi tədqiqatçıların "Kommunist”in redaktorunun Həmid Qənizadə adlı şəxsin olması haqqında irəli sürdükləri fikir yanlışdır. Həmid Qənizadə "Kommunist”in deyil, 1921-ci ilin ikinci yarısından nəşr edilən "Rəncbər” qəzetinin redaktoru olub. 1921-ci il fevralın ikinci yarısında daşnaklar qiyam qaldıraraq Ermənistanda sovet hakimiyyətini yıxdı və İrəvan şəhəri daşnakların əlinə keçdi. Bununla da "Kommunist” qəzeti öz fəaliyyətini dayandırdı. Aprel ayında İrəvanda sovet hakimiyyəti yenidən bərpa edildi. Erməni dilini bilməyən, tərcüməçi vasitəsi ilə ədliyyə komissarı vəzifəsində işləməyin səmərəli olmadığını söyləyən Süleyman Nuri yenidən İrəvana qayıtmaqdan imtina etdi. 1921-ci ilin iyul ayında Azərbaycandan göndərilən Bala Əfəndiyev xalq daxili işlər komissarının müavini vəzifəsinə təyin olundu. B.Əfəndiyev İrəvan şəhər Partiya Komitəsinin orqanı olan "Rəncbər”, sonra isə "Zəngi” qəzetinin redaktoru olub. Bala Əfəndiyevin xanımı Fatma Əfəndiyeva da ictimai-siyasi işlərdə fəal iştirak edirdi. 

O, "Rəncbər” qəzetinin ilk qadın müxbiri olmaqla yanaşı, İrəvanda azərbaycanlı qadınlar üçün təşkil edilmiş Qadınlar klubunun rəhbəri olub. Sonralar Bülbül Kazımovanın rəhbəri olduğu həmin klub azərbaycanlı qadınlar içərisində mədəni-maarif işlərinin aparılmasında, dini mövhumata qarşı mübarizədə mühüm işlər görüb. 1949-cu ilədək fəaliyyət göstərən Qadınlar klubunun nəzdində savadsızlığın ləğv edilməsi, dərzilik kursları, özfəaliyyət və dram dərnəkləri fəaliyyət göstərirdi. Əvvəlcə 500, sonra isə 1000 nüsxə ilə 4 səhifə həcmində nəşr olunan "Rəncbər” qəzetinin 1921-ci ildə 31 nömrəsi, 1922-ci ildə isə 46 nömrəsi işıq üzü görüb. "Rəncbər” qəzeti 1922-ci il dekabrın sonunda nəşrini dayandırıb. Ermənistanın bolşevik qiyafəsinə girmiş millətçi-şovinist rəhbərləri azərbaycanlıların doğma yurdlarına qayıtmalarını istəmirdilər. Üstəlik, Azərbaycan dilində qəzetin buraxılmasına qəti qarşı idilər. Mərkəzi Komitənin katiblərindən biri olan Aşot Hovanisyan "Rəncbər”in abunəçilərinin az olmasını bəhanə edərək qəzetin bağlanmasına göstəriş verib. Digər tərəfdən, 1922-ci ilin dekabrında Zaqafqaziya Ölkə Partiya Komitəsi Zaqafqaziyada nəşr edilən bir sıra qəzetlərin vəziyyətini müzakirə edərək qərar qəbul edib. Qərarda deyilirdi ki, "İrəvan və Batumidə türk dilində nəşr edilən qəzetlərin çıxarılması dayandırılsın. Zaqafqaziya türkləri üçün ümumi bir ölkə qəzetinin nəşri zəruri hesab edilsin. 

Gürcüstan MK-nın orqanı olan "Yeni fikir” qəzeti Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının orqanı olaraq gündəlik nəşr edilsin”.
Bala Əfəndiyev seksiyanın 1922-1925-ci illərdə gördüyü işləri əhatə edən hesabatında göstərirdi ki, 1923-cü ildən "Rəncbər” qəzeti Zaqafqaziya Ölkə Komitəsinin qərarı ilə bağlandı. Əvəzində "Yeni fikir” qəzeti çıxdı ki, o da Ermənistanın türk rayonlarının ehtiyac və tələbatını ödəyə bilmirdi. Məhz Bala Əfəndiyevin gərgin əməyi nəticəsində, 1925-ci ildə "Zəngi” qəzeti nəşr olunmağa başladı. Əvvəlcə həftədə bir dəfə, sonra isə iki dəfə çap olunan bu qəzet azərbaycanlıların maariflənməsi, onların hüquqlarının qorunması, yeni türk əlifbasına keçid məsələlərində müstəsna rol oynayırdı. 1928-ci ilin sonuna kimi "Zəngi” adı ilə nəşr olunan qəzet 1929-cu ilin yanvarından "Qızıl şəfəq” adı ilə nəşr olunmağa başlamışdı. "Qızıl şəfəq” öz sələfi haqqında yazırdı: "Zəngi” qəzeti Ermənistanda yaşayıb türkcə danışan işçi və kəndli kütləsinin mədəni inqilab tarixini yaratmağa birinci vasitə və ilk bayraqdar olaraq meydana gəlib. Həftədə iki dəfə çıxan, üç il davam edən fəaliyyətində apardığı təşviqat və məfkurəvi mübarizə sayəsində türk zəhmətkeşlərinin maarif və mədəniyyətcə qabağa getməsində böyük iş görüb. Onun şəfəqləri türk zəhmətkeş kütləsini maarifləndirmək və sosializm quruculuğuna cəlb etmək işində yardımçı olacaq. 

B.Əfəndiyevin 1926-cı ildə Ermənistanda ictimai təminat komissarı vəzifəsinə təyin edilməsindən sonra qəzetin məsul redaktoru Mustafa Hüseynov olub. 1930-cu ilin yanvarında Əli Əkərəkli "Qızıl Şəfəq” qəzetinin redaktoru təyin edilib. Bu, ondan irəli gəlirdi ki, o vaxt Kommunist Partiyası qəzetlərə redaktor təyin edərkən həmin şəxsin redaktorluq təcrübəsinə və yaxud jurnalistlik peşəsinə yiyələnib-yiyələnməməsi baxımından deyil, onun siyasi yetkinliyi baxımından yanaşırdı. Ermənistana rəhbər işə göndərilən köhnə kommunist Əli Tağızadə Bala Əfəndiyevdən sonra 1929-1932-ci illərdə "Qızıl şəfəq”in redaktoru olub. Ermənistanın daşnak rəhbərliyi köhnə bolşevik Əli Tağızadəni ləkələmək üçün bəhanə axtarırdı. Nəhayət, işində "ciddi nöqsan taparaq” Əli Tağızadəni Vedi rayonunun Qaralar kəndinə kitabxana müdiri göndərib. 1932-1936-cı illərdə Mustafa Hüseynov yenidən "Qızıl şəfəq”in redaktoru təyin olunub. Türkiyədə doğulan Mustafa Hüseynov redaksiyada qapıçı vəzifəsinə bir türk dostunu işə götürdüyü üçün həbs edilmiş və "Türkiyə agenti” damğası ilə güllələnmişdi. 1936-cı ilin noyabrından 1937-ci ilin aprelinədək "Qızıl şəfəq”in redaktoru Səfər Alməmmədov olub. 1937-ci il oktyabrın 2-dən etibarən qəzet "Kommunist” adı altında nəşr edilib. Qəzet 1939-cu ildən 1989-cu ilin sonuna, nəşrini dayandıranadək "Sovet Ermənistanı” adı ilə çap olunub. 1938-ci ildən 1947-ci ilədək Cəfər Vəlibəyov "Sovet Ermənistanı” qəzetinin redaktoru işləyib. 1949-cu ildə Cəfər Vəlibəyov yenidən "Sovet Ermənistanı”nın redaktoru təyin edilib. 1961-ci ilədək redaksiya kollektivinə rəhbərlik edib. Rza Vəlibəyov da iki dəfə "Sovet Ermənistanı”nın redaktoru olub. 1961-1974-cü illərdə "Sovet Ermənistanı” qəzeti köhnə katib Həbib Həsənovun redaktorluğu ilə nəşr edilib. Onun redaktorluğu dövründə qəzetin nüfuzu və tirajı xeyli yüksəlib.

1974-1981-ci illərdə "Sovet Ermənistanı” qəzetinin redaktoru, filologiya elmləri namizədi Məhərrəm Bayramov, 1981-1984-cü illərdə isə Cahangir Əliyev olub. Sovetlər dönəmində bir qayda olaraq Kommunist Partiyasının və hökumətin mətbu orqanlarına abunə yazılışı üçün yerli təşkilatlar qarşısında plan qoyulurdu. Lakin Ermənistanın millətçi rəhbərləri "Sovet Ermənistanı” qəzetini abunə yazılması nəzərdə tutulan qəzetlərin siyahısına daxil etmirdilər. Bununla belə, qəzetin oxucularının sayı getdikcə artırdı. 80-ci illərin ortalarında qəzetin tirajı 10 min nüsxəyə çatmışdı. 1985-ci ildən "Sovet Ermənistanı”nın redaktoru Zərbəli Qurbanov oldu. 1987-ci ilin sonlarından etibarən qəzetin redaksiyası öz əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi qayğısına qalmaqla yanaşı, həm də bütövlükdə Ermənistan ərazisində insan hüquqları kobudcasına pozulan, təzyiq və təqiblərlə üzləşən azərbaycanlıların müdafiəçisi kimi çıxış etmək məcburiyyətində qalmışdı. Qəzetin baş redaktorunun imzası ilə azərbaycanlılara qarşı edilən təzyiqlər və zorakılıqlar barədə Ermənistanın və SSRİ-nin rəhbər orqanlarına müraciətlər edilir, soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün konkret tədbirlərin ələ alınması tələb edilirdi. Lakin "türksüz Ermənistan” siyasətini həyata keçirən rəhbərlik ciddi tədbirlər görmək əvəzinə, azərbaycanlıların respublika ərazisini tərk etməyə məcbur edən erməni silahlı dəstələrinin hər cür özbaşınalıqlarını ört-basdır edirdi. 

1988-ci ilin sonunda "Sovet Ermənistanı” qəzetinin əməkdaşlarının böyük əksəriyyəti Azərbaycana köçmək məcburiyyətində qalıb. İrəvandakı Opera Teatrının qarşısında keçirilən mitinqlərin birində "Sovet Ermənistanı” qəzeti ilə haqq-hesab çəkmək təklif olunub. Mitinqçilər redaksiya binasını mühasirəyə alıblar. Xüsusi təyinatlı dəstənin mitinqçiləri dağıtması nəticəsində redaksiyanın 20-yə yaxın əməkdaşı girov vəziyyətindən azad olunub. Bir müddətdən sonra Zərbəli Qurbanov və redaksiyanın bir neçə əməkdaşı həmişəlik olaraq İrəvanı tərk etmək məcburiyyətində qalıblar. Tarix elmləri namizədi İsrafil Məmmədov 1989-cu ildə "Sovet Ermənistanı” qəzetinin sonuncu redaktoru olub. Müxbir, tərcüməçi və korrektor çatışmazlığı, ciddi erməni senzurası şəraitində qəzetin nəşrini davam etdirmək mümkün deyildi. Lakin Ermənistan rəhbərliyi orada yaşayan azərbaycanlıların heç bir problemi olmadığı təəssüratını yaratmaq məqsədilə hər vəchlə çalışırdı ki, "Sovet Ermənistanı” qəzeti nəşrini davam etdirsin. 

Çünki həmin dövrdə Bakıda ermənilər firavan şəkildə yaşayır və erməni dilində nəşr olunan "Kommunist” qəzeti, "Agitatator” jurnalı, Yazıçılar İttifaqının orqanı olan "Qrakan Adrbecan” jurnalı həmişəki qaydada nəşr edilirdi. Lakin əsasən teletayp vasitəsilə alınan rəsmi materialları dərc etməyə gücü çatan "Sovet Ermənistanı” qəzetinin nəşrini davam etdirmək mümkün olmadı. 1989-cu ilin sonunda "Sovet Ermənistanı” qəzeti həmişəlik qapadıldı. Girov kimi İrəvanda qalan qəzetin redaktoru İsrafil Məmmədov 1990-cı ilin yanvarında hərbçilərin müşayiəti ilə Azərbaycan sərhədinə çatdırıldı. Təəssüf ki, sovet hakimiyyəti illərində, İrəvan arxivləri azərbaycanlı tədqiqatçıların üzünə qismən açıq olduğu dövrdə İrəvanda Azərbaycan dilində nəşr olunan mətbuatın tarixi kifayət qədər araşdırılmayıb.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19