2017-05-17 10:44:50   |   836 dəfə oxunub

Ədliyyə Nazirliyinin qərarı hüquqi yox, siyasi qərardır

Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymağa çalışır


Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub. Bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. Azərbaycan-Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib və bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlətimiz hər zaman Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb.

Beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilib və qarşılıqlı dəstək ruhu hökm sürüb. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi üçün bütün zəruri addımları atıb. Həmin siyasət hazırda da davam etdirilir. Bununla yanaşı, Rusiyanın bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verməkdədir. Elə bu səbəbdən mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Ali Məhkəmə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdi. Əslində göstərilən əsaslar tam subyektivdir və hər hansı qurumun ləğvi üçün yetərli olmayan "dəlillərdir”. Görünür, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymağa çalışırlar. Məlumdur ki, Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır. Onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergi ödəyiciləridir. Ona görə də bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq səhv addımdır. Azərbaycan icmasının ən böyük ictimai birliyini qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. Məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır. Şübhə yoxdur ki, bu qərar Rusiyanın regiondakı fəaliyyətinə problem yaradacaq və onun bitərəf mövqeyinə zərbə vuracaq. Sual oluna bilər ki, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən Prezidentin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak etdi. Həmçinin, Prezident Putin ona təbrik məktubu göndərdi. Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdirir. Bu, birtərəfli və əsassız yanaşmanın səbəbi nədir? Belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, demək, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına və həmsədri mandatına da kölgə düşür. ÜAK-ın prezidenti Fazil Qurbanov da açıqlamasında qərarı ədalətsiz adlandırıb. O, apelyasiya şikayəti verəcəklərini bildirib: "Qərar hüquqi yox, siyasi qərardır və qərarın müəllifi sıravi bir məhkəmə hakimi deyil, Kremlin başbilənləridir”.

Sözügedən qərar Azərbaycan cəmiyyətində narazılıqla qarşılanıb.

Müxtəlif ekspertlər, QHT-lər tərəfindən səslənən fikirlərdə ifadə olunur ki, bu addım Rusiya-Azərbaycan strateji tərəfdaşlığının yüksələn xətlə inkişafına kölgə sala bilər. Ədalətsiz qərara rus ekspertlər də etiraz ediblər. Tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib ki, ÜAK-ın ləğvi ilə bağlı qərarın mənfi nəticələri olacaq: "Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarı səhv addımdır. ÜAK Rusiyada yaşayan yüz minlərlə azərbaycanlını öz ətrafında birləşdirir. Həmin azərbaycanlılar Rusiyaya münasibətdə çox loyal və vətənpərvər mövqedədir. Onlar hər zaman Rusiya Prezidenti Vladimir Putini dəstəkləyiblər. Ona görə də Rusiya bu addımı atmamalı idi. Məncə, Moskva lazım olanı etməlidir ki, qərar ləğv olunsun. Ümumrusiya Azərbaycan Konqresinə normal fəaliyyət göstərmək üçün şərait yaradılmalıdır”. Politoloq ÜAK-ın qeydiyyatının ləğv edilməsinin mümkün səbəblərinə də toxunub: "Ən mühüm səbəb Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini istəyən qüvvələrin fəaliyyətidir. Rusiyada Moskva-Bakı münasibətlərinin pisləşməsini istəyən qruplaşmalar mövcuddur. Əminəm ki, bu qruplaşmalar ÜAK-ın qeydiyyatının ləğvi məsələsinə öz böyük töhfələrini veriblər”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də bildirib ki, ÜAK-ın ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur: "Bu təşkilat Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak edib. Azərbaycan-Rusiya münasibətlərinin şaxələndirilməsində və regionlararası əməkdaşlığın inkişaf etdirilməsində səmərəli rol oynayıb. Konqresin nümayəndələri dəfələrlə Rusiyanın ali rəhbərliyi tərəfindən təltif edilib. Konqres Rusiyada yaşayan digər çoxsaylı etnik və milli azlıqları birləşdirən təşkilat kimi mövcud olub. Qeyri-hökumət təşkilatı kimi Rusiya qanunları əsasında və bu qanunlara uyğun olaraq yaradılıb. Ona görə də Konqresə qarşı bu cür ayrı-seçkilik münasibətinin göstərilməsini qeyri-dost addım kimi qiymətləndiririk. Hesab edirik ki, bu cür yanaşma Rusiyada millətlərarası münasibətlərin tarazlığına xidmət etməməklə bərabər, Azərbaycan-Rusiya münasibətlərində müsbət əks-səda doğurmayacaq. Biz bu addımda Rusiya Federasiyasının vətəndaşları olan insanlara qarşı onların etnik mənsubiyyətinə görə ayrı-seçkilik və qərəzli münasibətlərin təzahürlərini görürük”.
Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib ki, ÜAK-ın ləğvi müəyyən qüvvələrin təsiri altında olub. Onun sözlərinə görə, Konqresin ləğvi Azərbaycan-Rusiya münasibətlərinə daim müdaxilə edən, bu münasibətləri kəskinləşdirmək üçün bütün vasitələrdən istifadə edərək dövlətlərarası münasibətlərə xələl gətirən qüvvələrin fəaliyyətinin nəticəsidir: "İki ölkə arasındakı münasibətlər həmişə yüksək səviyyədə olub. ÜAK Rusiya-Azərbaycan münasibətlərini tənzimləyən bir konqres deyil. Bu qurum Rusiyadakı azərbaycanlıları birləşdirdi. Azərbaycan-Rusiya münasibətləri yalnız konqres müstəvisində qurulmayıb ki, qurumun ləğvinin nəticəsində münasibətlər korlansın, zəifləsin”.
"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, azərbaycanlıların Moskvadan gözləntisi Qarabağ məsələsinin tezliklə həllidir. Ancaq bu gözləntilərin əksinə olaraq Rusiyadakı ən böyük Azərbaycan təşkilatı olan Ümumrusiya Azərbaycanlılar Konqresinin ləğvi cəhdləri Ermənistana hərbi yardımın artırılması fonunda Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına kölgə salır: "Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırır. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinin ruhuna nəinki uyğun deyil, əksinə, ziddir. İstisna etmirəm ki, ÜAK-ın sənədlərində hansısa hüquqi çatışmazlıqlar var. Hər bir təşkilatın sənədlərində çatışmazlıqlar axtarsaq, tapmaq olar. Bizdə də rus icması, Rusiya Mədəniyyət Mərkəzi var və biz onlara ən yüksək şəraiti yaratmışıq.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ÜAK-ın qeydiyyatının ləğv edilməsini şərh edərkən deyib ki, bu qərar sıradan təşkilatla bağlı deyil. Ekspertin fikrincə, qərar hüquqi yox, siyasi qərardır və müəllifi sıravi bir məhkəmə hakimi deyil: "Məncə, qərarın arxasında Kremlin başbilənləri dayanır. Kreml Rusiyadan yan keçən TAP, TANAP, Bakı-Tiflis-Qars layihələrindən narazıdır. Buna görə də bizi "cəzalandırmaq” yolunu tutub. Üstəgəl, cəbhə bölgəsində artan üstünlüyümüz Moskvanı narahat edir. Rusiyaya silah alışından 5 milyard dollar xeyir vermişik. Ancaq bundan sonra bizə silah satmaq istəyən başqa dövlətlərə üz tutmalıyıq. Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki təkbaşına vasitəçiliyindən də imtina etməliyik”.
İsmayıl







SON XƏBƏRLƏR

2017-09-20
2017-09-19