2017-05-18 12:45:43   |   211 dəfə oxunub

Satirik saytın fəaliyyətinə çox ciddi ehtiyac var

Vüsal Məmmədov: “Cəmiyyət müxtəlifliyi sevir və mesajları da müxtəlif formada almaq istəyir”


AzVision.az saytlar qrupuna daxil olan Kirpi.info karikatura saytına Azərbaycanda imzası ilə və o cümlədən satirik qələmi ilə tanınan Murad Köhnəqala bir neçə gün əvvəl redaktor təyin edildi. Məlumdur ki, saytın əvvəlki redaktoru, tanınmış şair Aqşin Yenisey Türkiyəyə köçməsilə əlaqədar, redaksiyadakı işinə davam etdirə bilməyəcəkdi. Və rəhbərlik də bu vəzifəni peşəkarlığına inandığı Murad Köhnəqalaya həvalə etdi.

Kirpi.info-nun bugünkü fəaliyyəti ilə bağlı bir az sonra danışacağıq.

Hələliksə, satirik mətbuat haqqında bir neçə kəlmə deyək. Satirik mətbuat, əslində bütün dövrlərdə aktual olub. Avropada da, Şərqdə də satirik mətbuat cəmiyyətin güzgüsü olmaq kimi məsul bir vəzifəni çiyinlərinə alıb.
Ən nəhəng örnəyi təbii ki, "Molla Nəsrəddin”dir. "Molla Nəsrəddin”dən qaynaqlanan Azərbaycan satirik mətbuatı sonralar da varlığını qoruyub saxladı. "Kirpi”, "Mozalan” satirik jurnalları buna sübutdur.

Satirik mətbuatın varlığı vacibdir

Azərbaycan satirik mətbuatı "Molla Nəsrəddin”dən "Kirpi”yə, ordan da "Kirpi.info”ya qədər şərəfli ömür keçib. "Kirpi” "Molla Nəsrəddin”in davamçısı sayılır. Əlbəttə, hər dövrün məziyyətləri nəzərə alınmaqla. "Kirpi” jurnalı nəşrə 1952-ci ildə başlayıb. 1952-ci illə 19-cu əsrin əvvəlləri ictimai-siyasi formasiya baxımından müqayisəyə gəlməzdi.

Tural İsmayılov məqaləsində yazır ki, Azərbaycan karikaturasında "Kirpi” ənənəsi xüsusi yer tutur. "Kirpi” uzun illər xalqın yaddaşında dərin iz qoymağı bacarıb. 1952-ci ildən çap olunmağa başlayan "Kirpi” jurnalı "Molla Nəsrəddin” ənənələrinə sona qədər sadiq qalıb. Kommunist ideologiyanın ən kəskin zamanlarında jurnal satirik məzmunu, karikaturaları və felyetonları ilə o dövrdə mövcud olmuş iyrənclikləri, nöqsanları məsxərə atəşinə məruz qoyurdu. Süleyman Rüstəm və Səməd Vurğun da öz yazılarını məhz "Kirpi”də dərc etdirmişdilər bir müddət. "Kirpi” Azərbaycan karikaturasına Əzim Əzimzadənin əsərləriylə töhfə verməklə kifayətlənməmiş, burada Tahir Salahov, Sadıq Şərifzadə, Ziya Kərimbəyli, Kazım Kazımzadə kimi görkəmli rəssam və karikaturaçılar yetişmişdir.

Jurnal ilk nəşrə başladıqda isə onun əsas rəssamları - baş rəssam Nəcəfqulu İsmayılov və Hüseyn Əliyev, Ümid Hüseynov, Həsən Haqverdiyev, Sadıq Şərifzadə, Rizvan Quliyev, Vsevolod Ternavski, Ziya Kərimbəyli, Pyotr Şandin, Arif Ələsgərov, Eduard Abdullayev, Ələkbər Zeynalov, Adil Elçin, Hafiz Nəsiroğlu olub.

1952-ci ildə "Kirpi” satirik jurnalının nəşrə başlaması dövrün, zamanın tələbi idi. "Kirpi” jurnalının nəşrə başlaması karikatura janrının inkişafında da müstəsna rol oynadı və bu sahədə yeni ənənələrin yaranmasına təkan verdi. Əsasən, Sovet ideologiyasına xidmət etməsinə baxmayaraq, "Kirpi” jurnalı müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirə bildi.
Karikatura janrına marağın artması, "Kirpi " jurnalının oxunaqlı jurnal olması bu sahəyə peşəkar rəngkar rəssamların axını ilə müşayiət olundu. "Kirpi” jurnalının populyarlaşmasında xalq ressamı, İsmayıl Axundovun mühüm xidmətləri olub. 1990-cı illərin əvvəllərində çətin vaxtlarını yaşayan jurnal bir müddət çap olunmayıb. Ömürlərini bu jurnala həsr etmiş, mərhum baş redaktor Polad Qasımov, jurnalın baş rəssamı Hafiz Nəsiroğlu və. b jurnala ikinci ömür verdilər.

"Kirpi” ilə paralel "Mozalan” satirik kinojurnalı da o dövrlərdə xüsusi fəaliyyəti ilə seçilirdi və burada da həm "Kirpi”də çalışan karikaturaçılar, həm də sırf onlarla əməkdaşlıq edən karikaturistlər fəaliyyət göstərirdilər.

"Mozalan” satirik kinojurnalı 1971-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının nəzdində təsis edilmişdi. Kinojurnalda son dövrlərədək 180-dən çox nömrə istehsal olunmuşdu. Hər nömrədə 3-4 süjet vardı. Bunlar bədii, sənədli və hətta cizgi süjetləri idi. "Mozalan” satirik kinojurnalının məqsədi neqativ hallara qarşı mübarizə aparmaq, ictimai çatışmazlıqları satira dili ilə xalqa çatdırmaq idi. Sənədli süjetlərdə bir anda müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı əyri-əskikləri lentə almaq, bütün respublikanı xəbərdar etmək "mozalançı”ların əsas iş üsullarından idi. "Mozalan” satirik kinojurnalının ilk filmi "Hörmətli alim yoldaşlar” adlı qısametrajlı bədii süjet olmuşdu. Komediya janrında çəkilən süjetin rejissoru Oqtay Mirqasımov, ssenari müəllifi Əkrəm Əylislidir. Filmdə məruzəçi "Mozalan” sözünün yumoristik mənalarını izah etməklə kinojurnalı sanki açır və kinojurnalın gələcəkdə hansı mövqe tutacağını göstərir.

"Mozalan” satirik kinojurnalının ilk baş redaktoru Eyvaz Borçalı olmuşdur. "Mozalan” studiyası 2008-ci ildə İspaniyanın "Aktualidad” jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz lideri” beynəlxalq mükafatına layiq görülüb. Hazırda satirik kinojurnalın baş redaktoru Orxan Fikrətoğludur.
Çox adam satiradan çəkinir, qorxur. Satira təhqir deyil, tənqiddir. Təəssüf ki, son zamanlar tənqidlə təhqir arasındakı cizgi də itib. Təhqiri tənqid adıyla təqdim edirlər. Bu da müasir informasiya cəmiyyətinin ən böyük çatışmazlığı, nöqsanıdır.

"Kirpi.info” boşluğu doldura biləcəkmi?


Qeyd edək ki, "Kirpi.info” - hazırda ölkədə yeganə karikatura saytıdır.
Təbii ki, müasir dünyada dəngələr dəyişdiyi kimi, elektron xəbərçilik özünə yer edir. Müxtəlif agentliklər, xəbər portalları, saytlar yaranır.
Belə vaxtda sırf karikatura saytının varlığı cəmiyyətin müxtəlifliyə açıq olduğunu göstərir. Cəmiyyət - oxucu hər gün eyni formatda xəbər almaqdan yorulur, onu düşündürən problemlər barədə daha rəngarəng, daha parıltılı və diqqət çəkən tərzdə məlumat almaq istəyir. Bu zaman da köməyinə satirik mətbuat, karikatura saytları gəlir.

Murad Köhnəqala özü bu barədə bildirir ki, Kirpi.info-nun redaktorluğu onun üçün xeyli maraqlı işdir: "Oxuculara söz verirəm ki, sayt çox maraqlı və gülməli olacaq. İzləyin, görəcəksiniz”.
Azvision.az saytlar qrupunun rəhbəri Vüsal Məmmədov isə "Kirpi.info”nu "Molla Nəsrəddin”in davamçısı adlandırmağı düzgün hesab etmir. Bizcə, sırf təvazökarlıqdan. V.Məmmədov "Mətbuat.az” saytına müsahibəsində "Molla Nəsrəddin”çi adına iddianın çox böyük səslənəcəyini demişdi:
- Kirpi.info saytına indiyə qədər Aqşin Yenisey redaktorluq edirdi. Aqşinin Türkiyəyə köçməsi ilə əlaqədar olaraq, orada işlər bir az zəifləyib. Artıq bir neçə gün sonra tanınmış jurnalist Murad Köhnəqala Kirpi.infonun redaktoru olacaq. Düşünürəm ki, Murad gələndən sonra Kirpi.info daha da güclənəcək. Aqşinin yumor hissi nə qədər güclü olsa da, daha çox dramatizmə meyilli şairdir. Murad Köhnəqala isə daha çox satirik qələmi olan jurnalistdir.

"Kirpi”ni "Molla Nəsrəddin”in davamı adlandırmaq düzgün olmazdı, böyük görünər. Amma "Kirpi.info”nun maarifləndirici rolu var.

Bizdə karikaturaların cəmi 5-10 faizi siyasətlə bağlı olur, digərləri cəhaləti, cəmiyyətin çatışmayan cəhətlərini tənqid edir. Buna sayta baxmaqla da əmin ola bilərlər. O ki qaldı, nə çatışmır? Yəqin ki, Molla Nəsrəddində toplaşan insanların nəhəngliyi bizim uşaqlarda çatışmır. Amma hesab edirəm ki, yavaş-yavaş yetişəcəklər, çox gəncdilər... "Molla Nəsrəddin”çilər döyüşçü idi. Cəmiyyətlə, ətrafla döyüşürdülər. Onlar savaşmağa məcbur idilər. Çox güclü idilər. Biz döyüşmürük, kənardan dayanıb daş atırıq. Təsəvvür edin, döyüşən adam nə qədər güclü ola bilər, qıraqdan dayanıb daş atan adam nə qədər...

Digər tərəfdən baxanda, indi döyüşməyə ehtiyac yoxdur, cəmiyyət əsasən normaldır. Əsasən biz nöqtəvi zərbələr vurmağa çalışırıq. Çatışmayan yerlərə xırda daş atmağa ehtiyac var.

"Sarkisyanla bağlı yaxşı karikaturalarımız var”

Azvision.az saytlar qrupunun rəhbəri Vüsal Məmmədov "Şərq”ə açıqlamasında "kirpi-info”nun fəaliyyət zərurətindən danışdı:

- Məncə, Azərbaycan mediasının hazırkı durumunda satirik saytın fəaliyyətinə çox ciddi ehtiyac var. Cəmiyyət müxtəlifliyi sevir və mesajları da müxtəlif formada almaq istəyir. Cəmiyyətə mesajlar həmişə eyni formada, rəsmi, diplomatik, ciddi şəkildə ötürülməməlidir. İnformasiyanı da, vacib mesajları da çatdırmağın müxtəlif yolları var. Təqdimatın necə, hansı üsulla edilməsi vacib şərtdir. Satira, yumor da onlardan biridir. Satira karikatura ilə birləşəndə isə ortaya çox mükəmməl bir ötürücü, əlaqələndirici vasitə çıxır. Hesab edirəm ki, satiranın cəmiyyətin maarifləndirilməsində, kütləvi şüura təsirdə rolu əhəmiyyətli dərəcədə böyükdür. Satira daha tez ictimai şüura təsir edir.

Bəs "kirpi-info” nəyi tənqid edir?

V.Məmmədov bildirdi ki, hər dövrün öz mövzuları var:

- Ötən əsrin əvvəllərində "Molla Nəsrəddin” o dövr üçün xarakterik olan cəhaləti, dini xurafatı, mövhumatı, savadsızlığı tənqid edirdisə, sovet illərində mövzular dəyişdi. Sosializm quruculuğuna zidd gedənlər, "partiya xəttinə xilaf çıxanlar”, bürokratizm tənqid hədəfi oldu. Bizim dövrümüzün də özünə məxsus çatışmazlıqları var. İctimai cəhalət var, müəyyən dərəcədə mövhumat, ictimai mədəniyyətsizlik, insanların biri-birinə qarşı kobudluğu, etik qaydalara riayət edilməməsi, bəzi sosial problemlər saytın əsas tənqid hədəfləridir. Siyasətə gəlincə, dediyim kimi, siyasi mövzular ümumi mövzuların 10 faizini təşkil edir.

Elə mövzular olur ki, ona ən yaxşı cavab karikatura ilə verilir. Məsələn, Ermənistanın separatçı rejimi ilə, konkret Sarkisyanla bağlı diqqət çəkən və hədəfə dəyən karikaturalarımız var. ABŞ-dakı ötən prezident seçkiləri, Donald Tramp haqqında da karikaturamız olub. Bundan sonra da Azərbaycanın beynəlxalq aləmdə imicini qorumaq, Azərbaycanı bilavasitə əhatə edən qlobal mövzular, hadisələrlə bağlı karikatura janrına müraciət edəcəyimiz tamamilə gözləniləndir.
Murad Köhnəqalanın yeni vəzifədə işindən razı qalıb-qalmamasına gəlincə, V.Məmmədov bu haqda danışmağın hələ tez olduğunu dedi:
- Hələ ki, Murad Köhnəqala adaptasiya dövrü yaşayır. Məncə, işlər yaxşı gedir, daha da yaxşı olacaq.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2017-05-27
2017-05-26