2017-05-18 19:42:07   |   374 dəfə oxunub

Mətbuat Şurasında KİVDF ilə bağlı iclas keçirilib


Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Qurumdan Sherg.az-a verilən məlumata görə, iclasda Şuranın Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə edilib.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələ ilə bağlı məlumat verib. O bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının hazırkı tərkibi Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiqlənib. Həmin tərkibin səlahiyyət müddəti başa çatmaqdadır. Eyni zamanda Fondun Nizamnamə tələbinə görə eyni şəxs iki dəfədən artıq Müşahidə Şurasında təmsil oluna bilməz. Buna görə də tərkibdə əsaslı dəyişikliklər nəzərdə tutulub. Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Mətbuat Şurasına KİVDF-nin Müşahidə Şurasına kütləvi informasiya vasitələrindən və jurnalist təşkilatlarından namizədləri müəyyənləşdirmək tapşırılıb. Şura hər zaman olduğu kimi, yenə də bu missiyanı yerinə yetirməlidir.

Ə.Amaşov deyib ki, «Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın qəbulu və sənədə əsasən KİVDF-nin formalaşdırılması jurnalistikanın problemlərinin həllinə konseptual yanaşmanın bariz göstəricisidir.

MŞ sədri onu da bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən 9-u kütləvi informasiya vasitələrindən, 9-u isə jurnalist təşkilatlarından olmaqla ümumilikdə 18 nəfərin adı KİVDF-nin Müşahidə Şurasına namizəd kimi irəli sürüləcək. Fondun Nizamnaməsinə əsasən onun tərkibi ümumilikdə 9 nəfərdən ibarət olur ki, bunun da 3-nü KİV-lərdən, 3-nü jurnalist təşkilatlarından, 3-nü isə dövlət orqanlarından olan nümayəndələr təşkil edir. Bu isə o deməkdir ki, Mətbuat Şurasının 18 namizədindən yalnız 6-ı Müşahidə Şurasının üzvü olaraq təsdiqlənəcək. Şura öz namizədlərini ölkə rəhbərliyinə təqdim edəcək. Fondun Müşahidə Şurasının tərkibi prezident İlham Əliyev tərəfindən təsdiqlənəcək.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, Fond yarananda onun iş prinsiplərinin müəyyənləşdirilməsi ilə bağlı hər hansı təcrübə yox idi. Qurum paralel olaraq həm bu vəzifəni həyata keçirdi, həm də beynəlxalq təcrübəni öyrəndi. V.Səfərli də öz növbəsində ötən 8 il müddətində Müşahidə Şurasında təmsil olunan hər kəsə təşəkkürünü bildirib, yeni tərkibin də məhsuldar fəaliyyət göstərəcəyinə inandığını deyib, namizədlərə uğurlar arzulayıb.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Mətbuat Şurasının yeni namizədlərinin başlanılmış yolu ləyaqətlə davam etdirəcəyinə əminliyini bildirib və İdarə Heyətinin üzvlərini onları dəstəkləməyə çağırıb. Təklif səsə qoyularaq qəbul edilib.
Müzakirələrdən sonra adları aşağıda qeyd edilən şəxslərin Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizəd kimi müəyyənləşdirilməsi qərara alınıb:
Jurnalist təşkilatlarından:

1. Əsgərov Ramiz Baxşəli oğlu, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi;
2. Verdizadə Seymur Vaqif oğlu, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri;
3. Musayev Ceyhun Musa oğlu, «Jurnalist Ekspert Mərkəzi» ictimai birliyinin sədri;
4. Mirzəyev Ayaz Nizami oğlu, «Azərbaycan Jurnalistlər Şəbəkəsi» ictimai birliyinin sədri,
5. Rüstəmov Əvəz Cahangir oğlu, «Ruh» Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri;
6. Məmmədli Yadigar Tarix oğlu, Demokratik Jurnalistlər Liqasının sədri;
7. Mehdiyev Qafar Qələndər oğlu, Araşdırmaçı Jurnalistlər Liqasının sədri;
8. Eyvazov Elşad Səməndər oğlu, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri;
9. Əhmədov Xanoğlan Əlüseyn oğlu, «Media və mülki cəmiyyət» İctimai Birliyinin sədri.
Kütləvi informasiya vasitələrindən:
1. Həsənov Həsən Zal oğlu, «Xalq qəzeti»nin baş redaktoru;
2. Oğuz Yunus İsaxan oğlu, «Olaylar» İnformasiya Agentliyinin baş direktoru, «Olaylar» qəzetinin baş redaktoru;
3. Quliyev Bəhruz Vaqif oğlu, «Səs» qəzetinin baş redaktoru;
4. Mirzəbəyli Elçin Əbdülrəhim oğlu, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru;
5. Quliyev Aydın Alıqulu oğlu, «Bakı xəbər» qəzetinin baş redaktoru;
6. Vəliyev Akif Abduləzim oğlu, «Şərq» qəzetinin baş redaktoru;
7. Əliyev Namiq Həsən oğlu, «Palitra» qəzetinin baş redaktoru;
8. Hüseynov İlqar Məmməd oğlu, «Trend» İnformasiya Agentliyinin baş direktoru;
9. Seyidova Sevinc Məmməd qızı, «Həftə içi» qəzetinin baş redaktoru.






SON XƏBƏRLƏR

2017-09-20
2017-09-19