2017-05-19 11:44:06   |   179 dəfə oxunub

Trampın durumu ağırdır, təzyiqlər artacaq

Lakin ekspertlər ABŞ Prezidentinə qarşı impiçment prosesinin başlanmasını erkən hesab edirlər


ABŞ Prezidenti Donald Tramp FTB-nin keçmiş direktoru Ceyms Komidən sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinnin Rusiya ilə əlaqələrini araşdıran təhqiqatı dayandırmasını xahiş edib. Amerikalılara görə, bu addım ədalətin qarşısının alınması və cinayət əməli hesab olunur. ABŞ-ın məşhur "The İndependent” nəşri yazıb ki, Amerika Konqresindəki respublikaçılar özlərini Donald Trampın impiçment oluna biləcəyi varianta hazırlamağa başlayıblar.

Respublikaçı konqresmen Castin Amaş da deyib ki, əgər Trampın FTB direktoru Komiyə təzyiq göstərməsi xəbəri doğrudursa, impiçment prosesinə başlanmalıdır. Konqresmen Karlos Kurbelo da prezident Trampın Komiyə göstərdiyi təzyiqi, keçmiş prezidentlər Riçard Nikson və Bill Klintona qarşı impiçment prosesinə səbəb olmuş vəziyyətə bənzədib. Xatırladaq ki, bu iki konqresmen Trampın kəskin tənqidçiləridir və seçkidə ona səs verməyiblər. "New York Times” qəzetinin yazdığına görə, Prezidentin cənab Komiyə məktubunda deyilir:   

"Ümid edirəm, siz Flinnlə əlaqədar işin bitirilməsi yolunu görürsünüz”. Görünən odur ki, Tramp öz adamları ilə Rusiya arasındakı əlaqələrə dair təhqiqatın gedişinə təsir göstərmək istəyib. Hazırda Tramp komandasının Rusiya ilə əlaqələrinə dair araşdırma və Flinn-Moskva münasibətləri ayrı-ayrılıqda araşdırılır. Ağ Ev isə iddia edib ki, Tramp və Komi arasındakı söhbət düzgün əks edilməyib. Məlumat üçün deyək ki, Tramp Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı ona İŞİD haqqında yüksək məxfi məlumatlar verib. Halbuki həmin məlumatların paylaşılması qadağan imiş.

Rusiya rəhbəri Amerika Prezidenti Trampa pul ödəyirmiş?

"The Telegraph” qəzeti yazıb ki, respublikaçı liderlərdən Kevin Makkarti Putinin Trampa ödənişlər etdiyi haqda fikirlər səsləndirib. 2016-cı ilin iyun ayına aid səs yazısında Kevin Makkarti "Putin Trampa pul ödəyir” ifadəsini işlədib və namizəd Trampın Rusiya Prezidenti tərəfindən maliyyələşdirildiyini iddia edib. Ancaq Respublikaçı spiker Paul Rayan bu söhbəti yazanlardan onu sızdırmamağı xahiş edib.

Tramp necə impiçment oluna bilər?

1984-cü ildən bəri bütün prezident seçkilərinin nəticələrini əvvəlcədən müəyyən edən politoloq Allan Lixtman deyib ki, Trampın FTB rəhbəri Komini işdən çıxarması ilə bağlı impiçment edilməsi üçün kifayət qədər əsas var. Ekspert bildirib ki, Trampın Komini işdən çıxarması Niksonun prezidentliyinə son qoymuş "Watergate” qalmaqalından daha ciddi məsələdir: "O, indiyədək ədalətə əngəl yaradıb, pul mükafatları haqqında qanunu pozub. Biz deyirik ki, impiçment təhqiqatına başlanmalıdır”. Siyasət alimi Lixtman da hesab edir ki, Trampın onun barəsində təhqiqat aparan şəxsdən loyallıq tələb etdiyinə dair iddialar isbat olunarsa, prezident avtomatik olaraq ədalətə əngəl yaratmaqda ittiham ediləcək. Bəzi xəbərlərə görə, Tramp Komidən prezidentə sədaqət andı içməsini tələb edib, halbuki FTB rəhbəri tam müstəqil bir vəzifədir. "The İndependent” yazıb ki, yalnız iki prezident - Endryu Conson və Bill Klinton Nümayəndələr Palatası tərəfindən impiçment olunub. Ancaq Senat heç bir prezidentin impiçmentini qəbul etməyib. 

Trampın impiçment edilməsi üçün Nümayəndələr Palatasındakı respublikaçılar ona qarşı çıxmalıdırlar. Əgər 2018-ci ilin mövsümarası seçkilərində demokratlar qalib gəlsələr, onlar Trampın impiçmentinə başlaya bilərlər.

"Problemlərin səbəbi Ağ Evdə qeyri-standart siyasətçinin oturmasıdır”

Politoloq Şahin Cəfərli deyib ki, Tramp prezident kimi fəaliyyətə başladıqdan bu yana ölkənin qalmaqalsız günü yoxdur və artıq respublikaçılar daxilində bu durumdan narazılıq tədricən artmaqdadır: "Çünki bitməyən gərginliklər respublikaçıların öz proqram məqsədlərini həyata keçirməsini çətinləşdirir. Halbuki ilk baxışdan bunun üçün çox münbit şərait var. Prezident respublikaçıdır, Konqresin hər iki palatasında respublikaçılar çoxluqdadır və qubernatorların da əksəriyyəti respublikaçıdır. Yəni, hazırda yuxarıdan aşağıya ABŞ-ın dövlət idarəçiliyi sistemində respublikaçıların hegemonluğu mövcuddur. Lakin onlar hazırda bu üstünlüklərindən faydalana bilmirlər və ya məhdud şəkildə faydalanırlar. Bunun səbəbi Ağ Evdə sistem xaricindən gələn qeyri-standart siyasətçinin oturmasıdır. Trampın çərçivələri qəbul etməyən impulsiv xarakteri, qeyri-ənənəvi idarəçilik metodları respublikaçı elitanın onu nəzarətdə saxlamasını və yönləndirməsini çətinləşdirir”. Siyasi şərhçiyə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Trampın "tam məxfi” qrifli informasiyanı açması ciddi qalmaqaldır: "Bu fakt onun tutduğu vəzifənin ciddiyyətini hələ də tam dərk etməyən, məsuliyyətsiz bir siyasətçi olduğunu bir daha təsdiqləyir. Təbii ki, bu hadisə ölkədə böyük narazılığa səbəb olub. Demokratların mövqeyi aydındır, onlar Trampa qarşı sərt müxalifətçilik edirlər, bu məlumatdan mümkün olduğu qədər yararlanacaqlar. Burada maraqlı və əhəmiyyətli olan respublikaçıların davranışıdır. Artıq respublikaçıların nüfuzlu simaları, o cümlədən Nümayəndələr Palatasının sədri Pol Rayan da narahatlığını ifadə ediblər və Ağ Evdən izahat istəyiblər.

"İmpiçment hər an gündəmə gətirilə biləcək sadə bir prosedur deyil”

Ekspertin sözlərinə görə, Trampa qarşı təzyiqlər artacaq. Lakin hələ impiçmentdən danışmaq tezdir: "İmpiçment hər an gündəmə gətirilə biləcək sadə bir prosedur deyil. Bunun üçün çox ciddi əsaslar olmalıdır və prezidentin cinayətə yol verdiyini təsdiqləyən təkzibedilməz sübutlara ehtiyac var. Trampın Lavrovla görüşdə məxfi informasiyadan bəhs etməsi sırf hüquqi baxımdan yanaşdıqda, cinayət deyil. ABŞ qanunları prezidentə bunu qadağan etmir. Ona görə də bu hadisə impiçment üçün əsas yaratmır. Hüquqi baxımdan problem olmaya bilər, lakin siyasi baxımdan ciddi problemdir. Tramp bu tip siyasi səhvləri ilə öz partiyası daxilində ona olan etimadın sarsılmasına, azalmasına səbəb olur. Bu səhvlər üst-üstə yığılaraq respublikaçılar üçün daşınması mümkün olmayan yükə çevrilərsə, impiçment siyasi baxımdan zərurətə çevrilə bilər”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-07-22
2017-07-21