2017-05-19 11:48:26   |   638 dəfə oxunub

Cümhuriyyət qurucularının məzarları Azərbaycana gətirilə bilər

Firdovsiyyə Əhmədova: “Yəqin ki, onların xatirəsinə xiyaban salınacaq”

Dilavər Əzimli: “Cümhuriyyətin bütün qəhrəmanları haqqında geniş tədbirlər keçirilməlidir”


Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, AXC-nin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd ediləcək. Sərəncamda AXC-nin tarixinə də nəzər salınıb. Bildirilib ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalıb.

Lakin 1918-ci il mayın 28-də xalqımız müstəqil dövlətini qura və 23 ay ayaqda saxlaya bilib. Azərbaycan yenidən müstəqilliyini əldə edəndən sonra həmin tarix ölkədə Respublika günü kimi qeyd edilməyə başlanılıb. Şübhəsiz ki, 28 may sadəcə keçmişimizin bir mərhələsini ifadə edən sadə bayram deyil, dövlətçilik ənənələrinin varislik prinsipi baxımından söykəndiyi tarixi bir gündür. Bu baxımdan həmin günün təntənəli şəkildə qeyd olunması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.


Tarixçi-alim Firdovsiyyə Əhmədova "Şərq”ə açıqlamasında deyib ki, indiyə kimi Azərbaycan Xalq Cümhuriyyətinin yubileyləri ilə bağlı bir neçə Sərəncam imzalanıb. Tarixçinin sözlərinə görə, həmin Sərəncamlardan irəli gələrək bir çox elmi tədqiqat işləri aparılıb, AXC-nin tarixi ilə bağlı tədqiqatlar dərinləşdirilib və beynəlxalq ictimaiyyətə çatdırılıb: 

"Konkret olaraq AXC-nin 80, 85 illik yubileyləri ilə bağlı ulu öndər Heydər Əliyevin verdiyi Sərəncamlar həmin dövrdə çoxsaylı arxiv sənədlərinin toplanması, elmi işlərin, akademik nəşrlərin çap edilməsi ilə nəticələnib. Bununla yanaşı, 2003-cü ildə 17 iclasdan ibarət Beynəlxalq Simpozium keçirilib, iki cildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası çap olunub. Daha sonra Prezident İlham Əliyev tərəfindən AXC qurucuları, milli, siyasi və ictimai fikir sahiblərinin yubileylərinin keçirilməsi barədə sərəncamlar verilib. Cümhuriyyətin 90 illiyi ilə bağlı da elmi işlər dərinləşdirilib, AXC-nin dünyaya tanıdılması yönündə tədbirlər keçirilib. AXC haqqında latın qrafikası ilə nəşr edilən iki cildlik ensiklopediya kitabxanalara pulsuz paylanılıb. Daha sonra ensiklopediyanın təkmilləşdirilmiş ikinci nəşri işıq üzü görüb. Gördüyünüz kimi, dövlət səviyyəsində atılan addımlar çoxsaylı işlərin görülməsi ilə nəticələnib”. F.Əhmədova konkret olaraq AXC-nin yüzilliyi ilə bağlı verilmiş Sərəncamın mətninə xüsusi diqqət yetirib: "Sərəncamda birmənalı şəkildə vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti sadəcə XX əsrin əvvəllərində baş verən siyasi proseslərin nəticəsində ortaya çıxan bir akt deyil. Cümhuriyyət həmin dövrdə Azərbaycanın mədəni və milli intibahının məntiqi yekunu olaraq ortaya çıxıb. Sərəncamda milli mənafeyi üstün tutan neft sahibkarlarının və ictimai-siyasi elitanın birgə iş birliyi qeyd olunub, AXC-nin Azərbaycanın dövlətçilik səlnaməsində möhtəşəm yer tutduğu xüsusi olaraq vurğulanıb. Eyni zamanda Cümhuriyyətin həyata keçirdiyi tədbirlər, hüquqi-demokratik dövlət qurmaq yolunda atılan addımlar yüksək qiymətləndirilib”.

Tarixçi bir çox həmkarının və ölkə vətəndaşının istəyini də dilə gətirib: "Yəqin ki, Sərəncamdan irəli gələrək AXC xadimlərinin xatirəsini əbədiləşdirəcək abidə kompleksi yaradılacaq. Həmçinin, AXC qurucularının xaricdə yerləşən məzarları ölkəmizə gətirilərək onların xatirəsinə xiyaban salınacaq. Vurğulayım ki, bir il əvvəl belə Sərəncamın verilməsi heç də təsadüfi hal sayılmamalıdır. Çünki məhz 100 il əvvəl, 1917-ci ildə Ümumqafqaz və Ümumrusiya Müsəlmanları Qurultayında Azərbaycan muxtariyyəti ilə bağlı qərar verilib və bu istiqamətdə mübarizəyə başlanılıb. Nəticə etibarı ilə İstiqlaliyyət elan olunub. Sərəncamın bir il əvvəl verilməsinin digər praktiki əhəmiyyəti isə əvvəlcədən tədbirlər proqramlarının hazırlanmasıdır. Arzu olunan odur ki, Nazirlər Kabineti yubanmadan tədbirlər proqramını tərtib etsin. Müvafiq qurumlar da bu yöndə işlərini qursunlar. Sərəncam fonunda çox nəhəng işlərin görülməsi planlaşdırılır. Elmi tədqiqat işləri dərinləşdirilməli, boşluqlar doldurulmalı, zəruri istiqamətlər yenidən araşdırılmalıdır”.

AMEA-nın aparıcı elmi işçisi, tarixçi-alim Dilavər Əzimli də "Şərq”ə deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti nəinki Azərbaycanın, dünya dövlətçilik tarixinin şərəf dövrüdür: 

"AXC-də olan demokratik ənənələr, tətbiq olunan institutlar o zaman dünyanın heç bir ölkəsində mövcud deyildi. Bunun ən birinci nümunəsi qadınlara ilk dəfə olaraq seçki hüququnun verilməsi idi. Həmin dövrdə heç ABŞ-da belə qadınlara seçki hüququ verilməmişdi. AXC-nin 100 illiyinin təntənəli şəkildə keçirilməsi nəinki məqsədəuyğundur, hətta vacibdir. Bu baxımdan Prezident tərəfindən verilən Sərəncam çox önəmli və təqdirəlayiqdir. Hesab edirəm ki, çox vaxtında verilmiş Sərəncamdır. Fikrimcə, Cümhuriyyətin bütün qəhrəmanları haqqında geniş tədbirlər keçirilməlidir. Çünki onların hər birinin tariximizdə önəmi böyükdür. Bir şəxsiyyəti digərinə qarşı qoymaq, digərindən üstün tutmaq düzgün deyil. Sadəcə olaraq hər bir şəxsi tutduğu mövqeyə və fəaliyyətinə görə müəyyən qədər fərqləndirmək olar”.

İsmayıl







SON XƏBƏRLƏR

2017-07-22
2017-07-21