2017-05-19 11:51:06   |   254 dəfə oxunub

Müəllimlərin müsabiqədənkənar işə qəbulu qeyri-qanunidir

Məlahət Mürşüdlü: “Gələn dərs ilindən belə müəllimlərlə bağlanmış müqaviləyə xitam veriləcək”


Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, ötən il Azərbaycanda rekord sayda - 27 min müəllim işə qəbul üzrə imtahanlarda iştirak edib. Onun sözlərinə görə, keçid balı - 36 baldan çox toplayanların nəticəsi bir il qüvvədə saxlanılır və onlar bu il imtahan vermədən vakant seçimdə birbaşa iştirak edə biləcəklər.

2016-cı il 48 baldan yuxarı nəticə göstərənlərin sayı 5 mindən yuxarıdır. Keçid balını toplayanların sayı ilə bağlı dəqiq məlumat yoxdur. E.Bağırov deyib ki, bu il bəzi təhsil müəssisələrinə müəllimləri müsabiqədənkənar işə qəbul etmək hüququ verilib, bu müəssisələrin siyahısı artıq təsdiqlənib: "10 belə müəssisə müəyyənləşib. Onların hamısı Təhsil Nazirliyinin tabeliyindədir. Müəllimin, namizədin təyinatı Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır”.

Onun sözlərinə görə, seçilmiş müəssisələr respublikada ən yüksək akademik göstəricilərə malikdir: "Bu müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün mərkəzləşdirilmiş imtahanda iştirak etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, namizədlərin siyahısı nazirliyə təqdim olunacaq və siyahı müvafiq komissiya tərəfindən araşdırılacaq. Gələcəkdə Təhsil Nazirliyinin tabeliyində olmayan, yüksək akademik göstəricilərə malik olan digər müəssisələrə də belə bir səlahiyyətin verilməsinə baxıla bilər. Bu məktəblərin akademik göstəricilərinə müxtəlif olimpiadalarda, yarışlarda yüksək nəticə əldə etmə və s. aiddir. Həmin müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün işə qəbul üzrə qoyulan tələblər digər məktəblərdən daha yüksək olacaq. Həmin namizədlər sözsüz ki, ən yüksək bal toplayanlar olmalıdır. Bununla belə, namizədin yalnız müsabiqədə yüksək bal toplaması tələb olunmur”.

Nazirlik rəsmisi əlavə edib ki, əvvəlki illərdə peşə təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlərin də işə qəbulu birbaşa müsabiqə yolu ilə həyata keçirilib, müsabiqədə iştirak edərək müvafiq balı toplayanların təyinatı Təhsil Nazirliyi tərəfindən verilib: "Bu il isə bir qədər fərqli olacaq və peşə təhsili müəssisələrinə işə qəbul 2016-cı ildə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq. Həmin müəllimlər isə test imtahanında müvafiq balı toplayan namizədlər arasından seçiləcək”.

Məsələni dəyərləndirən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü müsabiqədənkənar müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılmasının düzgün hal olmadığını deyib. Ekspertin sözlərinə görə, artıq neçə illərdir ki, ölkəmizdə müəllimlər orta məktəblərə imtahanlarla qəbul edilirlər və son illər bu məsələdə çox ciddi nəzarət var: "Bu günlərdə Təhsil Nazirliyinin nümayəndəsi açıqlama verdi ki, gələn dərs ilindən belə müəllimlərlə bağlanmış müqaviləyə xitam veriləcək. Düşünürəm ki, bu xitamın verilməsi doğru yoldu. Çünki bu məsələ neqativ hal kimi artıq məktəblərdə özünə yer etməkdədi. Həmçinin müsabiqə ilə qəbul edilən müəllimlərin hüquqları pozulur. Nəyə görə bir qrup şəxs hansısa vasitələrlə müsabiqədən kənar işə qəbul olunmalı, digərləri isə üçmərhələli imtahanlardan keçməlidir? Biz kimliyindən asılı olmayaraq qaydalara, qanunlara, normativ sənədlərə və təlimatlara əməl etməliyik və qanunları pozmamalıyıq. Düşünürəm ki, həmin müəllimlərin işinə xitam veriləcək, bu, qeyri-qanuni haldır”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22