2017-05-19 11:53:51   |   825 dəfə oxunub

Sabir qan ağlayırdı, Fazil bəy də ağladı...

“Mirzə Ələkbər Sabir xəstəliyinin şiddətli vaxtlarında bu darısqal otaqda yaşayıb”

-Kitabxanaçı xanımlara təşəkkür edib çıxarkən, Sabirin dərs dediyi məktəbə də yaxınlaşıb gözlə incələdim.Məktəbin əsas hissəsi indi şadlıq evi kimi fəaliyyət göstərir...



"Uşaqları qəlyanxanalardan, çayxanalardan yığışdıra bilsək, daha böyük iş görmüş olarıq. Onların sevdiyi mühitin məhz kitabxana olması hər birimizin ürəyincədir”

Bu günlərdə millət vəkili Fazil Mustafa Balaxanıda yerləşən Sabir adına kitabxanada olub. Deputat şəxsi feysbuk hesabında kitabxana ilə bağlı fikirlərini bölüşüb:

"Bu gün bir neçə saatlıq vaxt tapdım, ənənə üzrə kitabxanalardan birinə baş çəkməyi qərarlaşdırdım. Kitabxanalarda, kitab mühitində olmağı xoşlayıram, üstəlik də kitabxanaçılarla kitab barədə söhbət etməyin ayrı zövqü olur. Azərbaycanda həqiqətən də kitabı sevən, onun dəyərini bilən bir-birindən qiymətli kitabxanaçılar var, onların mütaliə ilə, oxucularla bağlı fikirlərini dinləmək çox maraqlıdır. Bu dəfə yolum Balaxanıdakı Sabir adına kütləvi kitabxanaya düşdü. Kitabxananın müdiri Məlahət xanım təcrübəli kitabxanaçıdır, həm də Balaxanıda doğulub başa çatıb. Sürpriz o oldu ki, vaxtilə Mirzə Ələkbər Sabirin yaşadığı kiçik bir otaqda çay içərək söhbətləşdik. Olduğum müddətdə kitabxanaya on-on iki yaşlarında bir neçə uşağın kitab oxumaq üçün müraciət etdiyini görəndə xeyli sevindim. Sabir burada 1910-1911-ci illərdə xəstəliyinin şiddətləndiyi vaxtlarda yaşayıb. Bizim çay içdiyimiz 8-9 kvadratmetrlik otaqda sıxıntı içində güzəran keçirən müəllim olub. Beş addım o tərəfdəki birmərtəbəli qonşu binada isə məktəb yerləşir, Sabir orada dərs deyərək çörəkpulunu qazanıb. Kitabxanaçı xanımlara təşəkkür edib çıxarkən, Sabirin dərs dediyi məktəbə də yaxınlaşıb gözlə incələdim. Məktəbin əsas hissəsi indi şadlıq evi kimi fəaliyyət göstərir. Təəccüblənmədim. 21-ci əsrdə Sabirin dərs dediyi məktəb tarixi ənənəsi olan bir universitet olmayacaqdı ki?.. Sabirin içinin qan ağlamasına baxmayın, XX əsrin başlarında olduğu kimi, XXI əsrin başlarında da biz elliklə şadlıq etməkdəyik. Ancaq maraqlı hekayə mövzusudur: "Sabirin dərs dediyi məktəb və şadlıq evi”. Deyilmi?”.
Kitabxana ziyarəti ilə bağlı təəssüratlarını öyrənmək və daha ətraflı məlumat almaq üçün Fazil bəyin özü ilə əlaqə saxladıq.

Respublikanın əksər kitabxanalarının hamısında olduğunu və fürsət tapdıqca, baş çəkdiyini qeyd edən millət vəkili üçün bu həm də bir hobbidir: "Orda olan kitab fondu ilə tanış oldum. İnsanlar nələr oxuyur, onların meyli nəyədir-bununla bağlı özüm üçün bir araşdırma aparıram. Həm də kitabxanalara dəstək olsun deyə çalışıram ki, oranın kollektivi ilə əlaqələr olsun, onların fəaliyyəti ilə bir az da olsa tanış olum. Kitabxana sahəsində çalışan insanlarla söhbət eləməkdən zövq alıram. Çünki onların kitabla bağlı bilgiləri, ümumiyyətlə, kitab işinin necə həyata keçirilməsi və indiki böhranda kitaba sevginin və münasibətin necə dəyişməsinin mümkünlüyü barədə söhbətlər aparmaq olur.

- Ümumiyyətlə, sizin kimi millət vəkillərinin belə addım atması ənənəyə çevrilə bilərmi?

- Başqaları da eləyə bilər, burda heç bir problem yoxdur, kitabxanalar hər kəsin üzünə açıqdır. Sadəcə bunu bir ənənəyə çevirmək daha yaxşı olar, çünki bu, insanların kitabxanalara baş çəkməsini daha da intensivləşdirər, onlarda həvəs yaradar. Hətta biz Bakıxanov qəsəbəsində yeni açılan modern kitab evindəki tədbirlərə qatılırıq. Çalışırıq ki, insanları həvəsləndirək və onlar kitaba bir az daha böyük məhəbbətlə yanaşsınlar.

- Maraqlıdır, kitabxana müdiri ilə hansı məsələləri müzakirə etdiniz?

- İlk olaraq oxucuların nə istədiyi, kitabxanaya nə qədər oxucunun gəlməyi barədə danışdıq. Xüsusilə uşaqların kitabxanaya marağı kimi mövzularda müzakirələrimiz oldu. Həmçinin fondda olan kitabların hansı yöndə, xüsusilə köhnə kitabların necə qorunub saxlanması istiqamətində söhbətlər apardıq. Çünki yeni kitablar bizim kitabxanaların hamısına verilir. Amma əsas köhnə kitabların necə qorunub saxlanması, xarici dillərdə olan kitablara münasibət, onların saxlanma şəraitidir. Bir sıra kitabxanalarda maddi-texniki baza zəif olduğuna görə saxlanma şəraiti ilə bağlı müəyyən problemlər var. Amma kitabxanaların əksəriyyətində belə bir problem mövcud deyil. Ona görə də yeni təmir olunmuş kitabxanalar haqqında təsəvvürümüz olmalıdı. Cəmiyyətdə kitabxanalara olan münasibətin dəyişməsi üçün bu addımların atılması lazımdır.

- Kitabxanada olduğunuz zaman müraciət edən oxucular olurdumu?

- Mən olduğum müddətdə 10-15 oxucu var idi. Xüsusilə məktəbli uşaqlar müraciət edirdi, kitab dəyişməyə gəlmişdilər, oxuduqlarını geri qaytarırdılar. Əlbəttə ki, bu yaxşı nəticədir və məni çox sevindirir. Ən azı uşaqlar kitabxanaların böyük anlayış olduğunu bilirlər. Uşaqları qəlyanxanalardan, çayxanalardan yığışdıra bilsək, daha böyük iş görmüş olarıq. Onların sevdiyi mühitin məhz kitabxana olması hər birimizin ürəyincədir”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-09-20
2017-09-19