2017-05-19 12:03:04   |   233 dəfə oxunub

Təhsil haqlarının aşağı salınması mütləqdir

“Özləri abituriyentlərə qucaq açacaq ki, gəlin oxuyun”

“İnsanların həyat səviyyəsi aşağı düşdüyü üçün növbəti ildə də özəl ali məktəblərə axının zəif olacağını güman edirəm”


Bu il özəl ali məktəblər təhsil haqlarını aşağı salıb. Son 2 ildə manatın ucuzlaşması ilə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi təhsil müəssisələrinə də təsirsiz ötüşməyib.

Bu özünü daha çox ötən ilin qəbul nəticələrində göstərib. Belə ki, 2016-cı ildə keçirilən qəbul imtahanlarından sonra özəl ali məktəblərdə və dövlət müəssisələrinin ödənişli ixtisaslarında plan yerlərinin xeyli hissəsi boş qalmışdı. Ən az nəticə isə "Odlar Yurdu” Universitetində idi - cəmi 11 faiz yerlər tutulmuşdu. Digərlərində isə ən yüksək nəticə 50 faizə yaxın idi.

Universitetlərin tələbə qəbulunu artırmaq naminə təhsil müəssisələri bu il qiymətləri xeyli ucuzlaşdırıblar.

Avrasiya Universitetində təhsil haqları 300-400 manat aşağı salınıb. Ötən il Regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri üzrə) fakültəsində təhsil haqqı 1 800 manat, qalanlarında 2000 manat idi.
Universitet rəsmiləri qiymət ucuzlaşmasını tələbələrin rahat təhsil almalarına şərait yaratmaq istəyi ilə izah ediblər: "Ötən il bizim ali məktəbdə təhsil haqqı bəzi universitetlərdən aşağı idi. Ona görə də biz yerlərin boş qalması problemi ilə üzləşmədik. Bu il də müəyyən addımlar atdıq ki, daha effektiv tələbə cəlb edək”. ADA Universitetində isə qiymətlər dəyişməyib. Burada bakalavr pilləsində təhsil haqqı 6 000-6 500 manat arasında dəyişir. Magistr təhsili isə 6 500 - 28 000 manat arasında dəyişir. Qərb Universitetində də qiymətlər ötən illə müqayisədə 50 faiz aşağı salınıb. Universitet saytında fakültələr üzrə yeni qiymətləri elan edib.
Özəl ali məktəblərin qiymətləri ucuzlaşdırması ilə bağlı "Şərq”ə açıqlama verən təhsil eksperti Nabatəli Qulamoğlunun sözlərinə görə, özəl universitetlər rəqabət mühitində ayaqda qalmaq üçün təhsil haqlarını ucuzlaşdırmaq barədə qərar qəbul ediblər. "Biz faktiki olaraq ötən iki il ərzində şahidi olduq ki, əhalinin gəlirlərinin aşağı düşməsi özəl universitetləri seçən abituriyentlərin sayının xeyli azalmasına səbəb oldu”.

N.Qulamoğlunun sözlərinə görə, bəzi Universitetlərdə yerlərin boş qalması təkcə təhsil haqlarının yüksək olması ilə bağlı deyil:

"Onların hamısının işi pul toplamaq, camaatı soyub pul almaqdır. Onlar təhsil vermək iqtidarında deyillər. Bu universitetin kadr yetiştirmədiyi hər kəsə bəllidir. Abituriyentlər və xüsusən də valideynlər dərk edirlər ki, təhsilin keyfiyyəti aşağı olan universitetləri bitirən məzunlar əmək bazarında özlərinə yer tapa bilmirlər. Əgər kadr yetişdirmirsə, onda orda oxumaq da mənasızdır və təbii olaraq tələbələr orada oxumaqdan imtina edirlər. Problem sadəcə "Odlar Yurdu” ilə bitsə də, dərd yarıdır, Azərbaycanda təhsil verməyən, sadəcə, pul yığan özəl universitetlərin sayı kifayət qədərdir”.

Özəl ali məktəblərin təhsil haqlarını aşağı salmasının obyektiv səbəbləri olduğunu vurğulayan təhsil eksperti deyib ki, bu proses əhalinin maddi durumu yaxşılaşana, iqtisadi böhran aradan qalxana qədər davam edəcək:
"5-6 il bundan əvvəl 11-ci sinif məzunlarının Ukrayna və Gürcüstan kimi ölkələrə necə axın etdiyinin şahidi olurduq. Kimin pulu vardı, övladına həmin ölkələrdə fəaliyyət göstərən universitetlərdən birinin diplomunu alırdı. Ancaq sonradan gördülər ki, bu cür universitetlərdən məzun olan tələbələr iş tapa bilmir, onların təhsili əmək fəaliyyətində yüksək dəyərləndirilmir. Bəzi vaxtlar da Təhsil Nazirliyi lüzumlu-lüzumsuz olaraq onların diplomlarını tanımır və ciddi problemlərlə üzləşirlər. İqtisadi böhran ölkəmizdə insanların həyat səviyyəsini aşağı saldığı üçün növbəti ildə də özəl ali məktəblərə axının daha zəif olacağını güman edirəm. Özləri abituriyentlərə qucaq açacaq ki, gəlin oxuyun”.

Şəymən







SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21