2017-05-19 12:10:57   |   437 dəfə oxunub

Uşaq mətbuatı inkişaf etməlidir

Güclü və sağlam gənclik gözəl gələcəyin ən yaxşı təminatçısıdır


Azərbaycan mətbuatının ən böyük istiqamətlərindən biri də uşaq mətbuatıdır. Uşaqların gələcəyi sağlam və savadlı təməl üzərində qurulmalıdır. Güclü və sağlam gənclik isə gözəl gələcəyin ən yaxşı təminatçısıdır. Uşaq mətbuatı sahəsinin yaranmasında N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Şaiq, Ü.Hacıbəyov, S.S.Axundov, R.B.Əfəndiyev, A.Səhhət, M.Mahmudbəyov kimi müəllim və yazıçıların əvəzedilməz xidmətləri olub. Onlar bədii yaradıcılıqla yanaşı, müəllimlik edib, dərslik, dərs vəsaitləri və proqramlar hazırlayıb, dövri mətbuatda fəal iştirak ediblər.

Ziyalıları düşündürən vacib məsələlərdən biri də yeni üsullu məktəb, yeni tələblər səviyyəsində uşaq əsərlərinin yaradılması olub. Yeni üsullu məktəblərdə tədris olunan ədəbiyyat dərsliklərində uşaqların səviyyəsinə, zövqünə uyğun şeir və hekayələr, tarixi hadisələrə dair bədii oçerklər geniş yer tuturdu. Ətrafına demokratik və maarifpərvər yazıçıları toplayan, qabaqcıl meyilləri və realist ideyaları təbliğ edən nəşrlərlə - "Molla Nəsrəddin”, "Zənbur”, "Babayi-əmir”, "Məzəli” və s. mətbu orqanlarla yanaşı, ilk uşaq jurnalları - "Dəbistan”, "Rəhbər”, "Məktəb” jurnalları uşaq mətbuatının inkişafına geniş yol açıb. Maarifpərvər M.Mahmudbəyovun nəşr etdiyi "Rəhbər” jurnalının məqsəd və məramı yeniyetmələrin təlim və tərbiyəsi idi. Əsasən pedaqoji-tədris təmayüllü bu jurnallarda məşhur ədəbiyyatşünas F.Köçərlinin Vidadi, Vaqif, Zakir və Nəbati haqqında ədəbi-tənqidi oçerklərinə, S.M.Qənizadənin "Körpə uşaqların tərbiyəsi” adlı təlim-tərbiyə üsullarından bəhs edən silsilə məqalələrinə geniş yer verilirdi. M.Ə.Sabir və A.Səhhətin dünya ədəbiyyatından tərcümələri çap edilirdi. "Dəbistan” və "Rəhbər”ə nisbətən "Məktəb” jurnalının ömrü uzun, mündəricisi zəngin olub. Maarifpərvər mühərrirlərdən Q.R.Mirzəzadə və Ə.T.Əfəndizadənin təşəbbüsü ilə nəşrə başlayan "Məktəb” jurnalının istiqaməti haqqında baş məqalədə deyilirdi: "Bizim bu "Məktəb”i nəşr etməkdə məqsədimiz məktəb şagirdlərinin irəliləmələrinə acizanə bir xidmətdir. "Məktəb”i oxuyacaq şagirdlərin biliyi geniş bir dairə olarsa, o vaxt biz də məqsədimizə yetişmiş olarıq”. "Məktəb” jurnalı ilk nömrəsindən başlayaraq yeniyetmələrin təhsil, təlim və tərbiyəsinə xidmət edib. Jurnalın səhifələrində çap edilən əsərlərin əksəriyyətində elmin və məktəbin rolu təqdir olunub. Yeni nəslin tərbiyəsində yeni üsullu məktəblərin tərbiyə üsulları inandırıcı boyalarla təbliğ edilib. "Məktəb” jurnalının səhifələrində müəllimlər, ədəbiyyat həvəskarları, maarifpərvər ziyalılarla bərabər, dövrünün tanınmış ədib və şairləri yaxından iştirak edib. Onun səhifələrində şeir və hekayələrini çap etdiriblər. H.Cavid, Ə.Nəzmi, A.Səhhət, A.Şaiq, R.Əfəndizadə, S.S.Axundov, İ.Musabəyov və digər şair və yazıçılar "Məktəb” jurnalının səhifələrində vaxtaşırı çıxış ediblər. Azərbaycan uşaq nəşrinin təşəkkülü əslində uşaq mətbuatının yaranması ilə əlaqədar idi. İlk uşaq mətbuatı - "Maarif”, "Qırmızı günəş”, "Aydınlıq”, "Qızıl Şərq”, "Qızıl gənclik”, "Gənc işçi”, "Məktəb”, "Pioner” və s. qəzet və jurnallar öz ətrafına yazıçı, müəllim, tələbə və başqa ədəbiyyat həvəskarlarından ibarət böyük bir ziyalı dəstəsi toplamışdı.
Mətbuat tarixi araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi II hissə, 1920-1990-cı illər” adlı əsərində uşaq mətbuatı ilə bağlı maraqlı məqamları qeyd edib. Müəllif vurğulayıb ki, Azərbaycanda sovet hakimiyyətinin ilk illərində partiya prinsiplərinə uyğun uşaq mətbuatının yaradılması müəyyən edilmişdi: "Qırmızı günəş”, "Qızıl gənclik”, "Məktəb yıldızı” kimi jurnalların 1920-1926-cı illər arasında bir neçə sayı işıq üzü gördükdən sonra fəaliyyəti dayandırıldı. Geniş oxucu auditoriyasının yoxluğu, savadsızlığın aradan qaldırılmaması uşaq mətbuatının uzun ömür yaşamasına əngəl törədirdi. Digər tərəfdən maliyyə vəsaitinin olmaması, mətbəə və kağız xərclərinin bahalığı da sovetləşmənin ilk illərində təsirini göstərdi. 1926-cı ilin payızında gənc nəslin və uşaqların təlim-tərbiyəsi ilə bağlı tədbirlər planı hazırlandı. Bağçaların, uşaq müəssisələrinin açılması, yeni məktəblərin fəaliyyəti ilə yanaşı, uşaq mətbuatının yaradılması da qərarlaşdırıldı və zəruri hesab edildi. 1926-cı ildə Bakı şəhər komsomol təşkilatının konfransında bir dəstə fəal məktəbli üzərində "Pioner” sözü yazılmış 28 səhifəlik jurnal hazırladı. Uşaqların əl xətti ilə yazılmış, cəmi 50 nüsxə olan jurnal konfrans iştirakçılarının xoşuna gəldi. Həmin nüsxələr "Pioner” jurnalının çapı üçün əsas yaratdı. 1927-ci ilin fevralında Azərbaycan LKGİ MK-nın orqanı olan "Pioner” jurnalı çap edildi. İlk sayı 3 min tirajla nəşr olunan "Pioner” əsas məqsəd və vəzifələri barəsində belə yazırdı: "Əməkçi balalarını geniş sahədə maarifləndirmək və kiçik yaşından onları ictimai fəaliyyətə alışdırmaq üçün çox işlər görməliyik”.

"Pioner” jurnalı uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasına çalışır, sovet dövləti əmlakını göz bəbəyi kimi qorumağı arzulayır. Bu istiqamətdə fəaliyyət göstərirdi. Savadsızlığın ləğvi də bu mətbu orqanın əsas müzakirə mövzusu idi. Jurnal 1929-cu il tarixli fevral sayında Azərbaycan pionerlərinə müraciət edir, onları savadsızlığa qarşı mübarizəyə səsləyirdi: "Pionerlər! Dairələrdə, kəndlərdə, həyətlərdə savadsız cocuqları taparaq onları savadlandırmağa çalışınız. 8 yaşlı savadsız cocuqları məktəblərə daxil etməyə çalışınız! Yeni həyat, sağlamlıq və mədəniyyət uğrunda çalışınız. 1920-ci illərin sonunda "Pioner” jurnalı belə bir şüarla çıxış edirdi: "Hər bir pioner manqası bir savadsızı öyrətməlidir”.

Araşdırmaçı bildirib ki, 1920-ci illərin sonlarında milli-mənəvi dəyərlərə, islam dininə qarşı aparılan zorakı tədbirlər xalqın narazılığına gətirib çıxardı. İş o yerə çatdı ki, xanımların çarşabı, ağsaqqalların papaqları "çadra doloy”, "papaq doloy” deyib öyrədilmiş uşaqlar tərəfindən götürülüb qaçırılırdı: "Narazılıqların getdikcə dərinləşdiyini görən Mərkəz bunun qarşısını almaq üçün tədbirlər həyata keçirməyə başladı və "Pioner” jurnalı da bu baxımdan öz təbliğat imkanlarını ortaya qoydu: - "Mövhumat əleyhinə mübarizə düzgün aparılmalıdır” adlı məqalədə deyilirdi: "Pionerlər! Firqə və komsomol təşkilatları dini mövhumat və köhnə adətlərlə amansız mübarizə aparır. Siz pionerlər bu mübarizədən kənarda qalmamalısınız. Məscidlərin mədəni ocaqlara çevrilməsi, çadra və papaqların götürülməsi, savadsızlığın ləğvi, sərxoşluq, xuliqanlıq və pintiliyə qarşı mübarizə və sair buna sübutdur. Küçədə gedən çadralı qadınlara yaxınlaşaraq "çadra doloy” sözləri ilə çadralarını başlarından dartır, axund və mollalara sataşır, komsomola və pionerlərə yaraşmayan hərəkətlər göstərirlər. Buna yol vermək olmaz”.

Sovetlərin 70 il hakimiyyətdə olduğu müddətdə "Pioner” jurnalı partiyanın qərarlarına, göstəriş və sərəncamlarına uyğun yaradıcılıq yolu keçdi. 1930-cu illərdə uşaqların kollektivləşmə işində iştirakından tutmuş digər tədbirlərə qədər qərarların icrasında, təbliğatında rol oynadı. Yazıçı Qılman İlkin və Hüseyn Abbaszadə uzun illər "Pioner”ə rəhbərlik etdilər. Dövrün gənc qələm sahibləri Xəlil Rza, Sabir Əhmədov, Nəriman Həsənzadənin ilk yaradıcılıq nümunələri "Pioner”in səhifələrində dərc olundu. Tanınmış rəssamlar Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Davud Kazımov, Toğrul Sadıqzadə, Elmira Şaxtaxtinskaya, Həsənağa Ağayev jurnalın maraqlı çıxması üçün çalışırdılar. Bəstəkarlardan Qara Qarayevin "Sülh”, Səid Rüstəmovun "Dəstə rəhbəri”, Qəmbər Hüseynlinin "Ana məktəb”, Ağabacı Rzayevanın, Cahangir Cahangirovun mahnıları ilk dəfə "Pioner”də dərc olundu. 1977-ci ildə "Pioner” yarıməsrlik yubileyini təntənə ilə qeyd etdi. Yubiley münasibəti ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə məktəblərin təlim-tərbiyə sahəsindəki səmərəli fəaliyyətinə görə "Şərəf nişanı” ordeni ilə təltif olundu. "Pioner” jurnalı Azərbaycan müstəqilliyini bərpa edən ərəfədə, 1991-ci ildən "Günəş” adıyla nəşrini davam etdirdi. 1997-ci ildə "Pioner”in fəaliyyətini yeni tərzdə davam etdirən "Günəş” jurnalının 70 yaşı tamam oldu. Ayda bir dəfə illüstrasiyalı şəkildə nəfis tərtibatla çap edilən "Günəş” 1996-cı ildə ilin ən yaxşı uşaq mətbuatı adına layiq görüldü. Hazırda jurnalın baş redaktoru yazıçı-publisist Vasif Quliyevdir”.

Müstəqillik dövründə də ölkəmizdə uşaq mətbuatı sürətlə inkişaf edib. Hazırda "Göyərçin”, "Tumurcuq”, "Xurcun”, "Elli”, "Bala dili”, "Yuva”, "Göy qurşağı” və s. kimi jurnallar Azərbaycan uşaq mətbuatının ən yaxşı nümunələri hesab olunur.

Uzun illərin təcrübəsi də göstərir ki, pedaqoji yönümlü olduğu üçün uşaq mətbuatı gənc nəslin tərbiyəsində mühüm rol oynayır. Ölkədə hər hansı uşaq qəzet və jurnalı işıq üzü görəndə bu amillərə xüsusi diqqət yetirilir. Bu sahədə peşəkarların yetişməsi isə olduqca vacib məsələdir. Uşağın kitaba marağını artırmaq üçün onların öz mətbuatı olmalıdır. Hazırda ölkədə dövlət tərəfindən maliyyələşən 3 uşaq qəzet və jurnalı çapdan çıxır. Digər jurnallar isə müstəqil nəşr edilir. Rəqabətə davamlı olmaqdan ötrü onların hər biri oxucuların zövqünü oxşamağa çalışır.

Məsələn, "Xurcun” adlı uşaq və mədəniyyət jurnalı öz rəngarəngliyi ilə digərlərindən fərqlənir. Balaca oxucuların ixtiyarına verilən jurnalın hər səhifəsində "Xurcunumuzdakı xəbərlər” adlı səhifədə uşaqları maraqlandıracaq mədəniyyət xəbərləri geniş şəkildə işıqlandırılır. "İzlə” başlıqlı səhifəyə isə teatr tamaşaları ilə bağlı məlumatlar, afişalar daxil edilir. "Təqvim yarpağı”nda jurnalın nəşr olunduğu ayda dünyaya gələn görkəmli şəxsiyyətlərin siyahısı təqdim olunur. Bundan başqa, jurnalın "Can Vətən”, "Əziz və şanlı məktubu”, "Səyahət”, "Musiqi”, "Folklor”, "Mən bir turist”, "Dirədöymə” və s. başlıqlı bölmələri də var. Uşaqlar jurnalın hər sayını böyük maraqla gözləyirlər. "Tumurcuq” qəzeti də uşaqların ən sevimli nəşrlərindən biridir. Bu qəzet 1996-cı ildən balaca oxucuların görüşünə çıxıb. Qəzet latın qrafikası ilə çıxan ilk uşaq mətbuat orqanıdır. Qəzetin ilk sayının işıq üzü görməsinə Xalq şairi B.Vahabzadə və Xalq yazıçısı Anar dəstək veriblər. Qəzet əsasən aşağı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Lakin böyüklər də onu maraqla oxuyurlar. "Tumurcuq” digər mətbuat orqanlarından fərqlənir. Əvvəla, "Tumurcuq” qəzeti "Günəş”, "Göyərçin”, "Savalan” və başqa uşaq mətbuatından çox gəncdir. Qəzetdə türk, ingilis, rus dillərində uşaq ədəbiyyatından nümunələr verilir. Dərc olunan hekayələr, nağıllar, ədəbi materiallar dərsliklərdə yoxdur. Bunlar uşaqlara sinifdən xaric oxu materialları kimi təqdim olunur. Uşaqlara mənəvi dəyərləri aşılamaq, onlarda vətənə, torpağa, təbiətə sevgi hissi formalaşdırmaq mətbu orqanın əsas qayəsidir. Bununla bağlı mütəmadi olaraq türk xalqları ədəbiyyatından maraqlı mövzular dərc edilir. Tez-tez zəngin folklor nümunələrinə də müraciət edilir. Ekspertlər hesab edirlər ki, uşaqlar üçün yazmaq çox çətindir. Uşaqların psixologiyasını bilmək çox vacibdir. Buna görə də uşaqlar üçün yazılar və yazanlar azdır”.
İsmayıl



Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21