2017-05-19 12:14:12   |   175 dəfə oxunub

Ölüm çıxış yolu deyil

Bəs arxadan boylanan körpələrin suçu nədir?

“Qadın istəmədikcə, şərait yaratmadıqca, heç kim ona xətər yetirə, alçalda, incidə, mənliyini, şəxsiyyətini təhqir edə bilməz”


Mayın 15-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində - Qoqol küçəsində 31 yaşlı Şərifova Susanna Şakir qızının intihar etməsi ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Lent.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı başlanmış cinayət işinin istintaqı çərçivəsində qadının qeyri-rəsmi nikah münasibətində olduğu əri Əbülfəs Baxşıyev barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Lakin Ə.Baxşıyev qadının intiharında hər hansı rolunun olduğunu inkar edib və məhkəmədə kiminsə intiharına görə niyə cavab verməli olduğunu soruşub. O iddia edib ki, birgə nikahdan iki azyaşlı uşaqları olan Susannanın psixi problemləri var. Əbülfəs deyib ki, hadisə baş verərkən onun xəbəri olmayıb və Susannanın özünü pəncərədən atacağını ehtimal etməyib.

S.Şərifova 2009-cu ildən bəri birgə yaşadığı həyat yoldaşı tərəfindən mütəmadi zorakılığa məruz qalıb. Hətta Əbülfəs dostlarının yanında xanımının başını qırxaraq onu alçaldıb, tez-tez döyərək işgəncə verib. Daim saçlarını uzadan Susannanın hadisə günü saçlarının çox qısa olması da bunu göstərir.
Qeyd edək ki, S.Şərifova qeyri-rəsmi nikahda yaşadığı adam tərəfindən işkəncəyə məruz qalan, intihara vadar edilən yeganə qadın deyil. Zaman-zaman qadınların vətəndaş nikahında yaşadığı kişi tərəfindən döyülməsi, öldürülməsi kimi xəbərlərlə rastlaşırıq.

Bu isə onu göstərir ki, qeyri-rəsmi nikahda yaşayan qadınların yaşadıqları problemlər diqqətdən kənar qalıb. Cəmiyyətin onlara qarşı mövqeyi birmənalı olmadığı üçün vətəndaş nikahında yaşayan qadınların həyatının təhlükədə olması insanları bir o qədər də narahat etmir.

Susanna Şərifovanın intihar təfərrüatlarını ürək ağrısı ilə oxuduğunu deyən sosioloq-jurnalist Lalə Mehralının sözlərinə görə, bəzi qadınların özlərinə etdiyini heç bir düşmən etməz onlara: "Gözəl, gənc, hər baxımdan sağlam olan bir qadın bir ruhi xəstənin, şəxsiyyəti pozulmuş bir məxluqun qurbanı oldu. Səbəb? Qadına işgəncə verdiyi ilk hadisədə polisə düşsəydi, başqasının sağlamlığına xətər yetirdiyi üçün cəza alsaydı, iş bu həddə gəlib çatmazdı. 

Ölənin arxasınca danışmaq kimi olacaq bəlkə də, amma ona bu ixtiyarı elə xanımın özü verib. Birinci, nikahsız yaşamaqla, ikincisi, nikahdankənar övlad dünyaya gətirməklə, üçüncüsü də ona xətər yetirməyə imkan yaratmaqla.

Bilirəm, çoxları düşünəcək ki, kənardan döyüş asan gəlir, bu sözləri deyən o ölən qadının yaşadığını yaşamayıb. Mən də ona görə deyirəm, ölən qadının yaşadığını yaşamamaq üçün haqqınızı, hüququnuzu və ən əsası gücünüzü bilin, ey qadınlar!”.

Lalə Mehralının sözlərinə görə, qadın istəmədikcə, şərait yaratmadıqca, heç kim ona xətər yetirə, alçalda, incidə, mənliyini, şəxsiyyətini təhqir edə bilməz: 

"Döyülən, ailədə zorakılıq görən qadınlar çıxış yolunu ölümdə görməməlidirlər. Sən öldün, getdin, bəs səndən sonra körpə uşaqlarının halı, gələcəyi necə olacaq? Özlərinə qəsd edən qadınlar övladlarını heçmi düşünmürlər? Axı bu qadın həmin adamla nikahsız yaşayıb. Birindən asılı da olmayıb.

 O istədiyi vaxt uşaqlarının qolundan tutub evdən çıxa, lazım gəlsə, gecələr körpü altında, küçə tinlərində qala bilərdi. Qadın sığınacağına müraciət edə, yaxud da polis şöbəsinə sığına bilərdi, amma heç birini etməyib. Uzun müddət işkəncəyə məruz qalıb, heç kimə deməyib. Bəlkə də qüruruna yedirə bilməyib ki, başqaları bilər, ələ salar, yaxud da ər dediyi adama qarşı ittihamlar olmasın deyə onu müdafiə etmək məqsədi ilə gizlədib. Kim bilir, bəlkə də hədələnib, qorxub kimsəyə bir şey deməyib. Bütün variantlar ola bilər.

Şəymən








SON XƏBƏRLƏR

2017-11-22
2017-11-21