2017-05-19 12:16:29   |   97 dəfə oxunub

Tərbiyəçi məsuliyyətə cəlb olunmalıdır

Adəm Məmmədov: “İstintaqda həmin fotolardan fakt kimi istifadə oluna bilər”

Azad İsazadə: “Tərbiyəçinin uşağa bıçaq çıxartması onun psixi problemi olduğunu sübuta yetirir”


Azyaşlı qız uşağının bağçada tərbiyəçi tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Sumqayıt şəhər, Bakı prospektində yerləşən 38 nömrəli "Şəfəq” uşaq tərbiyə bağçasında 6 yaşlı Nağıyeva Mələk Azər qızına tərbiyəçi tərəfindən xəsarət yetirilib.

Qeyd edilir ki, bağçada olduğu müddətdə balaca qız dəcəllik etdiyi üçün tərbiyəçi üstünə bıçaq çıxardaraq onu hədələyib. Hətta uşağın qol nahiyəsindəki bıçaq izlərini əks etdirən fotogörüntülər də yayılıb. Tərbiyəçi deyib ki, sözə baxmasan, səni kəsəcəm. Hələ buna baxmayaraq uşağın gicgah nahiyəsindən də vurub.

Sumqayıt şəhər 38 saylı bağçadan bildirilib ki, məsələ artıq onlar tərəfindən müzakirə edilib: "Sadəcə olaraq valideyn əsəbi olub, o sözü işlədib. Narahat olmağa ehtiyac yoxdur. Hər şey həll olunub”.
Bağça rəhbərliyi tərbiyəçinin işdən azad edilməsi ilə bağlı sualı cavabsız qoyub.

Baş verən hadisədə tərbiyəçinin psixi durumunun yerində olmadığı bəlli olsa da, azyaşlının yaşadığı psixoloji zərbə və qorxu məsələnin ən önəmli tərəfidir. Pedaqoji fəaliyyətdə müəllim və tərbiyəçilərin yaşından asılı olmayaraq hər bir uşağa qarşı davranış qaydaları ciddi amil hesab olunsa da, təəssüf ki, bu incəliklərə məhəl qoymayanlar çoxdur. Təsadüfi deyil ki, son günlər orta məktəb şagirdlərinin də müəllimləri tərəfindən şiddətə uğradığını əks etdirən videogörüntülər cəmiyyətdə ajiotaj yaratmışdı.
Məsələni dəyərləndirən ekspertlərin fikrincə, baş verən hadisə real və tam olaraq sübuta yetirildiyi halda tərbiyəçi mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır. 

Hüquqşünas Adəm Məmmədov mövcud fotoların sübut növü olduğunu və gələcəkdə istintaqın həmin fotoları sübut kimi qəbul edib, ekspert rəyindən sonra müvafiq iş görə biləcəyini qeyd edib: 

"Uşağa yetirilən xəsarətin dərəcəsindən və tərbiyəçinin fəaliyyətindən asılı olmayaraq, o, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Həmçinin uşaq azyaşlı olduğu üçün tərbiyəçi fəaliyyətindən uzaqlaşdırılmalıdır. Həqiqətən də məsələ öz təsdiqini taparsa, hüquq-mühafizə orqanları araşdırma aparıb, müəyyən ekspertiza keçirməlidir. Hər hansı bir xəsarət müəyyən olunarsa, həmin tərbiyəçi Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb oluna bilər”.

Baş verən hadisədə uşağın həm fiziki, həm də psixoloji zərbə aldığını deyən psixoloq Azad İsazadə əsas məsələ kimi tərbiyəçinin işdən çıxarılmasını deyil, onun məsuliyyətə cəlb olunmasını deyib.
Psixoloq həmçinin deyib ki, əsas məsələ uşaqlarla işləyən şəxslərin psixoloji müayinəsinin hansı səviyyədə keçirilməsidir: 

"Həmin insanların psixoloji vəziyyəti nə yerdədir, ümumiyyətlə görəsən, hansısa bir müayinələr keçirilirmi? Hər kəsə uşaqlarla işləməyə icazə vermək olmaz. Bu hadisələrlə biz məktəblərdə də rastlaşırıq. Məsələ ilə bağlı çox ciddi araşdırma aparılmalı və konkret nəticəyə gəlmək lazımdır. 6 yaşlı uşaq hər nə desə də, nə söyüş söysə də, tərbiyəçinin uşağa bıçaq çıxartması onun psixi problemi olduğunu sübuta yetirir.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-05-27
2017-05-26