2017-05-19 15:33:54   |   332 dəfə oxunub

Yazıçı ilə görüşdən təəssüratlar



Qazax rayonunun Daş Salahlı kəndində bir gün bir qız daya gəldi. Ona Xan qızı, şairə Xurşid banu Natəvanın adını verdilər. Bu adın seçilməyi təsadüf idi, yoxsa taleyin yazısı, onu deyə bilmərəm. Ancaq danılmaz faktdır ki, zaman yetişdi, həmim qız – Natəvan Dəmirçioğlu Qazax ədəbi məktəbinin layiqli davamçılarından birinə çevrildi. Öz sanballlı əsərləri və imzası ilə adını ədəbi simaların sırasına yazdı.

1983-cü ildə yazdığı "Bir ovuc torpaq" adlı ilk hekayəsi Qazaxda çıxan "Qalibiyyət bayrağı" qəzetində çap olundu…

Natəvan Dəmirçioğlu 1990-ci illlərdə Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirdi. "Yetim”, "Səbət”, "Üç nöqtə” povestləri, "Dözüm”, "Avey əfsanəsi”, "Kəlağayı” hekayələrini təqdim etməklə fərqli düşüncə tərzi, bədii təfəkkür, poetik təsvir və s. özünəməxsus yaradıcılıq üslubu ilə diqqət çəkən yazar kimi ədəbiyyatımızda söz deməyə haqqı olduğunu sübut etdi.

Onun yaratdığı əsərlərin süjet xəttində milli özünü dərk prosesinin yaşantısı hiss olunur. Bəlkə də müəllifin yazdıqları özünün daxili dünyasına realistcəsinə yanaşmasıdır, baxışıdır. Gerçək aləmdə müşahidə edilən ən adi bir həyat hadisəsi, hər bir insanın qarşılaşdığı, lakin sadəcə təəssüf hissi ilə yan keçdiyi məqamlara mövqe nümayişi, bir sözlə gündəlik həyatın bədii qiyafədə təsviridir.

Natəvan Dəmirçioğlu xaraktercə kövrək insandır. Söz adamı olduğundan "sarı simə bənd kimi” ən adi bir məqamda gözünün yaşarması qəlbinin yuxa kimi nazik olduğunu sezdirir.

Bir neçə gün öncə onunla keçirilən bir görüşdə bunu lap yəqin hiss etdim ki, onun həyata baxışı duyğusaldır, ətrafında hər nə varsa, canlı, cansız olmasına baxmayaraq Natəvan xanım üçün dəyərlidir.

Respublika İncəsənət Gimnaziyasında yazıçı ilə keçirilən görüşdə sazın səsini eşidən kimi gözlərinin dolması, vücudunun titrəməsi salondakı qonaqların da diqqətindən yayınmadı. Mili Məclisin deputatı, Mədəniyyət komtəsinin sədr müavini Jalə Əlliyeva da öz çıxışında bunu bir daha vurğuladı ki, "saz səhnəyə gətiriləndə Natəvanın gözlərindəki yaşı gördünüzmü?...”

Gecədə Natəvan Dəmirçioğlunun həyat və yaradıcılığı geniş şəkildə işıqlandırıldı. Gimnaziyanın istedadlı şagirdlərinin ifasında əsərlərindən səhnəciklər oynanıldı. Ədəbi nümunələrindən sitatlar, afrozimlər səsləndi. Yazıçının həyatda qazandığı bütün uğurlarından söz açıldı.

Maraqlı məqamlardan biri də odur ki, bənzərsiz qələm sahibi həyatda təkcə öz hiss və həyacanlarının əsiri olmayıb, bədii aləmə qapılmayıb. Başı təkcə yazı pozu işinə, ədəbiyyata və bədii qəhrəmanlarına qarışmayıb. Xöşbəxtliyin yolunu müxtəlif istiqamətlərdə axtarıb. Ədəbiyyat, sənət fədaisi olmaqla yanaşı, həm də ailə səadətini hər çeydən uca tutub, əsl ev xanımı, sədaqətli, vəfalı həyat yoldaşı, gözəl ana olub. Azərbaycana gərəkli iki uşaq tərbiyə edib. Cəmiyyətimizə vətəndaşlıq mövqeyi nümayiş etdirən sağlam düşüncəli övladlar yetişdirib. Ciyərparalarına qəlbindəki sevgisindən yetərincə pay verib. Sevdiyi, əzizlədiyi, doğma, müqəddəs hesab etdiyi hər nə varsa südü, qanı, canı ilə onlara ötürüb. Yaradıcılıq gecəsində gözünün işığı olan oğlu Nurlanın bir el havacatına milli geyimdə

qol açıb oynamsı, qızı Nuranın fortepianoda ifası, hər ikisinin sənətə gəlişində Natəvan xanımın zamanında böyük çətinliklərə qatlaşmasından, onların sağlam əqidəli böyüməsində fədakarlıq göstərməsindən, bir sözlə bugünkü gündə bir valideyn kimi arzularına qovuşmasından xəbər verir...

Deyirlər ki, o yazıçı özünü xoşbəxt hesab edir ki, əsərini sevən bir-iki oxucusu olsun. Natəvan xanım bu sarıdan da özünü bəxtli qələm sahibi kimi təsəvvür edə bilər. O ki, qaldı sənət dostlarının, qələm əhlinin etimadını, sevgisini qazana, bax bu ikiqat xoşbəxlik deməkdir. Çünki yaradıcılıq gecəsinə onun bədii təfəkkürünü qiymətləndirən insanlar toplaşmışdı.

Mili Məclisin deputatı, Mədəniyyət komtəsinin sədr müavini Jalə Əliyeva, Bakı Dövlət Universitetinin professoru İfrat Əliyeva, Xalq Artisti Eldost Bayram, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, Universitet YAP Qadınlar Şurasının sədri, dosent Salatın Əhmədli, iş adamı Vəfa Muradzadə, yazıçının Qazax rayonundan gəlmiş ibtidai sinif müəllimlərindən biri Şərqiyə müəllimə və s. qonaqlar Natəvan Dəmirçioğluna böyük ehtiram nümayiş etdirdiklərini bəyan etdilər. Bu gecədə bəlkə də daha çox həyacanlanan onun ömürgün yoldaşı idi. O qadın mənən güclüdür ki, arxasında daima dəstək gördüyü həyat yoldaşı dayanıb, əli çiynində, nəzəri üstündə yol göstərən bir mayaq kimi həyatına işıq salır. Qarşlıqlı hörmət ailə bağllarını birləşdirən vacib məqamdırsa, deməli səadət, uğurun zirvəsinə qalxmaq tək bir nəfərin deyil, həm də onu o yüksəkliyə qaldıranındır, onunla sevincini bölüşənindir. Gecədə anası ilə fəxr edən iki fidan balanın yerə-göyə sığmayan qürurlu davranışları fonunda cərəyan edən stüasiyalar "ana sevgisi”nin, "qadın məhəbbəti”nin nəyə qadir olduğunu bir daha sübut edirdi.

Natəvan Dəmirçioğlunun gecəsinə onun övladları, dostları ilə yanaşı BDU-nun jurnalistika fakültəsinin dərs dediyi bir qurp tələbəsi də təşrif buyurmuşdu. Eyni zamanda uzun müddət birlikdə çalışdığı Azərbaycan Radiosunun əməkdaşları da onunla bərabər idi. Çoxları bilir ki, Natəvan xanım, Beynəlxalq Radioda şöbə müdiridir. Cənubda yaşayan soydaşlarımız üçün hazırlanan proqramlara rəhbərlik edir. Burdakı iş prosesi də onun dərin fəlsəfi dünyagörüşünə ciddi təsir göstərmiş, nəticədə "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq radiosunun rolu” mövzusunda elmi tədqiqat işi yazaraq filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

İbtidai sinif müəlliməsi Şərqiyyə xanım tədbirdə danışdı ki, Natəvanı uşaq vaxtı orta məktəbə əlindən tutub özü aparıb. Həssas olduğu üçün ona xüsusi qayğı ilə yanaşıb və hələ o zamandan onun gələcəkdə tanınmış bir insan olacağı ürəyinə damıbmış. İllər keçdikcə fitri istedadı üzə çıxan Natəvanın həyatdakı hər uğuruna tək müəlliməsi kimi yox, anasını erkən yaşlarında itirmiş qızçığazın, sanki anası kimi sevinib. Yaşlı qadının uzaq yola çıxması, tədbirdə iştirak etmək üçün Bakıya gəlişi şagirdi ilə öyünməsidir. Baş-başa söykənib o illəri birlikdə xatrlayan iki nəsilin nümayəndəsinin maraqlı xatirələri, qucaqlaşıb bir-birini bağrına basması gecəyə xüsusi rəng verir, salondakılara kövrək anlar yaşadırdı.

İlk müəlliminin, həyat yoldaşının, yaxın dostlarının, oxucularının, övladlarının, tələbələrinin əhatəsində olan Natəvan Dəmirçioğlu bütün sevdiklərini bir araya toplamaqla özünü məmnun hiss edir, başına yığışan əziz sandığı insanların yanında xoşbəxt görünürdü...

Bəlkə də bir çox dillərə tərcümə olunan "Yetim” əsərinin də bu qədər təsirli alınması müəllifin həyat hadisələrini olduğu kimi oxucuya çatdırmağındadır. Məlumat üçün bildirim ki, "Yetim" əsəri İstanbulda nəşr edilib. Kitabı türk dilinə Seyfəddin Altaylı uyğunlaşdırıb. Əsər "Ölmədən öncə okumanız gərəkən 1001 kitab" adı altında "2014-un en iyi 50 romanı" seriyasından çap olunub. "Birleşik Kitabevi"nin 2015-ci il nəşrlərindən olan "Yetim" türk dünyası oxucuları üçün nəzərdə tutulub və satışı Türkiyədə həyata keçirilib.

Yazıçı 2004-cü ildə "Qılınc və Qələm" mükafatına, 2010-cu ildə "İlin qadın yazıçısı", 1999-cu və 2010-cu illərdə prezident təqaüdünə layiq görülüb.

Əsərləri ingilis, fransız, rus, fars dillərinə tərcümə olunub. 2006- cı ildə "Birinci kitab”I, 2007-ci ildə İstanbulda "Hazar kıyısında yerle gök" nəsr toplusunda əsəri, 2010-cu ildə Moskvada "Kniqa pervaya" adlı kitabı, 2014- cü ildə Amerikada "Modern Azerbaijani women’s prose” almanaxında əsəri, 2015-ci ildə "Yetim”əsəri Ankarada ayrıca kitab şəklində çap edilib. Natəvan Dəmirçioğlunun əsərləri haqqında Azərbaycan, Moskva və Qazaxıstan mətbuatında bir sıra resenziyalar çap olunub.

Natəvan Dəmirçıoğlu ilə bağlı yerli dilçi alimlərimiz yüksək fikirlər söyləyirlər. Haqqında bir sıra filmlər çəklimişdir. Bu filmlərdə akademik və professorlar onun istedadına, ədəbi fəaliyyətinə böyük dəyər verirlər.

İnsan istedadlıdırsa, Tanrıdan güc alaraq istənilən zirvəni fəth edə bilər. Zəhmət çəkərsə istədiyinə əvvəl-axır nail ola bilər. Uğurlarına sevindiyim həmkarım Natəvan Dəmirçioğlu da məhz yoxuşu pillə-pillə qalxaraq bu yüksəkliyə ucalıb. Yüksəklikdən baxanda hər şey daha aydın görünən, dərkediləndir. Ona görə də tam əminliklə deyə bilərəm ki, yazıçının bundan sonra doğulacaq yeni-yeni əsərlərinin də ədəbiyyatımızda yenilik olacağı, ədəbi hadisəyə çevriləcəyi gözləniləndir. Oxucular sizdən yeni əsərlər istəyir, Natəvan Dəmirçioğlu !...

Şəlalə Məhyəddinqızı

BDU-nun doktarantı,

Azərbaycan Radiosunun əməkdaşı






SON XƏBƏRLƏR

2017-09-20
2017-09-19